Doğru Yol Partiyası Təşkilat Komitəsinin sədri Kəramət Salah bizimsesimiz.info- ya müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

 

Bildiyimizə görə, Doğru Yol Partiyası Təşkilat Komitəsinin sədri olaraq ölkənin tanınmış ziyalıları, elm, siyasi xadimləri ilə görüşlər keçirirsiniz. Bu haqda məlumat verməyinizi istərdik, bu görüşlər hansı zərurətdən irəli gəlir ?

2013- cü ildə Doğru Yol Partiyasını elan edib partiya quruculuğuna başladığımız gündən bu vaxta qədər məmləkətin milli şüura sahib övladları, ziyalıları, elm və siyasi xadimləri ilə görüşlər keçirmişik və bu görüşlərimiz davam edəcək. Eyni zamanda görüşlərimiz cəmiyyətin müxtəlif təbəqələri, müxtəlif yaş qruplarına daxil olan həmfikirlərimiz ilə keçirilir. Məqsədimiz fəal vətəndaş mövqeyinə sahib olan insanlarımızla yaxından tanış olmaq və siyasi proseslərə milli maraqlar baxımından yeni yanaşma, yeni nəfəs gətirməkdir.

Xahiş edirəm ki, rəhbərlik etdiyiniz partiyanın siyasi- ideoloji istiqaməti haqda oxucularımıza məlumat verərdiniz. Doğru Yol Partiyasının hədəfləri nədir ?

Doğru Yol Partiyası 2013- cü ildə elan edlib. Azərbaycanda ilk Milli Görüş təşkilatıdır. Biz cəmiyyətin sürətlə Qərbin əxlaqsız liberalist ideologiyasının təsiri altına düşdüyünü görüb çıxış yolları haqqında düşünməyə başladıq. 2013- cü ildə bir neçə nəfər həqiqi vətənsevər şəxslər ilə Milli Görüş siyasi xəttinin Azərbaycana və Qafqazda olan müsəlmanlara böyük güc verəcəyini ölçüb biçib, bu  prinsiplərin əsasında partiya qurmağa qərar verdik. Partiyalara cəmiyyətdə inamın itdiyi, siyasi passivliyin hökm sürdüyü dönəmdə təşkilat qurmağın təbii ki, öz çətinliyi var. Amma bütün bunlara rəğmən biz haqlı bildiyimiz yolda addımlar atdıq. Müəyyən uğurlar əldə etdik. Həmin vaxtdan bu günə qədər uğurlarımızdan  biri olaraq qeyd edim ki, artıq gənclər, bəzi partiyalar Milli Görüş təlimini seçdiklərini bəyan ediblər. Doğrusunu deyim Azərbaycanda Milli Görüşə könül verdiyini bildirən insanlarımızı, təşkilatları gördükcə bu bizi çox sevindirir. Demək 2013- cü ildən bəri minimum imkanlar ilə fəaliyyətimiz nəticə verir. Milli şüura sahib, öncə əxlaq və mənəviyyat deyən gənclər, yaşlılar, milli azadlıq hərəkatında iştirak etmiş şəxslər bizimlə birgə Doğru Yol Partiyasında yenidən milli mücadilə ruhunu yaşadırlar.

Qeyd edim ki, bu müddət ərzində Doğru Yol Partiyası olaraq Milli Məclisə təkliflərimiz olubdur. Azərbaycan Cümhuriyyətinin 100 illiyində  parlamentə təklif göndərdik ki, latın əlifbasını saxlamaq şərtilə Azərbacanın əski əlifbasını orta məktəblərdə tədris etmək barədə qərar verilsin. Təəsüf ki, bizə rəsmi cavab gəlmədi.
Doğru Yol Partiyası dünyada gedən qloballaşma prosesində milli dəyərlərimizə sahib çıxıb, siyasi, iqtisadi və mədəni baxımdan millətimizin yenidən şahlanışı üçün fəaliyyət göstərir. Biz Azərbaycanın Avropa və Amerikanın qarşısında idarə olunan hala düşməsini deyil, İslam dünyasına sürətlə inteqrasiya edib önəmli yer almağını, söz saibi olmağını istəyirik. Qan, göz yaşları, terror ilə üz- üzə qalan İslam dünyasının birliyi və tərəqqisi üçün Azərbaycanın fəal siyasət yürütməsini məqsədimiz hesab edirik. Yeri gəlmişkən qeyd etməyi zəruri hesab edirəm ki, 2017- ci ilin oktyabr ayında Türkiyədə 8 böyük müsəlman dövlətinin qurduğu D- 8 ittifaqında Azərbaycanın yüksək səviyyədə iştirakını və Qüds şəhərini İsrailin paytaxtı kimi tanınmasında sərgilənən dövlət mövqeyini təqdir edirik.

