Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 21-ci hissəsi

Əvvəli Ötən Sayımızda

MAARİF DAVAMIZ

Hələ iki əsr əvvələ qədər Parisdə Sarbonna Universitetində kürsüyə çıxan professorlar bizim alimlərimizin elmi qiyafətini geyməyi özləri üçün fəxr hesab edirdilər. Halbuki, bu gün hansı haldayıq? Bu gün təhsil sistemimizin halı necədir? Başqa sözlə, bu gün öz maarif sistemi özü üçün insan yetişdirə bilməyən yeganə millət olduq. Təhsil proqramına öz tariximizi pisləmək, mövcud olmadığını hesab etmək, kiçik göstərmək üçün hər şeyi qoyduq. Qərbin qeyri-kafi dünya görüşünə qibtə edən şəxsiyyətsiz, təqlidçi, cılız, süni hədəflər qarşımıza qoyuldu. Mədəniyyət və irfan işğalçılarının ev sahibi olduğu, həqiqi ev sahibinin isə öz düşüncə evinə yadlaşdırıldığı bir hava meydana gəldi. Övladlarımız milli şüur və şəxsiyyətdın uzaq qaldı.

Bu gün ibtidai məktəbin birinci sinfində əlifba “Qaya uyu, uyu, yat uyu”, – deyə başlayır. Bizim quracağımız yeni maarifdə uşaqlara hər şeydən əvvəl kainatın yaradıcısı tanıdılacaq və ondan sonra “Qaya uyu, uyu, yat uyu” yerinə “Mehmet qalx, oyan, çalış!” deyiləcək. Milli Görüşçü təhsil sistemində əxlaq və mənəviyyat əsas olacaqdır. Böyük və şanlı tariximizlə iftixar edən, keçmişinə bağlı, adət-ənənələrini qoruyan, hər cür təqlidçilikdən uzaq yeni nəsilləri yetişdirmək olacaqdır. Beləcə, bugünkü maddəçi və rəngsiz təhsil yerinə həqiqi milli təhsil qurulacaqdır.

Məktəblərdə uşaqlarımızın qəlblərini əxlaq və mənəviyyatla, milli-mənəvi dəyərlərlə doldurmasaq hansısa qanuni tədbirlərlə qəlbləri boş olan uşaqları bu yanlış yollardan çevirmək olmaz. Proqramımızı boş terminlərdən azad etməliyik. Uşaqlarımıza təkcə qurbağaların çoxalma sistemlərini danışmaqla deyil, ədəbi, həyanı, iffəti öyrətdiyimiz təqdirdə adam olacaqlarını anlamalıyıq.

Uşaqlarımız 15 il oxuduqları halda ədəb, iffət, həya kəlmələrini eşitməyirlər. Halal nədir, haram nədir bilməyirlər. Övladlarımızı vətənə, millətə yararlı uşaq etmək istəyiriksə, təhsil sistemini əvvəldən axıracan yenidən qurmalıyıq. Ölkəmizi müəyyən ifrat hərəkətlərdən qorumaq üçün də məktəbdə övladlarımız öncə “Allah” deyərək dərslərinə başlamalıdırlar. Əks təqdirdə halal, haram, Axirət, haqq-hesab gününün nə olduğunu övladlarınıza öyrətməsəniz arzuolunmaz nəticələrin qarşısını ala bilməyəcəksiniz. Təhsildə şüur olarsa, ailədə xoşbəxtlik olar. Təhsil səadət və əmniyyətin gəlməsi üçün hamımıza əvvəlcə nəfsimizin nə olduğunu tanıdacaq. Hamımıza nəfsimizə hakim olmağı öyrədəcək. Bütün məmləkətinin hər quruluşunu bir məktəb sayaraq, beşikdən məzara qədər öyrənmə mükəlləfiyyətiylə bir təhsil səfərbərliyinə girişməliyik.

Bu yolda əsas yanaşmalarımız “kişiyə, qadına – hər kəsə elm” ilə “ya öyrən, ya öyrət”dir. Milli Görüş olaraq əsas hədəflərimizdən birisi də hər bir bölgədə bir texniki universitet, bir ümumi elmlər universiteti, bir də mənəvi elmlər universiteti açmaqdır. Bundan başqa din tədrisinə böyük əhəmiyyət verməliyik. Bunun üçün də Ali İslam Universitetini inkişaf etdirməli, din xadimlərinin maddi və mənəvi imkanlarını yaxşılaşdıraraq ictimai statuslarını yenidən tənzimləməliyik.

Faydasız, əsilsiz, nəzəri biliklər yerinə fayda qayəsini əsas planda tutan bir təhsil anlayışına keçməliyik. Kənd təsərrüfatı mühəndislərimiz məmləkətimizin əkinçiliyinin inkişafından ötrü toxumun, toxumçuluğun inkişafı üçün çalışmalı və bugünkü əkinçiliyimizin qeyri-məhsuldar haldan qurtulması üçün səfərbər olmalıdır.

