Əli Məsimli: Neft gəlirləri “təmir-tikinti” adıyla korrupsiyanın yeminə çevrilir

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Sonxeber.az-ın suallarını cavablandırıb. Millət vəkilinin müsahibədə diqqət çəkən sitatları:

“Alış-veriş zəiflədiyindən bəzi kiçik sahibkarlar ailələrini əvvəlki səviyyədə dolandıra da bilmir”

“Süni qiymət artımının aradan qaldırılmasının ən etibarlı yolu məmur sahibkarlığını aradan qaldırmaqdır”

“Rusiyada ÜDM-in 45 faizindən, Qazaxıstanda 30 faizindən çoxu, Azərbaycanda isə 20 faizindən azı əmək haqqına yönəlir”

“Özbaşınalıqlar vaxtında aradan qaldırılmalıdır ki, məmurun milyardlar talaması işdən çıxandan sonra yox, əsl zamanında aşkarlansın”

“Azərbaycanda elmə ayrılan vəsait ÜDM-in 0,16 faiz təşkil edir ki, bu da iqtisadi təhlükəsizlik meyarları ilə kritik həddən 12 dəfə aşağıdır”

“Yeni doğulan uşaqların sağlam böyüməsini təmin etməkdən ötrü müəyyən yaşa qədər uşaqlara müavinət verilməlidir”

“Manat üzən məzənnə rejiminə buraxılsa, onun dollara nisbətdə real dəyəri 1,92 manat ətrafında olardı”.

– Əli müəllim, Milli Məclisdə son çıxışınız zamanı süni qiymət artımı məsələsinə toxundunuz. Ölkəmizdə sahibkarların süni qiymət artımına getməsi bir növ ənənəvi hal alıb. Türkiyədə hökumət marketlərdə süni qiymət artımının qarşısını almaq üçün bu günlərdə “tanzim satış” (nizamlanan satış) nöqtələri açmağa başlayıb. Bizdə ancaq bayram yarmarkaları təşkil edilərək ucuz məhsullar satılır…

– Əslində süni qiymət artımı sadə sahibkarlardan deyil, “bazar meydanının qiymət karuselində at oynadan” məmur sahibkarlığından, daha çox onun törəməsi olan inhisarçılıqdan və onların görünən tərəfi olan “işbazlardan” qaynaqlanır. Bazar iqtisadiyyatının fundamental qanun və prinsipləri əsasında düşünə və “az olsun, həmişə olsun” prinsipi ilə işləyib, optimal variantda qazanmağa üstünlük verə bilən sahibkarlar üçün qiymətləri davamlı olaraq necə gəldi artırmaq sərfəli deyil. Çünki əhalinin alıcılıq qabiliyyəti artmayıbsa, deməli qiymət artanda satılan malların ümumi kəmiyyəti aşağı düşəcək və bu da satıcıya xeyirdən çox ziyan gətirəcək.Yəni sahibkar hansısa bir məhsulun 1 kiloqramını monopolistlərdən 15 manata alıb dükanında 16 manata satanda gündə 100 kiloqram satıb, hər kiloqramda 1 manat olmaqla, 100 manat qazanırdısa, monopolist qiyməti 17 manata qaldıranda dükançı artıq malın 1 kiloqramına əvvəlki qədər əlavə qoya bilmədiyindən 17 manat 50 qəpiyə satmağa başlayanda gündə 100 kiloqram əvəzinə 70 kiloqram mal sata bilir və qazancı 100 manatdan 35 manata enir. Monopoliyalar isə qiymət artmının təbii məqamlarından əlavə, iqtisadi əsası olmadığı vaxtlarda da 1 manatlıq əlavə mal istehsal etmədən,1 manatlıq əlavə mal gətirmədən kiloqramı ona 5-7 manata başa gələn malı 17 manata satmaqla qiymətləri artırmaqda davam edirlər. Bundan uduzan isə əhali və inhisarçıların həmin mallarını satan kiçik və orta sahibkarlardir. İqtisadi əsas olmadan qiymət artımının hər faizinə görə vətəndaşlar ildə 370 milyon manat və deməli hər il milyard manatlarla pul itirirlər. Kiçik və orta sahibkarlar isə alış-veriş zəiflədiyindən əvvəlki dövrə nisbətbətən daha az mal sata bildiklərindən vəziyyətləri pisləşməkdə davam edir. İş o yerə gəlib çatıb ki, alış-veriş zəiflədiyindən bəzi kiçik sahibkarların aylıq qazancları icarəyə götürdükləri dükanın icarə haqqını belə vaxtlı-vaxtında ödəməyə çatmır və ailələrini əvvəlki səviyyədə dolandıra da bilmirlər. Əhalinin alıcılıq qabiliyyəti aşağı olanda qiymətlərin artırılması monopolistlərdən başqa hamıya ziyan vurur.

– Necə düşünürsünüz, dövlət süni qiymət artımına qarşı hansı effektiv tədbirlər görə bilər?