 

 

Azərbaycanda ilk Milli Görüş təşkilatı olan Doğru Yol Partiyası tarixdə varisliyi qorumaqla mücadilədə hər zaman haqqın yanında olub və İnşəallah bundan sonrakı fəaliyyətində də haqq prinsiplərindən kənara çıxmayacaqdır. Doğru Yol Partiyası Milli Görüş təşkilatı olaraq ölkəmizin xarici asılılıqdan azad olub Qafqazda, İslam dünyasında və dünyada Adil Düzən quran yeni bir Azərbaycanı görmək məqsədlərimizdəndir. Bunun üçün tarixdən nəticə çıxartmalıyıq. Təşkilat olaraq tariximizdə “Difai” və “İttihad” partiyalarını quran böyük dava adamlarımızın yaratdıqları siyasi xətti yaşatmaq və inkişaf etdirmək əzmindəyik. 1905-1911 ci illərdə Qafqazda erməni zülmünə qarşı dirənən Difai təşkilatının və həmin təşkilatın üzvlərinin sonradan qurduğu İttihad Partiyasının fəaliyyətini yüksək qiymətləndiririk. Doğru Yol Partiyasını XX yüzilliyin əvvələrində fəaliyyət göstərən milli təşkilat olan İttihad Partiyasının ideoloji varisi hesab edirik. Qeyd edim ki, Doğru Yol Partiyası olaraq Azərbaycan Cümhuriyyətinin 1918- ci ildə ingilis general Tomsonun qadağan etdiyi ilk bayrağını partiyamızın bayrağı olaraq qəbul etmişik.

 

Bir məsələyə üzülərək toxunmaq istəyirəm. Bilirsiniz ki, SSRİ dağıldıqdan sonra millətimiz hürriyətə qovuşdu və öz dövlətinin istiqlalını dünyaya elan etdi. Amma təəssüf ki, hürriyət və istiqlal davası dövlət müstəqilliyi elan edildiyi vaxtdan dayandırıldı. Hesab etdilər ki, artıq millət olaraq məqsədə çatmışıq, müstəqilik. Əslində isə bir imperiyanın müxtəlif mərhələlərdə üst- üstə 200 ildən çox əyaləti olan məmləkət qısa zamanda müstəqil ola bilməzdi. İqtsadiyyat, elm, sənaye, təhsil, siyasət, mədəniyyət və digər sahələrdə müstəmləkəçiliyin toxumları qalmışdı. Bu baxımdan istiqlal mübarizəsi daynmamalı, yeni mərhələyə keçməli idi. Təəssüf ki, bu baş vermədi. Və bir imperiyanın tərkibindən yenicə ayrılan millət yeni imperiya siyasəti yürüdən mərkəzlərin nüfuz dairəsinə düşdü. Partiyalar ideologiyalarından imtina etdilər, Azərbaycanı nüfuz dairəsinə salan Qərbin xoşuna gəlmək üçün milli azadlıq hərəkatında iştirak edən və bir zamanlar özlərinə milli- demokrat deyən siyasətçilər adlarının əvvəlindən milli sözünü sildilər. Böyük əksrəriyyət liberal- demokrat adını üzərlərinə götürməklə milli dəyərlərin, şüurun oturuşması prosesini zəiflətdilər . Yəqin ki, gələcəkdə Azərbaycan tarixinin milli azadlıq hərəkatı dövründən sonrakı mərhələsi yazılanda həmin siyasətçilərin strateji baxımdan nə qədər böyük səhv etdikləri göstəriləcəkdir.

Ölkədə olan mövcud ictimai- siyasi mühiti necə qiymətləndirirsiniz ?

Ölkəmizdə bu mərhələdə baş verən hadisələr, qlobal güclərin mübarizəsi kontekstində qiymətləndirilməlidir. Dünyada elita və kontr- elitaya daxil olan güclərin qarşıdurması coğrafi baxımdan kiçik olan ölkələrdə siyasi temperatura təsirsiz ötüşmür. Azərbaycanın coğrafi baxımdan kiçik dövlət olmasına baxmayaraq siyasi, iqtisadi, mədəni və başqa sahələrdə bölgənin dizaynının müəyyən edilməsində mühüm rolu vardır. Bu baxımdan da qlobal güclərin dövlətimizə, millətimizə daim marağı olmuş və bizimlə bağlı, onlar zaman- zaman planlar qurmuşlar. Təəssüflə qeyd edirəm ki, bu gün ölkəmizdə siyasi durumun şəklini çəkməkdə həmin güclərin böyük imkanları var. Müstəqil dövlət olsaqda tam müstəqilliyimizə qovuşa bilməmişik. Tam müstəqil ola bilmədiyimizdən dolayı regionda və ölkəmizdə marağı olan qüvvələr fəal siyasət aparırlar və gərginliyin yaranmasında fəal rola malikdirlər.

