Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 17-ci hissəsi

( əvvəli ötən sayımızda )

Səddam Küveytin ilhaqıyla bağlı iqtisadi və siyasi faktları isə belə demişdi:
“ – Bilindiyi kimi, İraq ilə Küveyt arasında bu günə qədər bir sərhəd xətti müəyyənləşdirilməmişdir. İllərdən bəri İraq ilə Küveyt arasındakı görüşlərdə bir ixtilaflı bölgədən bəhs olunmuşdur. Bu ixtilaflı bölgə Bəsrə körfəzindəki Bubiyan və Vorba adalarını əhatə etməklə yanaşı, Küveyt torpaqlarının da təqribən yarısını ehtiva edir. Bu bölgə İran-İraq savaşına qədər Küveytlə aramızda bufer zona olaraq qalmşdır. Bu bufer zona həddən çox zəngin neft yataqlarına malikdir. Buradakı ehtiyatlar Küveytin bütün ehtiyatlarının təqribən yarısı qədərdir və yerin altından bizim neft yataqlarımızla bağlıdır. Buradan neft çıxarılarsa, bizim neft mənbələrimiz zəifləyəcək və istehsalımızın səmərəliliyi aşağı düşəcəkdir.

İran-İraq savaşı əsnasında bizim çətin vəziyyətimizi fürsət bilib Amerikanın təşviqiylə bizim icazəmiz olmadan bu bölgədən böyük miqdarda neft çıxartdılar. Savaş boyunca etirazlarımıza əhəmiyyət vermədilər. Biz İran savaşı ilə məşğul olduğumuz üçün bu işin haqq-hesabını müharibədən sonraya saxladıq. Savaşdan sonra yaralarımızı sarımağa başladıq. Müharibə xərcləri səbəbindən Küveyt və Səudiyyə Ərəbistanından böyük miqdarda borc götürmüşdük. Bu borcların hissə və faizləri iqtisadiyyatımıza çox ağır yük gətirmişdi. İnkişafımızı qeyri-mümkün edirdi. Bu vəziyyət qarşısında məcbur qalıb Səudiyyə Ərəbistanı və Küveytə müraciət etdik. “Biz bu müharibəni eyni zamanda sizin üçün də etdik. Bu ağır yükdən qurtulmağımıza kömək edin. Borcların bir hissəsini silin və bizə ayağa qalxmaq üçün maliyyə dəstəyi verin” dedik. Bundan başqa, Küveytdən də ixtilaflı bölgədən çıxartdığı böyük miqdardakı neftdən haqqımızı istədik.

Bu istəklərimizi Səudiyyə Ərəbistanı anlayışla qarşıladı və istəklərimizi yerinə yetirdi. Küveyt isə təkcə rədd etməklə kifayətlənməyib, imperializmin üzərimizdə həyata keçirmək istədiyi planlara alət oldu. ABŞ-ın təlqinlərinə tabe olaraq bufer zonadan neft çıxarmağa davam etdi. OPEK-də həm neft qiymətlərinin qalxmasına mane oldu, həm də nefti dünya bazarlarında ucuz qiymətə sataraq qiymətlərin daha da aşağı düşməsinə səbəb oldu. Küveyt bütün bunları edərkən, ABŞ onsuz da bizi hədəfə almışdı. İran-İraq müharibəsindən müasir silahlara malik, təcrübəli və güclü bir orduyla çıxdığımızdan və İsrail təhdidləri qarşısında ordumuzu tərxis etmədiyimiz üçün ABŞ bizim hərbi gücümüzü bir yandan İsrailə qarşı, digər yandan da Körfəz neftini öz nəzarətində saxlamaq strategiyasına bir maneə olaraq görürdü. Bu səbəbdən də ABŞ və Qərb ölkələri birgə olaraq bizə qarşı addım-addıım faktiki embarqo və iqtisadi təzyiqlər etməyə başladılar. Bizi əzmək üçün reallaşdırılan bu planlar pik nöqtəsinə çatdıı. O vaxt Bağdad konfransını keçirərək sizə vəziyyəti bildirmişdim. Amerikadakı sionist lobbinin o günlərdə verdiyi qərarlar haqqında məlumat vermişdim. Sonra Ərəb Ölkələri Birliyinin toplantısında və İslam Konfransında eyni şəkildə vəziyyəti müsəlman ölkələrin nümayəndələrinə bildirdim. Bundan başqa, bu ölkələrin nümayəndələriylə keçirilən ikili toplantılarda da istəklərimizi israrla dilə gətirdik. Ən son Ciddədə keçirilən toplantıda belə, Amerikanın təsiriylə Küveyt tələblərimizi rədd etdi. Belə olan halda, Küveyti ilhaqa məcbur qaldıq.”

