Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 19-cu hissəsini Azərbaycan türkcəsinə uyğunlaşdırdı Taleh Hüseynov

Əvvəli Ötən Sayımızda

Biz ikinci hərəkatın aparılmasını istədik. Fəqət coğrafi bölgünü əsas götürdük. Bu səbəbdəndir ki, ikinci hərəkatın aparılmasının mütləq şərt olduğunu görürdük. Və min bir əziyyətlə ikinci hərəkatı başladıq. İkinci hərəkat dayandırılmadan da biz o hədəflərə çatmağı israrla istədik. “ – Ən azından Larnaka mütləq alınmalıdır”, – dedik. Sonradan Larnakanı almaq üçün gedən bizim qoşun komandirinə bizdən xəbərsiz “ – Xeyr, getməyin! Geri qayıdın!”, – deyə əmr verildiyini öyrəndik. Hətta o komandir “ – Cənab Ərbakan, bizi Larnaka yolundan qaytarmasaydınız daha da yaxşı olacaqdı” – dedi. Əcəvit də yanımda idi. Mən də “ – Özü buradadır. Biz qaytarmadıq. Deməli, o qaytarıbdır. Biz də bunu indi burada öyrənirik”, – dedim.

Biz Cenevrə konfransından heç nə gözləməyirdik. Çünki, Cenevrə konfransı bizim milli mənafelərimiz baxımından son dərəcə yersiz bir konfrans idi. Burada yunanlardan bizə G-5 xəttindən 5 km geriyə çəkilmək təklifi çatdırıldı. Halbuki, bu təklif bizə heç nə vermirdi. “Oldu” desəydilər, çox əleyhimizə olacaqdı. Niyə? Çünki, bir müddət sonra gələcəklər və hazırlıq görəcəklər. Yunanıstandan və başqa yerlərdən yeni qüvvə gətirəcəklər. Bizi buradan geri oturdacaqlar. Biz həm macəraya girəcəyik. Həm də çox ağır itki verəcəyik. Çünki, hərbçilər bizə hesabat verərkən, bu hərbi hərəkatın o günkü pulla 9 milyard lirəyə, yəni 500 milyon dollar xərcə başa gəldiyini, ikincisinin isə ən azı 40 000 nəfərlik qüvvələrlə aparılması lazım olduğunu, bu günə qədərki təcrübələrdə bu cür bir hərəkatda 25%-lik itkinin nəzərə alınmasını demişdilər.

Allahın böyük lütfüdür ki, bizə 500 nəfər şəhidlə bu hərəkata nail olmaq nəsib olmuşdur. Bu rəqəm ordumuzun necə bacarıqlı olduğunu göstərən bir rəqəmdir. Kıbrısda kanton sisteminin qurulmasına qarşı da çıxdıq. Bunun yunanlara sərf edəcəyini və çox keçmədən adanın Yunanıstana birləşməyinin ən rahat və qısa yolu olduğunu düşünürdük. Kıbrıs kantonlara bölünəcək. Oralarda bizim muxtarlarımız olacaq. Amma idarəetmə onlarda olacaq. Bu necə bir şeydir? Yəni, yunanları tanımadan edilmiş xəyali bir təklifdir. Ona görə də biz qətiyyətlə bunun əleyhinə çıxdıq. Bu mübahisə Milli Təhlükəsizlik Şurasında da aparıldı. Allah üzümüzə baxdı ki, hərbçilər bizim tərəfimizi saxladı. “ – Kanton həll variantı bizə heç nə verməz. Heç bir şeyə nəzarət edə bilmərik”, – dedilər.

Biz iki müstəqil dövlət olaraq coğrafi bölgünü düşünürdük. “ – Kıbrısda coğrafi bölgü aparılsın. İki müstəqil dövlət qurulsun. Onsuz da Sülh Hərəkatı başlayarkən, bizim fikrimiz bu idi. Axırda bunu açıq şəkildə elan etdik. Biz federativ dövlət istəyə bilmərik. Sərhədləri bir-birindən qəti şəkildə ayrılmış iki müstəqil dövlət olmalıdır”, – dedik.

İndi Allaha şükür ki, adada əmin-amanlıq var. Bu neçə ildir bu əmin-amanlıq nə ilə təmin olunur? Arada dəqiq sərhədin olması sayəsində. O vaxt bu haqda danışmağı belə, böyük cəsarət hesab edirdilər. Hətta o vaxt “Sus! Etmə, eləmə!” dedilər. Niyə? Qərbli böyük qardaşların xoşlarına gəlməzmiş. Bütün dünyanı əleyhimizə qaldırmış olacaqmışıq. Yaxşı, sonra nə oldu? 10 il keçdi. Orada müstəqil dövlət qurmaqdan başqa çarə yoxdur deməyə məcbur oldular. Məsələn, ada məskunlaşdırılarkən, Maraş qəsdən boş buraxıldı. Beləcə, növbəti böyük bir səhv buraxıldı. Siz Maraşı boş saxlasanız, yunan nə düşünəcək? “Bunu mənimçün boş saxlayırlar. Elə isə, bunu mənə verin!” Yunan bunu istəyir deyə, yunandan şikayət etməyə haqqımız varmıdır?

Kıbrıs siyasətində güzəştli davranıldığı müddətcə yunan istəməyə, hər fürsətdə güzəşt qoparmağa davam edəcəkdir. Avropaya daxil olacağıq deyə, Qərbin xoşuna gələcəyik deyə veriləcək hər güzəşt yunanları daha da cəsarətləndirməkdən və tələblərini daha da çəkinmədən irəli sürməkdən başqa bir işə yaramayacaqdır.