– Beynəlxalq praktikanın yaxşı nümunələrindən istifadə etməklə ədalətli qiymətlərə nail olmaq üçün çox iş görmək olar. Məsələn, qarşıdan Novruz bayramı gəlir. Əksər ölkələrdə bayram ərəfəsindən başlayaraq qiymətlər aşağı salınır ki, əhalinin bütün təbəqələri bayram keçirə bilsin. Bu ildən bizdə də bu gözəl ənənənin əsası qoyulmalı, heç olmasa Yeni il, Novruz bayramı ərəfəsində qiymətlər hissolunacaq dərəcədə aşağı salınmalıdır. Bu zaman hər iki tərəf uduşlu olar: satıcı qiyməti aşağı salaraq dövriyyəsinin artması hesabına, alıcı isə qiymət aşağı düşdüyündən əlavə mal alması hesabına udar. Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısı bildirdi ki, “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”. Sosial Paketin mühüm tərkib hissəsi kimi minimum əməkhaqqı 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Rəsmi məlumatlara görə, minimum əmək haqqının yaşayış minimumuna çatdırılması vahid tarif cədvəli üzrə büdcə təşkilatlarında çalışanların bir hissəsinin maaşlarının 30 faizə qədər artmasına səbəb olacaq. Bunun üçün ilkin olaraq əlavə 400 milyon manat vəsait ayrılıb. Nəzəri baxımdan bazara əlavə pul daxil olanda qiymətlər də artır. Amma məsələ burasındadır ki, həmin maaş artımı nəticəsində martın ortalarından başlayaraq hər ay bazara daxil olacaq pul aylıq pərakəndə əmtəə dövriyyəsinin cəmi 1 faizi ətrafında olduğundan əslində təbii qəbul edilə biləcək ciddi qiymət artımı yarada bilməz. Deməli qiymətlər artmaqda davam etsə, monopoliya bunu qəsdən etməsi anlamına gələcək ki, həmişə olduğu kimi bu dəfə də əhaliyə çatacaq həmin 400 milyon manat əlavə pulu süni qiymət artımı vasitəsilə mənimsəsinlər. Ölkə Prezidenti də monopolistlərin və onların görünən tərəfləri olan “işbazların” bu natəmiz əməllərinə dəfələrlə sərt reaksiya verib. Aidiyyatı orqanlar inkar etsə də, artan əmək haqları hələ əhalinin əlinə gəlib çatmamış bəzi məhsulların qiymətlərində artım müşahidə olunmaqdadır. Minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılması xüsusən də aşağı maaş alan təbəqənin güzəranına müsbət təsir etsin deyə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və digər aidiyyatı qurumlar qiymət sahəsindəki sui-istifadə hallarına qarşı qanunvericiliyə uyğun tədbirlər görməklə daha səmərəli addımlar atmalı və monopolistlərin süni qiymət artımı vasitəsilə əhalinin cibinə girməsinə imkan verməməlidir. Süni qiymət artımının aradan qaldırılmasının ən etibarlı yolu ölkədə normal bazar münasibətlərinin bərqərar olmasına şərit yaratmaq, ölkəni keyfiyyətsiz və insan orqanizmi üçün zərərli, xüsusən də uşaqlar üçün təhlükəli malların satış poliqonuna çevirmiş, süni qiymət artımı və sair manupulyasiyalarla əhalini soyan, Azərbaycanın öz potensialına layiq səviyyədə inkişafının buxovuna çevrilmiş məmur sahibkarlığı və onların formalaşdırdıqları ifrat inhisarçılığı aradan qaldırmaq və azad sahibkarlıq,sağlam rəqabət və tələb-təklif əsasında formalaşan ədalətli qiymətlər mühiti yaratmaqdır. Buna nail olmasaq, hələ xeyli müddət bizdə bazar iqtisadiyyatının prinsipləri əsasında insanların alıcılıq qabiliyyətinə uyğun formalaşan ədalətli qiymətlərdən danışmaq mümkün olmayacaq. Hökumət və onun müvafiq qurumları ifrat inhisarçılığın aradan qaldırılması, iqtisadiyyatın liberallaşdırilması, rəqabətin təşviq edilməsi sahəsində, eləcə də istehlak bazarının istehsalçı və satıcının diqtə etdiyi bazardan alıcının diktə etdiyi bazara çevrilməsini təmin etməkdən ötrü öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

– Cəmiyyətdə belə bir fikir var ki, Azərbaycanın neft və qazdan qazandığı gəlirlər əhali arasında düzgün bölüşülmür və ondan yalnız məhdud qrup insanlar faydalanırlar. İlk öncə bu fikrə münasibətiniz öyrənmək istərdim.

