Ən gec beş il ərzində Qarabağ problemi həll ediləcək – Leonid Kalaşnikov
Bizimsesimiz.info // Azərbaycanın Müstəqil Dövlətlər Birliyindəki rolu labüddür və olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmasa da, iqtisadiyyata verdiyi töhfələr inkaredilməzdir.
Bunu SalamNews-a açıqlamasında Rusiya Dövlət Dumasının deputatı, dövlət dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv seçilməməsinin müxtəlif səbəbləri var:
“Əsasən siyasi səbəbləri var. Rusiya üçün Azərbaycan Respublikasının bu birlikdə də yer alması vacibdir. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Komitə sədri, Azərbaycanın bu birlikədə yer almamasının səbəblərini izah edib.
“İlk növbədə problemlər həll olunmalıdır. Problemlərin həlli üçün beynəlxalq təşkilatları gözləməyə dəyməz. Bizim prezidentlərin mövqeyi əsas götürülməlidir. Gördüyümüz kimi 25 il ərzində nə Amerika, nə də digər təşkilatlar bizim problemin həlli ilə məşğul oldu, heç bir problem həll edilmədi və həllini tapmadı”,- deyən L.Kalaşnikov, problemlərin həlli üçün, maraqlı tərəflərin – Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin intensiv görüşlərinin vacib olduğunu qeyd edib.
“Qarabağ problemi həll edilməlidir. Bunun üçün hər üç prezidentin mövqeyi lazımdır. Qeyd etməliyəm ki, prezidentlərimizin münasibəti həm siyasi, həm dövlətçilik, həm də dil baxımından olduqca yaxındır. Əlbəttə ki, hər bir prezident öz ölkəsinin maraqlarını güdür və müdafiə edir. Məncə ən gec beş il ərzində prezidentlərimizin səyi nəticəsində Qarabağ problemi həll ediləcək”, – deyə Rusiya dövlət dumasının deputatı vurğulayıb.
Açıqlamasında Azərbaycanın rus icmasından, rusdilli məktəblər və universitetlərə göstərilən qayğıdan da danışan Leonid Kalaşnikov Rusiya Dövlət dumasının sədrinin bu ilin sonuna yaxın Azərbaycana səfər edəcəyini bildirib: “Bakıda həmkərlarımızla görüşərək Azərbaycan və Rusiya münasibətlərini təhlil edib, əməkdaşlığın daha yüksək səviyyə çatıdırlması üçün çalışacağıq.”