Necə ki, bütün bunlardan sonra Butros Qali Kıbrısda əsl rolunu oynamağa başladı. Butros Qali misirli bir provoslav idi. Atası kimi özü də İslam düşməni idi. Qardaşı Yunanıstanda yaşayırdı və Vasiliunun ortağıydı. Qardaşının xanımı yunandır. Butros Qali bərabərdir BMT, bərabərdir provoslav, bərabərdir yunan deməkdir. Necə ki, Butros Qalinin atası Osmanlını yıxmaq və parçalamaq üçün bütün gücüylə çalışıbsa, oğlu da Türkiyəni və İslam aləmini parçalamaq və ortadan götürmək üçün atasından daha çox səylə çalışdı.

Butros Qali iş başına keçər-keçməz “kolbasa doğrama” metoduna başladı. Kıbrısı götürüb dilim-dilim yunanlara, Yunanıstana verəcək planı icra etməyə girişdi. O planın hyata keçməsi üçün kolbasanın ilk dilimi olaraq “Əvvəlcə Maraşı və Gözəlyurdu verməlisiniz. Ondan sonra digərlərini müzakirə edərik” prinsipini ortaya atdı. Türkiyəyə verdiyi ultimatomda “Maraşı verməlisiniz. Yunanlar Maqosa qalasının dibinə qədər gəlməlidir. Bütün bölgəni onlar idarə etməlidirlər” deyirdi. Onların nəzarətindəki Lefkoşa hava limanı onların mehmanxanalarına turist daşıyacaq, amma Ərcan hava limanı bağlanacaqdır.

Bu nə hərislik, bu nə ikili standartdır?! Ortada Bosniya, Azərbaycan soyqırımları və faciələri varkən, Fələstin və Kəşmirlə bağlı BMT-in saysız-hesabsız qərarlarının heç biri icra olunmadığı halda, nədən onlar əhəmiyyətli sayılmır, Kıbrıs haqda verilən qərarlar bu qədər mühüm olur? Çünki, o qərarlar müsəlmanların soyqırımlarıyla bağlıdır. Onların icra olunmaması lazımdır. Halbuki, Kıbrıs haqqında verilən qərar isə Kıbrısdakı müsəlmanları aradan götürüb adanı xristianlara, yunanlara vermək planıdır. Provoslav keşiş Butros Qali bunun üçün işini-gücünü buraxıb Kıbrısla məşğul oldu.

Hadisələr bununla da bitmədi. Məşhur Amerika xarici işlər naziri Kristofer Vorn Ankaraya gəldi. Altı saatın içində prezidentlə, baş nazirlə, xarici işlər naziriylə görüşdü. Bütün bunlar altı saatın içərisində olur. Niyə? Hamı hazır dayanıb, bunu gözləyir. Ona görə. Halbuki, rəhmətlik Özal Klintonla görüşmək üçün Amerikada bir həftə gözləmişdi. Bizim prezident orada görüş növbəsi almaq üçün bir həftə gözləyir. Buraya onların bir adamı gələndə hər kəs sıraya düzülür. Əlində də bir xoruz şirnisi gətiribdir. Bu Kristofer deyir ki, sizə 50 ədəd A-10 təyyarəsi verə bilmək üçün Senata müraciət etdik.

Fikir ver bu işə! Nə böyük bir “lütfdür”. “Verəcəyik” də deməyir. “Vermək üçün Senata müraciət etdik” deyir. Başqa nə deyir? “Bu A-10 təyyarələri Amerika ordusunda hələ istifadə olunur”. Sözə baxın! “Hələ istifadə olunur” nə deməkdir? “Biz bunları metalloma vermək üçün atılacaq zibilxana axtarırıq” deməkdir. Amerika yardımı dedikləri şey bax budur.

Bundan başqa, Türkiyəyə Kobra helikopterləri vermək üçün də istəkliymişlər. Amma bunların miqdarını, vaxtını sonra müəyyən edəcəklərmiş. Yəni Maqosanı verəcəksən, Gözəlyurdu verəcəksən! Ondan sonra Kobraların sayı müəyyən olunacaq. İki dənə xoruz şirnisi göstərir. Əvəzində iki dənə xəncərini saplayır.

15 may 1919-cu ildə yunanlar İzmiri niyə tutdular? “Biz Anadolunu, Bizansı alacağıq” dedilər. Kıbrısda 1960-1963-cü illərdə qurulan qarışıq hökuməti nə üçün devirdilər? “Bura onsuz da bizimdir” dedilər. Bunların onsuz da Meqalo ideyası məlumdur. Yalnız Kıbrısı deyil, bütün Anadolunu istəyərlər. Ona görə bir zərrə də olsa, güzəşt verilə bilməz. Buna görədir ki, bu həqiqəti bir daha hayqırıram. Şəhid qanıyla alınan vətən torpağı satıla bilməz. Kim bu yola baş vuracaq olarsa, təkcə şəhidlər və bugünkü nəsillər deyil, gələcək nəsillər tərəfindən də lənətlənəcəkdir. Bizim “Kıbrıs məsələsi” adlı bir məsələmiz yoxdur. Kıbrısdakı yeganə məsələmiz müstəqil ŞKTC (Şimali Kipr Türk Cümhuriyyəti) – in müsəlman ölkələrə tanıdılması, ŞKTC – in mənən və maddətən güclənməsini təmin etməkdir.

(ardı var)

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here