1918-ci il 15 sentyabr qələbəsi ilə bağlı yeni faktlar
Bizimsesimiz.info // Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 97-ci ili tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. Bu tarixin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.
… 99 il öncə, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılıb, mayın 28-də Azərbaycan müstəqilliyini elan edib. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə olub.
Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəlib. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edilib. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Məhz belə vaxtda Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu Azərbaycan tarixində dəyəri 28 may qədər ölçüləcək bir tarixi hadisəyə 15 sentyabr Bakının işğaldan azad olunmasını reallaşdırdı.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Modern.az saytına açıqlamasında 15 sentyabr hadisələri ilə bağlı yeni bilgilər verib.
Araşdırmaçı alim əvvəlcə ingilislərlə Şaumyanın Bakı və Bakı nefti üzərində qurduqları mənfi plandan və Bakıya gələcək türk ordusuna qarşı təxribatdan danışır:
“Stepan Şaumyan Bakıda 1500 əsgərdən ibarət 39-cu ingilis briqadasının rəhbəri ingilis general Laynl Denstervillə razılaşmışdı ki, Bakı neftinin ixracını həyata ingilislər keçirəcək, maliyyəsini isə erməni xristian icması alacaq. Bunun üçün türklərin ölkəyə gəlməsinin qarşısı alınmalı idi. Bu məqsədlə də Şaumyan Bakıdakı rus və ermənilər vasitəsilə türk olmayan xalqlara ünvanlanan vərəqələr yayaraq, onların milli hisslərini oyatmağa çalışırdı, əli silah tutanı cəbhəyə çağırırdı. İyulun 24-dəki bildiriş belə idi: “Yoldaşlar! Vəhşi Türkiyə bizim üstümüzə ordu göndərmişdir. Silaha sarılan Bakı fəhlə və kəndliləri bu orduya qarşı ayağa qalxdılar və qəhrəmanca döyüşərək isbat etdilər ki, inqilab uğrunda mübarizə aparmağı və ölməyi bacarırlar. Öz aramızda yeni birliklər qura bilərik. Bu surətlə, yorulan və geri çəkilən birliklərimiz, bir müddət dincəlmək imkanı əldə edər. Sonra yenidən gəlib silaha sarılar və düşmənlə savaşar”.
Tarixçi alim sonrakı qeydində “Bakıda çoxsaylı erməni qırılıb” deyənlərə də cavab verir:
“Əgər türklər ermənilərı məhv etsəydilər, niyə Mürsəl paşa müraciətdə deməli idi: “Bakıdakı Erməni Milli Şurasının rəhbəri Bakının ətrafında Türk Qafqaz İslam Ordusunun döyüşdüyünü və şəhəri mühasirəyə aldığını bilirsiniz. Əgər şəhəri döyüşsüz təslim etsəniz, milli və dini mənsubiyyətindən asılı olmayaraq, Bakıdakı bütün insanların hüququ qorunacaqdır. Xüsusilə Ermənistana getmək istəyən ermənilərə heç bir maneə törədilməyəcəyinə zəmanət verirəm. Əgər şəhər təslim olmasa, axıdılacaq qanlara və dəymiş zərərə görə cavabdeh siz olacaqsınız. Şəhəri təslim etməyə razısınızsa, tezliklə cavabınızı adamlarınızla göndərin”.
Zaur Əliyev bəzi mənbələrdə yazılan tarixi təhriflərə də aydınlıq gətirir. Bu təhriflərin biri də 1918-ci ildə türklərin guya Bakıda talanlar törətməsi idi:
“O dövrün şahidi olan Manaf Süleymanov yazır: “Özünə aid olmayan əşyanı yerdən götürənlər, qarət edənlər, zor işlədənlər dar ağacından asılacaqdı. Dükanlarda, həyət-bacada, küçələrdə bir kəsin malına, var-sərvətinə əyri baxan yox idi. Oğurluğun kökü kəsilmişdi. Əliəyrilər, peşəkar oğrular belə cürət edib başlı-başına qalmış qiymətli şeyləri götürmürdülər; gözucu belə baxmırdılar. İsabəy Hacınskinin evinin qabağında içi bahalı xəz palto, güzgülü, qədim bir şifoner, ipək və yun paltarla dolu, qapısı azca açıq, səkidə qalmışdı, qorxudan heç kəs cürət edib yaxınlaşmırdı, görünür qarətçilər macal tapıb apara bilməmişdilər. İki gündən sonra həmin şeyləri komendaturadan gəlib apardılar. Var-dövlətə gözucu belə baxmırdılar. Qonum-qonşu, ağsaqqallar gedib komendantlığa xəbər verirdilər ki, küçəmizdəki parça ilə dolu çamadan, qiymətli əşya olan sandıqça, xalça, gəbə, xalını gəlin aparın, düşmənçiliklə bizi şərə salarlar, Bir çörək satanın müştərilərdən bir şahı artıq aldığına görə qulağını dükan qapısına mıxlamışdılar. Şərab satmaq, içmək, tiryək çəkmək qadağan edildi”
Araşdırmaçı sonda 1918-ci il 15 sentyabr tarixinin nə dərəcədə önəmli olduğunu bu faktla əsaslandırır:
“Bakıya girən türk ordusu xalqın ermənilər və ruslar tərəfindən qətliamının qarşısını aldı. Şərq Ordusu Qrupu komandanı Xəlil paşa Bakıda yaşayan əhalinin qarşılaşdığı erməni və rus vəhşiliyini bu cümlələrlə bildirmişdi: “Bakı ingilislərin nəzarəti altında olarkən ermənilər və bolşeviklər yerli xalqa qarşı geniş bir qətliam hərəkatına başlamışdılar. Ermənilər şəhərin hər məhəlləsində türklərin cəsədlərindən bir qala qurmuş və bütün vəhşiliklərini ortaya qoymuşdular. Kiçik uşaqlar qala bürcləri olmuş, qadınlar ayıb yerlərindən süngülənmiş və bıçaqlanmışdılar”.