Azərbaycan millisi və “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov futbolpress.az saytına müsahibə verib.
Bizimsesimiz.info müsahibədən maraqlı hissələri təqdim edir:

-Qurban Qurbanov futbolçu olmasaydı, hansı sahəyə gedərdi?

-Yəqin ki, yenə idmanda olardım. Düzü, valideynlərim, xüsusilə anam oxumağı çox tələb edirdi. Hətta 8-ci sinifə kimi bütün qiymətlərim əla olub. Amma 9-cu sinifdən peşəkar futbolla məşğul olmağa başladım. Zaqatalanın “Daşqın” klubunda oynayırdım həmin vaxt. Bundan sonra qiymətlərim yavaş-yavaş aşağı düşdü.

-Futboldan başqa hansı növ sizi daha çox maraqlandırır?

-Ümumiyyətlə, bizim zona güləşə daha meyllidir. Həm cüdo, həm klassik güləşi və s. nəzərdə tuturam. Mənim də bu sahəyə marağım var idi. Bəzən güləşlə məşğul olanlarla bir yerdə olurdum. Hətta özüm də məşq edirdim.

-Bəs sükanda necə, sürəti sevirsiniz?

-Bəli, sükanda sürəti çox sevirəm.

-DYP necə sizi saxlayıb?

-Çox saxlayıblar. Bəzən də elə olub ki, saxlayandan sonra biliblər kim olduğumu. Deyiblər ki, tanımadıq, üzürlü hesab elə. Yəni bu dərəcədə yaxşı yanaşırlar mənə.

-Səhv sizdə olsa da?

-Həmişə səhv olanda saxlamayıblar. Bəzən yanlışlıqla baş verib. Ola bilsin, şübhələnib saxlasınlar, yaxud yoxlamaq məqsədilə. Qaçdığım vaxt olmayıb. Nə vaxt işarə veriblərsə, saxlamışam. Amma belə, maşını sürətli idarə etməyi xoşlayıram.

-Geyim tərzində sizin üçün əsas olan nədir?

-Hər bir insanın öz zövqü var. Hamı nəsə alanda onun necə göründüyünə, rənginə fikir verir. Konkret bir tərzdə geyinməyə meylli olduğumu deməzdim. Amma daha çox idman üslubunu xoşlayıram. Hansısa oyunla bağlı mütləq bu geyimdə getməliyəm fikri heç vaxt olmayıb. Amma xoşlayıram ki, adi bir köynək də geyinsəm, əynimə biçilmiş olsun.

-Amma bəzən kostyum geyinirsiniz. Bu, xüsusi oyunlar üçündü?

-Avropa oyunlarında buna daha çox diqqət ayırıram. Ümumiyyətlə, komandanın baş məşqçisi kimi fərqlənmək bəzən vacib olur.

-İdmanla yeməyin arasındakı sərhədi necə müəyyənləşdirir, əlaqəni necə qurursunuz?

-Yeməyi xoşlayan insanam. Amma idman eləyib, yeməyi daha çox sevirəm. Həm iştahım çox olur, həm rahat hiss edirəm ki, artıq çəki problemi olmayacaq. Bəzən elə olur ki, rejimi pozuram. Bu hər insanda olur. 2-3 gün istəyirsən ki, daha çox yeyəsən.

-Xüsusi sevdiyiniz yeməklər varmı?

-Plovu həddən artıq çox xoşlayıram. Quzu kababı sevimli yeməklərimdəndi. Yağlı, kalorili yeməklərdi əsasən. Ümumiyyətlə, evdə hazırlanan, öz milli yeməklərimiz xoşuma gəlir.

-Hansı ölkədə olmaq istərdiz?

-Mənim belə bir xarakterim var ki, hara da getsəm, Bakıda istirahət etməyi daha çox xoşlayıram. Gənclik dövrlərində daha çox rayona getmək istəyirdim. Hətta Rusiyada oynadığım vaxtlarda Bakıya gələn kimi dərhal rayonumuza getmək istəyirdim. Orda özümü olduqca rahat hiss edirdim. İndi Bakıda yaxın insanlarla bir yerdə olmağı daha üstün tuturam, nəinki xaricdə olmağı.

-Qurbanov və musiqi mövzusu çox maraqlıdı…

-Əvvəllər çox marağım olub. Lap çox…

-Səhv eləmirəmsə, Viktor Çoyu dinləməyi sevirsiniz…

-O qədər də çox dinləməmişəm. Günü-gündən ya vaxt azlığından, ya da bəlkə hisslər zəifləyib deyə çox dinləmirəm. Ümumiyyətlə sonuncu dəfə nə vaxt oturub musiqiyə qulaq asdığım yadıma gəlmir.

-Bəs filmlərdən hansılarına baxırsız?

-Hamı kimi “Kurtlar Vadisi”nə baxırdım. İndi “Eşkiya Dünyaya Hükümdar Olmaz” adlı serial gedir. Buna da əsasən saat uyğun gəlir deyə açıb baxıram.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here