– Hələ ötən ilin noyabrında Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi müzakirə olunarkən sizin indi qaldırdığınız sualın birinci hissəsinə dair məsələlərlə bağlı bildirmişdik ki, Azərbaycan iqtisadiyyatı postsovet məkanında daha sürətli inkişaf yolu keçməsinə baxmayaraq, əhalinin yoxsul təbəqəsinin həyatı həmin inkişafa müvafiq səviyyədə yaxşılaşmayıb. Bunun səbəbləri çoxdur. Əsas səbəblərdən biri budur ki, Azərbaycanda ümumiyyətlə milli gəlir ədalətlə bölünmür. Eyni zamanda korrupsiya, israfçılıq yüksəkdir. MDB-də ÜDM-in orta hesabla 40 faizindən, Rusiyada ÜDM-in 45 faizindən, Qazaxıstanda ÜDM-in 30 faizindən çoxu, Azərbaycanda isə ÜDM-in 20 faizindən azı əmək haqqına yönəlir. Bizim iqtisadiyyatımız nə Rusiya, nə də Qazaxıstandan pis deyil, sadəcə bölgüdə ədalətsizlik var. Biz ÜDM-in 20 yox, 30 faizini əmək haqqına ayırsaq, əhalinin yaşayış səviyyəsinə görə MDB-də Rusiyadan sonra ikinci yerə çıxacağıq. Azərbaycanda ÜDM-in formalaşması və artım sürəti xeyli dərəcədə neft amili ilə bağlı olduğundan bu fikirlər daha çox neft gəlirlərinə aiddir. Neftdən gələn 140 milyard dollardan artıq vəsaitin 100 milyard dollarından çoxu xərclənib. Həmin vəsait hesabına ölkədə xeyli zəruri iqtisadi, infrastruktur və sosial layihələr həyat keçirilib. Onların arasında iqtisadiyyatımızın bugünkü və gələcək inkişafını şərtləndirən layihələr də az deyil. Bununla belə, “təmir-tikinti” və sair adla külli miqdarda vəsait təyinatı üzrə istifadə edilmir və korrupsiyanın yeminə çevrilir. Ona görə də şəffaflıqdan uzaq olan belə sahələrə təkrarən, bəzən isə üç dəfə əlavə vəsait ayırmağın heç bir mənası yoxdur. Həmin vəsaitlərin Azərbaycan iqtisadiyyatına heç bir töhfəsi olmur, xeyli hissəsi korrupsionerlərin cibinə axır. Ona görə də həmin vəsaitin bir hissəsini əhalinin güzaranının yaxşılaşdırılmasına yönəltmək lazımdır. Bu baxımdan sualın birinci hissəsinə cavab olaraq onu bildirmək istərdik ki, əgər optimal yanaşmadan söhbət gedirsə, onda söhbət neft gəlirlərinin mexaniki surətdə bölüşdürülməsindən yox, neft gəlirlərinin insan inkişafının sürətləndirilməsinə verdiyi töhfənin artırılmasından getməlidir.

– Necə hesab edirsiniz Azərbaycan postneft erasına hazırdırmı və ölkənin neft-qaz zənginlikləri qurtardıqdan sonrakı gələcəyi üçün indidən hansı addımlar atılmalıdır? Hökumətin bu yöndə fəaliyyətini necə qiymətləndirirsiniz?

– Artıq Azərbaycanda postneft dövrünün islahatları başlayıb. Xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilib. Bu ildən həmin islahatlar sürətlənib. Gömrük sistemində şəffaflığın artırılaması, verginin fiskal funksiyası ilə yanaşı, istiqamətləndirici və təşviqləndirici funksiyalarının da önə çəkilməsi, idarəetmənin təşkilati strukturunun təkmilləşdirilmsi, kadr islahatları, sosial proseslərin tənzimlənməsi və sair istiqamətdə islahatlar gedir. Prezident bir-birinin ardınca şəhid ailələrinə kompensasiya verilməsi, minimum əmək haqqının yaşayış minimuma çatdırılması və bu əsasda maaşların artırılması, minimum pensiyanın və tələbə təqaüdlərinin artırılması və sair istiqamətlərdə sosial təşəbbüslərlə çıxış edir. Görünən budur ki, bu işlər davam edəcək. Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısı bildirdi ki, “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”. Həmin islahatlar kontekstində: hökumət 2020-ci ilin sonunadək orta əmək haqqının səviyyəsinə görə regionda 1-ci, MDB məkanında 2-ci olmaq kimi hədəf götürməli və innovasiyalı iqtisadi inkişafı təmin etmək, milli gəlirin bölgüsündəki ədalətsizliyi aradan qaldırmaq, korrupsiyaya qarşı mübarizəni gücləndirmək, dövlət vəsaitlərinin bir hissəsinin korrupsiyaynın yeminə çevrilməsinin qarşının alınmasının effektiv mexanizmini tətbiq etmək, kölgə iqtisadiyyatının dairəsini məhdudlaşdırmaq, qanundan yuxarıda duranları qanunlara əməl etməyə vadar etmək, buna məhəl qoymayanları kənarlaşdırmaq, qanunla müəyyən olunan cəzasını vermək və beynəlxalq təcrübədən məlum olan digər üsulların effektiv kombinasiyası əsaınada buna nail olmalıdır. Mövcud ədalətsizliklər və özbaşınalıqlar vaxtında aradan qaldırılmalıdır ki, məmurun milyardlar talaması işdən çıxandan sonra yox, əsl zamanında aşkarlansın və qarşısı alınsın.

– Bütün bunlarla yanaşı bir sıra konkret məsələlərin,xüsusən də dövlət vəsaitindən istifadənin səmərəliliyinin artırılması sahəsində bir sıra problemlərin həlli də gündəmdədir. Bu barədə nə deyə bilərsiz?