Çıxışının böyük bir hissəsində hadisələrin inkişafını və bulunulan nöqtəni qeyd edən Səddam söhbətinin nəticə hissəsində gələcəklə bağlı düşüncələrini də belə yekunlaşdırdı:

“ – Biz bölgədə əmin-amanlıq və sülh istəyirik. Körfəz böhranının sülh yoluyla həllinə tərəfdarıq. Səudiyyə Ərəbistanını işğal etməyə niyyətimizin olmadığını sübut etmək üçün hər cür təminat verməyə hazırıq. Tətbiq olunan embarqo və mühasirəyə qarşı hər bir ehtiyat tədbiri görülübdür. Biz ilk gülləni atan olmayacağıq. Fəqət, imperialist güclər bizi işğal edərsə, onlara layiqli cavabı verəcəyik. Bunu edəcək gücümüz vardır. Bögədə əmin-amanlığın təmin olunması üçün, öncə imperialist güclərin Səudiyyə Ərəbistanını tərk etmələri şərtdir. Səudiyyə Ərəbistanı özünü gücləndirmək ehtiyacı hiss edirsə, bunu imperialist güclər vasitəsiylə deyil, müsəlman ölkələri vasitəsiylə etməlidir” .

Səddamın açıqlamalarını diqqətlə dinlədikdən sonra suallarımızı verməyə başladıq. İlk sualımız “embarqoya dözə biləcksiniz?” oldu. Səddamın cavabı belə oldu:

“ Baxın, İraqdasınız. Vəziyyəti gözünüzlə görürsünüz. Gördüyünüz kimi, əlli gündür bizə qarşı ən ciddi embarqo tətbiq olunduğu halda, bu embarqo bizə təsir etməmişdir. Hər şey normaldır. Çünki, ehtiyat tədbirləri gördük. Biz əsasən kənd təsərrüfatı ölkəsiyik. Dünyanın ən məhsuldar torpaqları bizdədir. Biz tarixin məşhur Mesopatomiyasında yaşayırıq. Kənd təsərrüfatı ilə məşğul olan əsgərlərimizi tərxis etdik. Heyvandarlığa və kənd təsərrüfatı istehsalına həddən artıq münasib şərtlərlə böyük kreditlər veririk. Qarşıdakı illərdə ehtiyaclarımızı təmin edəcək imkanlarımız mövcuddur. Bundan başqa, qənaət tədbirləri də etdik. Buna görə biz uzun müddət embarqoya dözə bilərik. Embarqo ilə bizi dizə gətirmələri mümkün deyildir. Siz əsas bizə embarqo qoyanların vəziyyətini fikirləşin. Bizim neft satışı və nəqlini dayandırdıqları üçün əsas onlar bu embarqoya dözə biləcəklərmi? Bizim neftimiz dünya bazarlarına çıxmadığı müddətcə, neft qiymətləri yüksələcəyi üçün bir çox ölkənin iqtisadiyyatı və dünya birjaları çökmə təhlükəsiylə qarşı-qarşıyadır. Bundan başqa, bizə mal sata bilmədikləri üçün böyük itki verən ölkələr və firmalar vardır. Onlar bu embarqonun götürülməsi üçün bizdən daha çox çalışacaqlar. Özü də, bizim xüsusilə Bağdad və Bəsrə arasındakı bölgəmiz başdan axıra qədər xurma bağlarıyla doludur. İllik xurma istehsalımız 2,7 milyon tondur. Elmi hesabatlarda da bildirildiyi kimi, xurma insanın hər cür ehtiyacını təmin etməyə kafi gələn bir qidadır. Bu səbəbdən iraqlılar təkcə xurmayla belə, illərlə yaşaya bilərlər”.

