Bizimsesimiz.info // Otuz bir avqust, İşğal günü. Canımın qan yaddaşı, Ömrümün yol-yoldaşı.

Ruhuma, canıma axan Bərgüşadın, Həkərinin laylası. Bir də ki, bir də ki, həsrətimin göz yaşı. Yüz illik, min illik Azərbaycan savaşı. E he he hey ey Qubadlılar. Hanı o günlər? Hanı ərənlərin, ər oğulların hanı?!

Əliyarın, Həsənin, Balakişin, İslahın, Səidin, Mətləbin, Həmzən hanı?!

Hanı adını çəkmədiyimiz şəhidlik zirvəsinə ucalan vətən fədailərin hanı?!

25 ildir dədə yurdun həsrəti ilə qovruldun.

Ümidin qırıldımı? Qovuşa bilmədin buz bulaqlara, yaşıl yamaclara, uca dağlara qovuşa bilmədin.

Adımıza ad qoydular. Gah qaçqın dedilər, gah da didərgin, köçkün dedilər. Qubadlılar döyüşmədi, min-min böhtan dedilər.

Qubadlıda hər küçədə, hər kəntdə, neçə şəhid abidəsi ucaltdın.

Sumqayıtda xiyabanı doldurdun, yenə də azdır dedilər.

Neçə illər döyüşdünüz, dözdünüz. Düşmənin həmləsini durmadan dəf etdiniz. Nəyin xatirinə kimdən ötəri? Satılmışlar satdılar. Yaman yerdə axşamladın.

Qoruya bilmədin şöhrətini, qəhrəman şəhər adını qoruya bilmədin.

Gözləri götürmədi, gözləri çıxmışların. Fizuli, Cəbrayılı satdılar. Düşmən arxadan girdi, içindəki düşmənlər də öz işini gördü.

Vətənində vətənsiz qaldın. Azərbaycan adlı məmləkətdə, hər şəhərdə, hər bölgədə məskunlaşdın.

İstəsəndə-istəməsəndə sənə qaçqın dedilər. Sıxıla-sıxıla, çəkinə-çəkinə böyüdü övladların. Didərgin, köçkün adını daşıya-daşıya təhqirlərə məruz qaldın. İçin özünü yandırdı, çölün özgəni. Qayğına qalıb, dərdini bilən olmadı. Bilənlər də bilməməzliyə qoydular özlərini, ancaq təəssüflənmə. Qovuşarıq İnşallah, qovuşarıq Qubadlıya, Ana yurda, doğma elə qovuşarıq. Qovuşarıq Həkərinin sədasına, Bərgüşadın laylasına qovuşarıq.

Qovuşarıq İnşallah.

İmadəddin SƏLİM, Qarabağ Qazisi

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here