– Fikrimizcə, yeni çağırışlara uyğun olaraq dövlət vəsaitlərinin xərclənməsinin fəlsəfəsi obyektiv tələbata çevrilən istiqamətlərdə əsaslı surətdə təkmilləşdirilməlidir: Birincisi, iqtisadiyyatımızın və büdcənin neft amilindən asılılığının aradan qaldırılmasının sürətləndirilməsinə yönəlik sistemli islahatlar həyat keçirilməlidir. Bunsuz müasir dövrün çağırış və tələblərinə cavab verən, xarici konyukturlardan az asılı olan, rəqabətqabiliyyətli və əhalinin güzəranını davamlı olaraq yaxşılaşdırmağa maddi əsas yarada bilən iqtisadiyyat formalaşdırmaq mümkün deyil. 2016 və 2017-ci illərdə Neft Fondundan transferlərin azaldılması xətti götürülmüşdü. 2015-ci ildəki 8,1 milyard manatdan 2017-ci ildə 6,1 milyard manata endirilmişdi. 2018-ci ildə Neft Fondundan transferlər 10995 milyon manata, bu il isə 11364 milyon manata qədər artırıldı. Yəni bu ilin büdcəsi Neft Fondundan iri transfertlər hesabına artırıldı və deməli büdcəmiz dünya neft bazarının konyukturundan asılı vəziyyəti daha da güclənəcək. Bu hal müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatında uzun illər neft amilinin dominant rolundan doğan bir reallıqdır. Ona görə də, təbii ki, ehtiyac yarananda Neft Fondundan büdcəyə transferlər etmək lazımdır. Amma bunun bir optimal ölçüsü və həmin vəsaitdən səmərəli istifadənin ciddi nəzarət mexanizmi olmalıdır. İkincisi, əvvəlki illərdə olduğu kimi 2019-cu ilin büdcəsi də infrastruktur və sair layihələrin reallaşdırılması vasitəsilə makroiqtisadi sabitliyin qorunmasına yönəldilsə də, iqtisadi artımın sürətəndirilməsi və əhalinin sosial durumunun yaxşılaşdırılması ilə əlaqəsi zəifdir. Belə yanaşma büdcə proseslərinə konservativ yanaşmadır və yeni çağırışları tam nəzərə almadan yaranmış situasiyanın sadəcə qorunub saxlanılmasına hesablanıb. Belə yanaşma yeni çağırışlara tam cavab vermədiyindən getdikcə riskli olacaq. Çünki infrastruktur layihələrinə, xüsusən də təmir-tikintiyə yönəldilən vəsaitin səmərəlilik dərəcəsi yetərli səviyyədə deyil. Bu sahədə obyektiv monitorinqlər aparıb dövlət xərcləmələrini nəticəliliyi aşağı yox, yüksək olan sahələrə yönələtmək lazımdır. Mövcud üsulun xərci hamıdan çox, səmərəsi isə az olduğundan sosial sahəyə ayrılan vəsait də yetərli olmur və əhalinin güzəranına nəzərəçarpan təsir göstərə bilmir. Əhalinin gəlirlərində əmək haqqının payı Rusiyada 66 faiz, Qazaxıstanda 68 faiz, Azərbaycanda cəmi 33 faiz təşkil edir. Büdcənin sırf sosial xərcləri Rusiyada 36 faiz, Qazaxıstanda 44 faiz, Belarusda 46 faiz , Özbəkistanda 54 faiz, Azərbaycanda isə 32 faizdır. Belə bir bölgü şəraitində sosial məsələlər əgər bundan sonra da qəbul olunan qanunların tələbləri əsasında yox, aidiyyatı sahələrin məmurlarının mülahizələri əsasında tənzimlənməkdə davam ediləcəksə, onda müstəqillik illəridə postsovet və postkommumist məkanında ən yüksək templərlə artan, təkcə son 15 ildə iqtisadiyyatına 250 milyard dollara yaxın sərmayə qoyulan və iqtisadiyytı 3 dəfədən çox böyüyən Azərbaycan əmək haqqı sahəsində potensialı bizdən müqayisəyəgəlməz dərəcədə aşağı olan ölkələrdən geri qalacaq. Buna yol verməməkdən ötrü bu ilin martından minimum əmək haqqının artırılması vasitəsilə büdcə təşkilatlarında çalışanların maaşlarının orta hesabla 30 faiz, özəl sektorda isə 25 faiz artırılmasını müsbət qiymətləndiririk. Üçüncüsü, dövlət maliyyəsinin əsas məqsədlərindən biri innovasiyalara əsaslanan iqtisadi artımın stimullaşdırılması olduğundan büdcə xərclərinin strukturu elə olmalıdır ki, məhsuldar xərclər qeyri-məhsuldar xərcləri üstələsin ki, növbəti illərdə də qeyri-məhsuldar xərcləri artırmaq üçün iqtisadi fəaliyyətin səmərəliliyindən qaynaqlanan bazalar olsun. Bu baxımdan büdcə xərcləmələrinin strukturunu və təmir-tikintiyə daha çox vəsit ayrılması variantını məqbul hesab etmirik. Büdcə vəsaitlərinin xeyli hissəsinin gəlirli olmayan sahələrə, səmərəsiz və az səmərəli layihələrə və eyni infrastruktura dəfələrlə pul xərclənməsi praktikasına son qoyulmalıdır. Ona görə də büdcə xərcləmələrində etibarlı bir məsuliyyət, nəzarət, şəffaflıq, monitorinq və hesabatlılıq mexanizmi tətbiq olunmalıdır. Biz həm perspektivli sahələrə, həm də gələcəyə – elmə, təhsilə daha çox sərmayə qoymalıyıq. Azərbaycanda elmə ayrılan vəsait ÜDM-in 0,16 faiz təşkil edir ki, bu da iqtisadi təhlükəsizlik meyarları ilə kritik həddən 12 dəfə aşağıdır. Əgər biz elmi inkişaf etmək istəyiriksə, elmin maliyyələşdirilməsini sıfır trayektoriyasından çıxartmaq lazımdır. Milli Elmlər Akademiyasında çalışan kiçik elmi işçi tarif dərəcəsindən asılı olaraq 227-240 manat, elmi işçi-240-267 manat, böyük elmi işçi 207-306 manat maaş alır. Nə qədər ki, gənc elmi işçilər