Cənab Səddam Hüseyn ilə 3 saat sürən görüşdən sonra saraydan yeni bir günün başlanğıcında sevinclə ayrıldıq. Çünki, görüşün nəticəsində Səddam Hüseyn sülh qapısını bağlamamışdı. Tam əksinə, açıqca “biz sülh istəyirik” deyirdi. Bundan başqa, bizdən öncə Körfəzdə sülhün bərqərar olması üçün onlarla təmasa keçən Birləşmiş Millətlər Təşkilatının baş katibi Perez de Kuellar və bu məqsədlə İraq xarici işlər naziri Tariq Əzizin Moskvada keçirdiyi görüşdə Sovet xarici işlər naziri Eduard Şevernadzeyə İraqın görüşlərini açıqlayarkən, “Küveyt İraqa ilhaq olunmuşdur və İraqın 19-cu vilayətidir. Bu söhbət bitdi. Müzakirə predmeti deyildir” demişdi. Halbuki, bizimlə keçirdiyi uzun görüş əsnasında Səddam Hüseyn belə bir söz söyləmədi.

Bu görüşün ardınca, sentyabrın 24-də Liviyanın paytaxtı Tripoliyə getdik. Müsəlman ölkələrindən 600-ə yaxın elm, fikir və dövlət adamının iştirak etdiyi konfransa qatıldıq. Buradakı çıxışımda Körfəz böhranının bir müharibə çıxmadan mütləq sülh yoluyla həlledilməsinin faydalarından danışdım. Çıxışımın ən önəmli təsiri isə konfransda iştirak edən nümayəndələrin tərəfkeşlik etmək yerinə, müsəlman ölkələrin hamısını qardaş bilərək sülh yoluyla həll prossesinə yönləndirmələrini və ayrı-seçkilik yerinə birlik ruhunun hakim olmasını təmin etmək oldu.

Biz bu bölgədə bu gərgin fəaliyyəti apararkən təəssüf ki, Türkiyə Körfəz böhranı prossesində yalnış yol seçmişdi. Körfəz böhranının əvvəlində İraq İran ilə 8 il sürən savaş sırasında Türkiyədən aldığı 2 milyard borcunun əvəzində qarşılıqsız hər il 1 milyard dollarlıq neft göndərəcəyini açıqlamışdı. Türkiyə ABŞ-ın təsirinə düşərək İraqın bu həddən artıq cəlbedici təklifini rədd etdi. Təəssüf ki, daha sonra qarşılıqsız alacağı bu nefti ikiqat qiymətə həm də birbaşa ödəmək üçün çox çalışdı. Bu səhv davranışı üzündən ölkəmizdə neft çatışmazlığı baş verdi və maye yanacaq qiymətləri də böhranın birbaşa təsir etdiyi ölkələrə nəzərən çox böyük miqdarda yüksəldi.

Bundan başqa, neft boru kəməri Türkiyə tərəfindən bağlandı. Bu səbəbdən də ölkəmiz ildə 500 milyon dollarlıq kommunikasiya haqqından məhrum qaldı. Digər tərəfdən, İraq sərhədi bağlandı. Iraq ilə hər cür iqtisadi əməkdaşlıq donduruldu. Bunun nəticəsi olaraq da Türkiyə ildə 800 milyon dollarlıq ixracat gəlirindən məhrum edildi. İraqda türk podratçılarınn görməkdə olduğu işlərdən ölkəmizə 500 milyon dollarlıq gəlir itirildi. Halbuki, müharibədən çıxan İraqın yenidən bərpası üçün görüləcək mühəndislik və podratçılıq xidmətləri səbəbilə Türkiyənin əldə edəcəyi gəlirlərin lap böyük məbləğə çatması mümkün idi.

Bütün bu saydıqlarımız dövlətimizin görünən açıq itkiləridir. Bu qərarların xalqa və iqtisadi həyata əks edən zərərləri isə daha da böyük idi. Necə ki, bu qərarlar ucbatından Cənub-Şərqi Anadolumuzdan İraqa ilə olan nəqliyyat əlaqələri və iqtisadi həyat dayandı. Məbləği 9 trilyon lirə olan 30 000 ağır tonnajlı yük maşını və bunların sürsücüləri işsiz qaldı. Bu milli sərvət çürüməyə buraxıldı. Ağır tonnajlı yük maşınları dayanınca bölgədəki restoranlar bağlandı, dükanların pərdələri örtüldü.

İşin ən acınacaqlı tərəfi isə Türkiyə hökumətinin ABŞ-ın istəyinə görə əvvəlcə heç bir qarşılıq almadan embarqo tətbiq etməsi, beləcə bazarlıq gücünü tamamilə əlindən qaçırdıqdan sonra Amerikadan Türkiyənin zərərinin ödənməsini xahiş etməsi idi.

