“Belə bir şəraitdə istehlakçılara artıq elektrik enerjisinin yazılması yolverilməzdir və düşünürəm ki, “Azərişıq” öz işində şəffaflıq yaratmalı və proqramına diqqət yetirməlidir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son zamanlar vətəndaşlar tərəfindən tez-tez şikayət olan elektrik enerjisi borclarından danışıb.

Qurum sədri Moderator.az-a açıqlamasında vətəndaşların şikayətindən sonra “Azərişıq” rəhbərliyi ilə görüş keçirdiklərini bildirib:

“Ümumiyyətlə, mütəmadi olaraq kommunal xidmətlərdən bizə vətəndaşlar tərəfindən şikayətlər daxil olur. Burda sanki bir estafet seçilməsi var və bu bir müddət “Azərişıq” ASC-də, daha sonra bu etsafet “Azəriqaz”a verilir və “Azəriqaz” ölkə başçısı səviyyəsində tənqid olunandan sonra bu başqa qurumlara keçir. Hazırda estafet “Azərişıq”dadır. Hər gün bizim quruma ən azı vətəndaşlar tərəfindən “Azərişıq”la bağlı iki şikayət daxil olur və bildirirlər ki, onlara işlətdiklərindən artıq elektrik enrjisi borcu gəlib. Düşünürəm ki, əhali haqlıdır və dünən rəhbərliklə keçirilən görüşdə onlar öz proqram təminatlarında heç bir şəffaflığı sübut edə bilmədilər və son primitiv arqumanetləri ilə istədilər bunu əsaslandırsınlar. Lakin əhalinin və Azad İstehlakçılar Birliyinin gəldiyi qərar ondan ibarətdir ki, onlar proqram təminatı vasitəsilə süni olaraq vətəndaşlara artıq borc yazıblar. Hələ ki, bizim gəldiyimiz qərar budur, çünki ictimai rəy daim bunu söyləyir.

Onu da qeyd edim ki, elektrik enerjisi ilə bağlı qanun qəbul olunub və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Həmin qanunvericilikdə istehlakçının zərərinə olan maddələr var. Məsələn, qanunun bir maddəsində qeyd olunur ki, əgər gərginlik qalxarsa və bu zaman vətəndaşların avadanlıqlarına ziyan dəyərsə, həmin hadisəni sübut edən sənəd ancaq “Azərişıq” tərəfindən verilməlidir. Dünənki yığıncaqda dedim ki, bu maddələr dəyişdirilməlidir. Söhbətimiz zamanı məlum oldu ki, bu günə kimi hansısa bir hadisəyə görə “Azərişıq” tərəfindən heç kimə kompensasiya verilməyib. Qanunda həm də göstərilir ki, “Azərişıq” istehlakçılarla müqavilə bağlamalıdır, lakin təəssüflər olsun ki, səksən faiz istehlakçılarla heç bir müqavilə bağlanmayıb. Müqavilələr ancaq birtərəfli olub. Belə bir şəraitdə istehlakçılara artıq elektrik enerjisinin yazılması yolverilməzdir və düşünürəm ki, “Azərişıq” öz işində şəffaflıq yaratmalı və proqramına diqqət yetirməlidir. Bununla yanaşı, beynəlxalq audit onların proqram təminatının monitorinqini keçirməlidir və sübut etməlidir ki, orda heç bir müdaxilə yoxdur”.

Vasif Əlihüseyn

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here