ailə qurmayıb bəlkə də belə aşağı maaşa qane olub işləyirlər. Ailə qurandan sonra görəcəklər ki, aldıqları maaş heç uşağın yeməyinə belə çatmır. Belə şəraitdə Azərbaycan elminin problemi alimindən daha çox maliyyəsindədir deyə, ciddi islahatlar aparmaq şərtilə elmi işçilərin əmək haqqlarının artırılması problemi də həll etmək lazımdır. İslahatlar yolu ilə elmin iqtisadiyyatla inteqrasiyasına nail ola bilsək, həmin sahəyə yönəldilən hər manat digər sahələrdəkindən daha çox, bir sıra hallarda isə hətta “birə-on” nisbətində gəlir gətirəcək. Dördüncüsü, Neft Fondundan büdcəyə vəsait ayrılması başadüşüləndir. Amma bunun da bir əndazəsi olmalıdır. Büdcəni formalaşdırarkən başqa mənbələrdən də istifadə etmək lazımdır. Məsələn, “kölgə iqtisadiyyatı”nı cəmi 10 faiz aşağı salmaqla büdcəyə 8 milyard cəlb etmək, bu vəsaitlərin sayəsində əlavə yüz milyonlar qazanmaq olar. Həmçinin korrupsiayaya qarşı daha ciddi mübarizə aparmaqla yüz milyonlarla əlavə vəsait cəlb etmək mümkündür. Bu isə əhalinin güzəranının yaxşılaşdırılmasna yetərincə əlavə vəsait cəlb etməyə imkan verər. 2019-cu ilin büdcəsi əvvəlki illərlə müqayisədə ən böyük büdcədir. Bu əsasda gələn ilin büdcəsində iqtisadiyyata, elmə, təhsilə, səhiyyəyə və sair bu kimi mühüm sahələrə əvvəlki illərdən çox vəsait qoyulması nəzərdə tutulub. Təbii ki, bu çox müsbət haldır ki, Azərbaycan büdcəsi və əsas sahələrə vəsait qoyuluşu artır. Amma bu, məsələnin yalnız bir tərəfidir. Çünki əsas məsələ büdcə xərclərinin həcminin hansı səviyyədə müəyyənləşdirilməsi deyil, bu xərclərin hansı istiqamətə yönəldilməsi və onun iqtisadiyyatın möhkəmlənməsi, xalqın rifahının yaxşılaşdırılması baxımından nə dərəcədə səmərəli xərclənməsidir. Büdcəmiz Neft Fondundan iri transfertlər hesabına artırılır. Amma bu sahədəki xərcləmələrin səmərəliliyinin artırılması sahəsində mövcud problemlərin həllinə ehtiyac var. Ona görə də biz etibarlı uçot və nəzarət mexanizminin qurulmadığı, şəffaflığın və hesabatlığın lazımi səviyyədə olmadığı bir şəraitdə Neft Fondundan iri transfertlərin əleyhinəyik və hər dəfə büdcə müzakirə olunarkən bu mövqeyimizi əsaslandırırıq. Təbii ki, ehtiyac yarananda Neft Fondundan büdcəyə transfertlər etmək lazımdır. Amma bunun bir optimal ölçüsü və həmin vəsaitdən istifadənin ciddi nəzarət mexanizmi olmalıdır. Neft Fondundan transfertlərin çox hissəsinin dövlət büdcəsi vasitəsilə real sektorun prioritet sahələrinin və əhalini daha çox narahat edən problemlərin həllinə yönəldilməsini zəruri hesab edirik. Maliyyə nəzarətinin, hesabatlılığın və şəffaflığın gücləndirilməsi, monitorinqlərin tətbiqi və sair üsullarla büdcədən ayrılan vəsaitin nəticəliliyinin yüksəldilməsini vacib hesab edirik. Dövlət maliyyə nəzarəti haqqında model qanunun və ondan irəli gələn digər qanunların qəbulunun sürətləndirilməsi, dövlət maliyyəsinin idarə olunmasının beynəlxalq normalara uyğunlaşdırılması, büdcə intizamının möhkəmləndirilməsi və sair bu kimi istiqamətlərdə islahatların dərinləşdirilməsinə ehtiyac var. Beşincisi, dövlət maliyyəsinin çoxunu təmir-tikintiyə qoymaqla uzağa getmək olmaz. Bu öz məqbul meyarları çərçivəsinə salınmalı və gələcəyə də sərmayə qoymaq lazımdır. Gələcəyə sərmayə qoyuluşu daha çox insan kapitalına yönəldilməli, yeni doğulan uşaqdan başlayıb, təhsilə, elmə, innovasiyalara doğru hərəkət etməlidir. Altıncısı, məşhur bir kəlamda deyildiyi kimi, “bir milləti məhv etmək üçün atom bombasına ehtiyac yox, onun təhsili iflasa uğratmaq kifayətdir”.Təhsilin iflası-millətin iflası deməkdir. Təhsil sahəsində aparılan mütərəqqi islahatların hər addımı dəstəkləyəcəyik. Bununla belə təhsil sistemimizin rəqabət qabiliyyətliyini təmin etməkdən ötrü hələ çox iş görmək lazımdır. Universitetlərdə təhsil alan tələbələrin hər 3 nəfərindən 2-si (son illər bi rəqəm daha da atrıb) ödənişli əsaslarla təhsil alır.Orta əmək haqqının 550 manat, xeyli insanın 200-300 manat maaş aldığı şəraitdə təhsil haqlarınin yuxarı həddi 5 min manata çatır. Dövlət ali məktəblərində də ödənişli təhsil xeyli artıb. Ya dövlət ali məktəblərində təhsil pulsuz olmalı, ya da Azərbaycanda da təhsil cəmiyyətini formalaşdıran Boloniya sisteminə keçən əksər olkələrdə olduğu kimi bizdə də təhsil kreditləri mexanizminin tətbiq dairəsi genişləndirilməlidir. Bir ilə 25-28 faizə təhsil krediti olmaz.Bu istehlak kredinin çevrilmiş formasıdır. Hər il minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən kənarlaşdırılır.Təhsil Strategiyasinda göstərildiyi kimi, gələn ildən Təhsil kreditlərinin tətbiq dairəsini genişləndirmək və yaxın illərdə onun əhatə dairəsini yoxsul ailələri əhatə etmə səviyyəsinə çatdırılmasını zəruri hesab edirik.