Türkiyə diplomatiyası Buş və İsrailə özünü ö dərəcədə adaptasiya etmişdi ki, heç bir manevra imkanı qalmamışdı. Özünü bu vəziyyətə saldıqdan sonra heç kəsdən dəstək ala bilmirdi. Üstəlik, Körfəz ölkələri ABŞ-ın və Qərb hərbçilərinin çox ağır xərclərini ödəyirdi. Bu şərtlər altında Türkiyəni yubandırmaqdan başqa nəsə etmələri mümkün deyildi. Körfəzə gələn xarici hərbi güclərin xərcləri çox böyük miqdara çatmaqdaydı. Məsələn, İngiltərə parlamentində aparılan müzakirələrdə 5000 ingilis hərbçisi üçün ildə 2 milyard dollarlıq xərcdən bəhs edilmişdi. Buna görə Körfəzə göndərilən 300 000 xarici hərbçinin hərbi xərcləri inanılmaz dərəcədəydi. Bu pulun ödənilməsi Körfəz ölkələrinə onsuz da illərlə sürəcək ağır bir öhdəlik gətirirdi.

Biz Koreyada amerikalıların əmri altına əsgər göndərdiyimiz üçün bizi NATO-ya qəbul etmişdilər. Türkiyə xarici siyasəti indi də eyni xətanı işləyir. Körfəz böhranında yenə amerikalıların əmri altına əsgər göndərərək bu dəfə də Avropa Birliyinə girməyi xəyal edirdi. Buna hesablanmışdı. Heyhat! Halbuki, bu xəyal imperializmin planlarına alət olmaqdan başqa bir məna daşımayırdı. Teodor Hertslin “Böyük İsrail” planının həyata keçməsinə xidmət etməkdən başqa bir anlamı yox idi.

Necə ki, ABŞ senatındakı müzakirələrdə və daha sonra açıqlanan sənədlərə görə İran-İraq savaşından sonra Amerikanın Bağdaddakı xanım səfirinin iraqlı rəsmilərə “Küveyti nə üçün tutmursunuz?” deyərək, yaşıl işıq yandırdığı ortaya çıxdı. Həmin Amerika hökumətinin Küveyt rəsmilərinə də “Nəbadə, İraqın təkliflərini qəbul edəsiniz. Arxanızda biz varıq” dediyi də məlum olmuşdu.

Bu məsələni sülh yoluyla həll etməkçün 22 gün 22 gecə sürəkli çalışdıq. Konfranslarda, toplantılarda, ikili görüşlərdə daim bu məsələni və sülhün necə təmin olacağını müzakirə etdik. O qədər çoxlu ölkə, şəhər dolaşıb və o qədər müxtəlif yerdə gecələdik ki, bəzən gecə oyanarkən hansı şəhərdə olduğumu, hansı mehmanxanada yatdığımı yadıma salmaq üçün bir müddət fikirləşmək məcburiyyətində qalırdım.

Bütün bu görüşlər sırasında ərəbcə danışıqlarda “əzmətul-xalic” (Körfəz böhranı) sözü Türkiyəyə döndükdən sonra da günlərlə qulaqlarımda cingildəməyə davam etdi.

Heyhat ki heyhat!… Çox heyf. Böhranın tərəfləri olan İraq və Küveyt hökumətlərinin bəsirətlərinin və idraklarının bağlanması, hərisliklərinin və eqolarının ağırlıq etməsi portretin hər tərəfini görməyə heç cür yanaşmamaları, etdiyimiz o qədər nəsihətin əhəmiyyət və ciddiliyini dərk edə bilməmələri sionistlərin işini asanlaşdırdı. Sionizmin oyuncağı olan Amerika və onun Qərb müttəfiqləri bütün ağır silah və qüvvələriylə İraqın üstünə töküldülər. Günlərlə İraqın böyük şəhərləri havadan bombalandı və dağıdıldı. Səhra Hərəkatıyla Səddam Hüseynin bütün quru qoşunları məhv edildi. Mülki-hərbçi ayırd edilmədən Bağdad, Bəsrə on minlərlə hücum uçuşlarıyla bombalandı. İmperializmin qarşısındakı ən önəmli səddlərdən biri olan İraq sıradan çıxarıldı. Özünü müdafiə edə bilməyəcək hala gətirildi. Küveytdə bir İraq əsgəri qalmadı. Hamısı çıxarıldılar. Ancaq İraqa keçmələrinə belə imkan verilmədi. Xalça Süpürmə Əməliyyatı adlanan vəhşicəsinə edilən bombardımanlarla geri çəkilməkdə olan bütün İraq birlikləri, zirehli texnikalar amansızcasına yandırılıb yox edildilər. Səhra yollarında on minlərlə hərbi maşın, tank və sair məhv edildi. İraq ordusunun döyüş qabiliyyəti əməlli-başlı azaldıldıqdan sonra savaş bitdi.