Mühəndislərimiz Avropadan gələcək ehtiyat hissələrin kataloqunu tərtib etmək üçün deyil, öz traktorumuzu, öz tankımızı, öz təyyarəmizi, öz mühərrikimizi öz məmləkətimizdə emal etmək üçün yetişməlidirlər. Texniki universitetlərimizin araşdırmaları və bu məmləkətin məsələləri üçün universitet ilə sənaye quruluşları əməkdaşlıq içində olmalıdırlar. Hər sahədə ən böyük alimlərin, ən böyük ariflərin yetişməsi üçün çalışmalıyıq.

Dini tədris və təlim ölkəmizin mənəvi bütövlüyünün qüvvətlənməsi üçün qaçılmazdır. Dini qurumlarımızın hər cür siyasi təsirdən uzaq qalması üçün də lazımi tədbirlər alınmalıdır.
Dinin hər cür istismardan qurtulması üçün də tədris yoluyla millətimizin bu cür qeyri-səmimi cəhdlər qarşısında təlqinə qapılmayacaq şəkildə maarifləndirilməsi şərtdir. Millətimizə ediləcək ən böyük pislik təhsil həyatında, öz dinini həqiqi qaynağından öyrənmək imkanından məhrum buraxmaqdır. Millətə xidmət edəcək bütün səlahiyyət sahiblərinin millətin dini və mənəvi dəyərlərini ən doğru şəkildə bilməsi şərtdir.

İmam-Xatib məktəblərinin və İlahiyyat fakültələrinin elmi səviyyələrinin və potensiallarının ehtiyaca uyğun vəziyyətə gətirilməsi şərtdir. Ən azı müvafiq məktəb və fakültələrin sahib olduğu qanuni haqq və imkanlara onlar da sahib olmalıdırlar. İstər ölkəmizin maddi və mənəvi tərəqqisində, istərsə dövlət və millətin qaynayıb-qarışmasında və bütünləşməsində din xadimlərinin üzərinə böyük vəzifələr düşür. Diyanət Təşkilatı üzərinə düşən vəzifələri nöqsansız bir şəkildə yerinə yetirə bilməsi üçün yeni imkan və vasitələrlə təchiz olunması və icra etdikləri vəzifənin şərəfi və səviyyəsiylə mütənasib imkan və şəraitə malik olması qaçılmazdır.

Tərəqqidə əxlaq və mənəviyyat əsasdır. Buna görə bu millətin mənəvi dəyərlərinin artırılması üçün ziyalı din adamlarının yetişdirilməsinə güc vermək lazımdır. İmam-Xatib məktəblərinin açılmasını nəinki məhdudlaşdırmaq, bacardıqca çoxaldılmalıdır. Tarix boyunca idealist olmuş böyük bir millətin övladlarına təkcə materialist metodlarla əzbərçiliyə qaçan bir təhsil vermək qədər xətalı bir siyasət ola bilməzdi. Necə ki, qəlbləri və beyinləri milli idealdan məhrum qoyan bu xətalı gedişat qısa zamanda zərərli meyvələrini verməyə başlayıbdır. Bu boşluqdan istifadə etməyi bacaran bölücü və dağıdıcı cərəyanlar ölkə bütünlüyümüzü təhdid edən bir hala gəliblər. Məsələnin ən acınacaqlı tərəfi isə öz ideologiyalarını bu əziz millətin puluyla qurulan təhsil müəssisələrimizdə övladlarımıza aşılayıblar.

Texnologiya nə qədər inkişaf edirsə etsin, hər bir sahədə tərəqqinin ən baş ünsürü insandır. İnsan ünsürü nə qədər sağlamdırsa, nə qədər əxlaq və xarakterə malikdirsə, tərəqqidə o qədər güclü olacaqdır. İnsan ünsürü əxlaqca pozulubdursa, bu pozulmuş materialla yaranacaq rəsmi və ya qeyri-rəsmi quruluşlar səmərəsiz və dağıdıcı olacağından çəkilən əmək, xərc, zəhmət boş-boşuna gedəcəkdir.

Qanunlar və nizamnamələr nə qədər mükəmməl olursa olsun, onu tətbiq edəcək insanın içərisinə haqq və ədalət sevgisi girməyibsə, nəticə tərsinə təcəlli edəcək. Ədalət yerinə ədalətsizlik, ictimai ədalət yerinə ictimai istismar hakim olacaqdır.

Milli təhsil siyasətimizi bu ana hədəflərə istiqamətləndirmək, dərs proqramlarını buna görə tərtib etmək və elmi kəşflərin dövlət əliylə təşviq və dəstəyinə çalışmaq durumundayıq.

(ardı var)

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here