– Milli Məclisdə 2019-cu ilin büdcə müzakirələri zamanı uşaq pulu məsələsinə toxunuldu, lakin indiki halda hökümətin uşaq pulunun (18 yaşınadək) bərpa olunmasına müsbət yanaşmadığı ortaya çıxdı. Bir çox ölkələrdə yeni doğulan uşaqlara və ümumiyyətlə uşaqlara dövlət tərəfindən bankda hesab açılır və ya yüksək məbləğdə ödənişlər edilir. Bu, xaricdə əksər halda doğum sayının artımı üçün təşviqedici addımlar hesab edilir. Necə düşünürsünüz, perspektivdə Azərbaycanda uşaq pulunun bərpası mümkündürmü və uşaqlar üçün hansı güzəştlər tətbiq edilə bilər?

– “Uşaq pulu” verilməsinin əleyhdarlarının əsas arqumenti odur ki, Azərbaycanda əhali sürətlə artır və demoqrafik durum yaxşıdı, ona görə də doğumun stimullaşdıılmasına ehtiyac yoxdur. Fikrimizcə, belə yanaşma birtərəfli xarakter daşıyır Azərbaycanda təbii artım kifayət qədər yüksəkdir. Belə şəraitdə əhalisi ildə 1,2-1,3 faiz artan ölkələrdə, əvvəla, ÜDM-in artımı tempi 4 faizdən yüksək olmalıdır ki, artan əhalini normal səviyyədə təmin etmək mümkün olsun. Digər tərəfdən isə bu və ya digər səbəblər üzündən ölkəni tərk edənlər də çoxdur. Ona görə də hökumət aktiv demoqrafik siyasət yeritməlidir. Bizdə əhali sürətlə artsa da, xeyli ailələrdə uşaqların qidalanması üçün maddı imkan zəifdir. Əhalinin xeyli hissəsinin maaşları 250- 400 manat civarinda olmaqla aşağı səviyyədə olduğundan, ailələrin xeyli hissəsi yeni dünyaya gələn uşağı lazımı səviyyədə təmin edə bilmir. Bu isə uşqaların fiziki və psixi cəhətdən sağlam böyüməsinə mane olur. Tədqiqatlar göstərir ki, uşaqların boy artımında problemdə sağlam qidalanma məsələsi mühüm rol oynayır. Normal qidalanmayan uşaqlardakı fiziki qüsurlar, həm də zehni qüsurlara yol açır. Bu isə genefondumuz üçün ciddi təhlükə yaradaraq gələcəyimizə mənfi təsir edəcək. Ailənin möhkəmləndirilməsi, uşaqların normal qidalanması, sağlam uşaqların yetişdirilməsi, ailələrin sosial ehtiyaclarının ödənilməsi – bütün bunlar bütövlükdə Azərbaycanın sosial-iqtisadi tərəqqisinin və müdafiə qüdrətinin artmasının (hər bir oğlan uşağı gələcəyin əsgəri,zabitidir) mühüm amilidir. Ona görə də aztəminatlı ailələrə “uşaq pulu” verilməsinin bərpa edilməsini zəruri hesab edirik. Fikrimizcə, hökumət yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcmini artırmalıdır. Eyni zamanda yeni doğulan uşaqların sağlam böyüməsini təmin etməkdən ötrü müəyyən yaşa qədər uşaqlara da müavinət verilməsini zəruri hesab edirik. Uşaq pullarının birdəfəlik məbləğnı tədricən uşaqlar üçün yaşayış minimumunun iki, üç və sair mislinə çatdırmaq və müəyyən yaşa qədər uşaqlar üçün yaşayış minimumunu əsas götürməklə müavinət verilməsini zəruri hesab edirik.