Körfəz böhranını möhkəm bir sülh planıyla bitirməyə çalışarkən, müsəlman ölkələrini gözləyən bu qorxunc aqibəti və nəticəni zənn etmək çətin deyildi. Müsəlman dünyası indi bərbad və xaraba halındadır. Aralıq dənizi ətrafındakı müsəlman ölkələri bir-bir imperializmin nəzarəti altına keçmiş, Türkiyə və İran mühasirə edilmişdir. Sionist əzən güclərin baltası havaya qalxmış, təpəmizə nə vaxt dəyəcək deyə gözləyirik.

Halbuki, İraq İranla əldə etdiyi razılığa bənzər, münasib şərtlərlə Küveytdən geri çəkiləcəyini, məsələni sülh yoluyla həll edəcəyini elan etsəydi, nə olardı? Təcavüzkarların ən böyük bəhanəsi əllərindən alınmış olardı. İraq əleyhində aparılan “təcavüzkar”, ”öz ölkəsində və Küveytdə zülm edir” və “İsraillə deyil, müsəlman ölkələriylə mübarizə aparır” propaqandalarının qarşısını almış olardı. ABŞ-ın əlindən Küveyt kartını almış olardı. Mənfi propaqandaya ABŞ və İsrail hədəf olardı. Müharibənin olmasını, İraqın və digər müsəlman ölkələrinin viran qalmasının qarşısını alardı. İraq qüvvələrinin və hərbi gücünün çökməsinin qarşısını alardı.

Bölgədəki Qərb gücləri yerinə müharibə deyil, sülh üçün “Müsəlman Sülh Gücü” qüvvələrinin gəlməsinə şərait yaradardı. Üstünlüyü müsəlman ölkələri əllərində saxlamış olarlardı. Müsəlman ölkələr arasında birlik təmin olunardı. İraq öz inkişafına baxardı. Prestijini, şərəfli bir güc görüntüsünü qoruyardı. Müsəlman ölkələrində dayanmış həyatın yenidən başlaması bərpa edilərdi. Müsəlman ölkələri iqtisadiyyatlarını sarsıdan ABŞ, sionist silah fabriklərinə sifariş vermək məcburiyyətlərindən xilas olardı.

Bizim bütün bu mücadilə və çalışmağımız təkcə Türkiyə üçün deyil, müsəlman dünyası və bütün bəşəriyyəti sionist zülmdən qurtarmaq üçün idi. Bu səbəbdən biləcəyik və ürəkdən inanacağıq ki, onların dağları yerindən oynadacaq gücü də olsa, mütləq qüvvət və qüdrət sahibi yalnız Cənabi Allahdır.

“Dağ” həm ağırlığın rəmzi, həm də qatılığın işarəsidir. “Hərəkət etdirib yerindən oynatmaq” ifadəsi isə imkansızlığı bildirir. Amma bu cür olsa belə, onların hiyləsi və oyunu Allahdan gizli deyildir. Allah hər şeyin yanında hazır və nazirdir, istədiyi kimi hərəkət edər.

İstismar sistemini idarə edənlərin bu tələləri və oyunları sona kimi davam edə bilməz. Allah istəsə, zalımları güclü və qüvvətli olaraq götürüb yox edər. Çünki, “Həqiqətən Allah Əzizdir, intiqam sahbidir”. Zalımı sərbəst buraxmaz. Oyun quranı öz ixtiyarına buraxmaz. Buradakı “intiqam” sözü “zülm” və “oyun” sözlərinə lazımi mənanı verir. Belə olan halda, oyun quran zalım intiqam alınmağa layiq olmuşdur. Allaha görə intiqam hiylə və oyunlarının əvəzində əzab dadmalarıdır. Çünki, ancaq cəzayla ilahi ədalət təhəqqüq edər.

Bizə düşən çalışmaqdır. Onlar necə ki iki min ildən bəri batil idealları üçün inancla və səylə çalışdılar. Biz də onlardan daha böyük səylə, cihad şüuruyla bütün bəşəriyyətin səadəti üçün canla-başla çalışmaq məcburiyyətindəyik.

(ardı var)

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here