– Əli müəllim, son olaraq manatın məzənnəsinin perspektivləri barədə soruşmaq istərdim. Hazırkı reallıqlar şəraitində manatın kəskin devalvasiyası üçün iqtisadi əsaslar varmı?

– Son illər hökumət neftdən asılılığı azaltmaqdan ötrü bir sıra zəruri layihələr həyata keçirir və qeyri-neft sektorunun inkişafı və qeyri-neft ixrac imkanlarının genişləndirilməsinə yönəlik işlərin miqyasını genişləndirir. Yaxın illərdə Bakıda, Sumqayıtda və digər yerlərdə reallaşdırılan layihələr öz nəticələrini göstərməyə başlayacaq. Lakin bu istiqamətdə hələ çox iş görmək lazımdır. Çünki bütün görülən işlərə baxmayaraq, Azərbaycanda makroiqtisadi göstəricilər xeyli dərəcədə neft amilinə bağlıdır,sosail-iqtisadi durumumuz,büdcəmiz, ixracımız dünya bazarında neftin qiyməti və bundan gələn gəlirlərin həcmindən asılıdır. Bu, xeyli dərəcədə manatın məzənnəsinə də aiddir. Hazırda Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, neftin qiyməti 2019-cu il üçün proqnozlaşdırılan 60 dollar göstəricinin üstündə hərəkət edir və tədiyyə balansında profisit artır. Ona görə də neftin hazırkı qiymətləri şəraitində bu il manatın devalvasiyası üçün iqtisadi əsaslar yoxdur. Yəni yaxın perspektivdə də hər-hansı qeyri-adi və gözlənilməz hadisə və kataklizmlər baş verməzsə maantın kəskin devalvasiyası üçün heç bir ciddi əsas yoxdur.

– Uzun müddətdir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsini dəyişməz, yəni 1 dollar üçün 1,70 manat səviyyəsində müəyyənləşdirir. AMB sədri Elman Rüstəmov bildirib ki, bu, “üzən məzənnə” rejimindən imtina etmək demək deyil və məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edilir. AMB-nin məzənnə syasətini necə dəyərləndirirsiniz?

-Təbii ki, normal bazar münasibətləri kontekstindən yanaşdıqda milli valyutanın tam üzən məzənnə rejiminə keçməsi zəruridir. Amma bu sadəcə özündə məqsəd xarakteri daşımamalı, bunu şərtləndirən amillərin məcmusunun yaratdığı şəraitin məntiqi nəticəsi kimi həyata keçirilməlidir. Bu baxımdan, manatın bazar tərəfindən tənzimləyə biləcək üzən məzənnəyə keçməsi üçün əvvəla, normal bazar münasibətləri bərqərar olmalı, ikincisi isə milli valyuta bir məhsulun, Azərbaycanın timsalında neftin dünya bazar qiymətinin konyukturası asılılığından xilas olmalıdır. 2015-ci ilin təcrübəsi göstərdi ki, bu, təkcə manat üçün yox, bütövlükdə istisadiyyatımız və sosial durumumuz üçün təhlükəlidir. Hazırda manatın bazar tərəfindən tənzimləyə biləcək üzən məzənnəyə keçməsi üçün hələ real şərait tam formalaşmayıb. Ötən ilin nəticələrinə görə, ölkəyə valyuta gətirən ixracımızın 92 faizə yaxını neft və neft məhsulları ilə bağlıdır. Belə şəraitdə tam üzən məzənnə rejiminə keçid nəticəsinin proqnozlaşdırılması çətin olacaq dərəcədə risklidir. Ona görə də tam üzən məzənnəyə keçid üçün real şərait olmadığından Mərkızi Bank məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edir.

-Bəs bu risk dərəcəsi nə qədərdir? Yəni hazırkı real vəziyyətdə manat üzən məzənnə rejiminə buraxsalar, manatın real dəyəri nə qədər olar?

– Siz əgər bu sualı mənə ötən ilin bu vaxtı versəydiniz, deyərdim ki, manat üzən məzənnə rejiminə buraxılsa, onun dollara nisbətdə real dəyəri müəyyən ziq-zaqlardan keçməklə 1,92 manat ətrafında olardı. 2019-cu ilin durumu, makroiqtisadi parametrləri 2018-ci ilin durumundan bir o qədər də fərqlənmədiyindən, üstəgəl bir qədər yaxşı olması ehtimalı daha çox olduğundan, həmin rəqəm eyni olmasa da, bir qədər aşağı, bir qədər yuxarı olmaq şərtilə yenə də istiqamət kimi götürülə bilər. Amma məsələ yalnız bununla bitmir. Çünki bu gün manatın real olaraq bazar tərəfindən tənzimləyə biləcək üzən məzənnəyə keçməsi üçün hələ real şərait olmadığından, milli valyutamızın dollara nisbətdə həmin 1,92 manat səviyyəsində məzənnəsi son sıçrayış nöqtəsi olmayacaqdı…Yəni manatın taleyinin daha çox dünya neft bazarının konyukturundan asılı olduğu belə bir şəraitdə tam üzən məzənnəyə keçid milli valyutamızın məzənnəsində ziq-zaqlardan əlavə, müxtəlif amillərin təsiri ilə müəyyən vaxt kəsiklərində proqnozlaşdırılması mümkün olmayan səviyyələrdə sıçrayışlı dəyişikliklərə gəririb çıxara bilər ki, bu da makroiqtisadi sabitliyin pozulması, maliyyə sabitsizliyi, yüksək inflyasiya ,əhalinin real gəlirlərinin aşağı düşməsi və sair bu kimi mənfi meyllərin güclənməsinə səbəb ola bilər. Ona görə də manat tam üzən məzənnəyə yalnız o halda keçə bilər ki, ölkə iqtisadiyyatı və ixracımız lazımı dərəcədə şaxələnmiş olsun, neftdən əlavə qeyri-neft sektoru üzrə bir neçə digər məhsullardandan da milyard dollarla ölçülə bilən iri həcmli valyuta gəlirlərimiz olsun. 2018-ci ildə Azərbaycanın ixrac etdiyi 20,2 milyard dollarlıq məhsulun cəmi 1,7 milyard dolara yaxını və ya 8,3 faizi qeyri-neft məhsullarından ibarət olub. Manatın taleyinin daha çox dünya neft bazarının konyukturundan asılılığını etibarlı şəkildə azaltmaqdan ötrü qeyri-neft məhsullarının ixrac göstəricisi bir neçə məhsulun timsalında azı 5-6 milyard dollar səviyyəsinə çatmalıdır.

– Yeni bir devalvasiya dalğasının olmaması üçün hansı tədbirləri görməyi lüzum bilirsiniz?

– Əvvəl qeyd etdiyimiz kimi hazırda tam üzən məzənnəyə keçid üçün real şərait olmadığından Mərkəzi Bank məzənnə siyasətində mərhələli varianta getməli olub və “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edir. Amma bunu da çeviklik şəraitində optimal variantda və yaradıcılıqla tətbiq etmək lazımdır ki, bir müddətdən sonra fəsadlı olmasın. Orta perspektiv üçün neftin proqnoz qiyməti 60 dollar ətrafında götürülsə də, realda dünya bazarında neftin qiymətinin ziq-zaqlı vəziyyətə düşməsi və müəyyən vaxt kəsiklərində qalxıb sonradan enişinin sürətlənməsi, iqtisadiyyatı, büdcəsi, milli valyutası xeyli dərəcədə neftdən asılı olan Azərbaycan üçün müəyyən qeyri-müəyyənliklər yaradır. Bu il neft qiymətlərindən asılı olmayaraq, Dövlət Neft Fondunun Azərbaycan maliyyə bazarına transferti 6,8 mlrd. dollar təşkil edəcək. Yeni büdcə qaydaları manatın məzənnəsini sabit saxlamaq imkanı verir. 2019-cu ilin büdcə zərfində və qarşıdakı 2022-ci ilə qədər olan dövr üçün neftin qiyməti 60 dollar, manatın dollara nisbətdə məzənnəsi isə 1 manat 70 qəpik səviyyəsində proqnozlaşdırılıb. Artıq qeyd etdiyimiz kimi, hazırda Azərbaycanda makroiqtisadi vəziyyət sabit və tədiyyə balansın profisitli olduğundan neftin hazırkı qiymətləri 2019-cu il boyu bir qədər aşağı-yuxarı olmaqla 60 dollar ətrafında davam etməsi şəraitində manatın devalvasiyası üçün iqtisadi əsaslar yoxdur və deməli milli valyutamızın dollara nisbətdə məzənnəsi 1,7 manat ətrafında hərəkət edəcək. Amma Azərbaycan ixracının 90 faizindən çoxu neftlə bağlı olduğundan, neftin dünya bazar qiyməti ucuzlaşmağa başlasa, Azərbaycanın neft ixracından gözlədiyi gəlirlərin azalması baş verəcək. Bu isə xarici ticarət və tədiyyə balansında vəziyyətə mənfi təsir göstərməklə aşağı neft qiymətlərinin mövcudluq müddətindən asılı olaraq manata da təzyiqləri artıra bilər. Azərbaycanın daha çox ticarət etdiyi Rusiya, Türkiyə və digər qonşu ölkələrin milli valyutalarının məzənnəsinin sabitliyinin pozulma ehtimalının böyük olduğu şəraitdə manata təzyiqləri də bura əlavə etsək, bu proseslər yaxın illərdə manatın dollara nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək.Bu əsasda manata psixoloji təzyiqlər də arta bilər. Amma nə qədər ki, neftin qiyməti 60 dollar və ondan yüksəkdi belə təzyiqlərin manat üçün ciddi təhlükəsi yoxdur. Ona görə də manatın ətrafında müəyyən dərəcəli gərginliklərin olması təbii qarşılanmqla yanaşı, həm də hökumətin hər ehtimala qarşı əlində olan kifayət qədər geniş imkanlardan səmərəli istifadə etməklə makroiqtisadi sabitliyi qoruyub saxlamaq və eləcə də manata təzyiqləri minimuma endirmək, neytrallaşdırmaq, o cümlədən lazım gələndə ehtimal olunan itkilərin minimuma endirilməsinə nail olmaq üçün optimal yolla qabaqlayayıcı tədbirlər görməsi məqsədəuyğun olar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here