Azərbaycanda siyasi vəziyyəti orta- ağır hesab edirəm. Millət bu gün siyasi, iqtisadi və mədəniyyət sahəsində olan böhranın təsirindədir. Təəssüf ki, iqtidar monolit qüvvədən ibarət olmadığına və milli şüura sahib kadrlar hakimiyyətdə az təmsil olunduğundan, problemdən uzun müddətə çıxış yollarını tapıb ortaya qoya bilmirlər.

Ənənəvi müxalifətin kütləvi aksiyalarına necə baxırsınız ? Müxalifətin əsas səhvi, nöqsanı nədir Sizcə ? Azərbaycan reallığında müxalifət necə olmalıdır ?

Hər bir siyasi müxalifətin cəmiyyətə çıxış yolu olmalıdır. Hesab edirəm ki, iqtidar müxalifətin insanlarla əlaqə yollarını qapamamalıdır. Əksinə müxalifət açıq fəaliyyət göstərdikcə, potensial imkanlarını realizə etdikcə cəmiyyət üçün faydalı nəticələr ortaya çıxa bilər. Müxalifətin cəmiyyətə çıxış yolları süni formada qapanarsa yaranan vəziyyətdən başqa qüvvələr bədnam planları üçün istifadə edə bilərlər.

Mən Azərbaycanda siyasi müxalifətin kütləvi aksiyalarını əsasən üç mərhələdə görürəm. Birinci, 1998- 2003, İkinci mərhələ 2005- 2009 və üçüncü mərhələ olaraq isə 2010- cu ildən bu günə qədər. Etiraf edirəm ki, 2010- cu ildən başlanan prosesə münasibətim birmənalı deyil. Hesab edirəm ki, kütləvi aksiyalar ilk iki mərhələdə millətin maraqlarına uyğun idisə, üçüncü mərhələdə bu maraqlar bir o qədər nəzərə alınmır. Qərbin təqlidçi  müxalifətinin keçirdiyi kütləvi aksiyalarda başqa səslər eşidilir. Bu səslər tarixi və milli maraqlar baxımından bizə müsbət heç nə vəd etmir.

Qarabağın azadlığı üçün keçirilən kütləvi aksiyalara münasibətiniz ?

Qarabağ məsələsi daim millətimizin gündəmində olmalıdır. Təəssüf ki, bəzi qüvvələr xaincəsinə Qarabağ məsələsi üzərində yanlış planlar qururlar. Bu bağışlanılmaz səhvdir. Gedən proseslərə diqqətlə yanaşmaq lazımdır. Qarabağın azad edilməsi istiqamətində Azərbaycan güzəştsiz və qəti mövqe tutmalıdır. Bu gün təəssüf ki, xaricdən və daxildən Qarabağın unutdurlması və mövcud reallıqlar üzərində cəmiyyətimizi şərəfsiz sülhə hazırlayan qüvvələr fəaliyyət göstərirlər. Bunun qarşısında Azərbaycan diplomatiyası çox zəif görünür.
27 ildir ki, torpaqlarımız işğal altındadır və bir addım olsun belə cidd irəliləyiş yoxdur. Əksinə günü- gündən zaman bizim əleyhimizə işləyir. 2017- ci ildə ATƏT- in Minsk Qrupunun həmsdər dövlətlərindən biri olan Amerika Qüds şəhəhərini İsrailin paytaxtı və bir neçə gün əvvəl isə Suriya ərazisində Qoland təpələrini İsrailin torpaqları olaraq tanıdı. Kim qarantiya verə bilər ki, günün birində Amerika Xankəndi, Şuşa ilə bağlı xain qərar verməyəcəkdir ? Ümumrespublika Qarabağ mitinqinin çağırılması üçün Doğru Yol Partiyası olaraq mətbuat vasitəsilə iqtidara müraciət edirik. Hesab edirəm ki, ölkə içində milli əhval ruhiyyənin güclənməsi istiqamətində iqtidar addımlar atmalıdır. İqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının üzərində tarixi məsuliyyət var. Tarixi məsuliyyət iqtidarı cəmiyyətin bütün sferalarını Qarabağ ruhunda birləşdirməlidir. Həmçinin antaqonist şəkil alan iqtidar müxalifət münasibətləri, cəmiyyətdə mövcud kəskin təbəqələşməni aradan qaldırmaq lazımdır. Hesab edirəm ki, Qarabağ məsələsi ətrafında real addımlar atmaq zamanı yetişdiyi halda, bütün siyasi qüvvələrin bu məsələdə səmimiyyətləri, niyyətləri aydın görünəcəkdir.

Milli Görüş düşüncəsində demokratiya, azadlıq nə deməkdir ?

Demokratiya, Azadlıq insanların təbii haqq və hüquqlarına daxildir. Allah insanı faili muxtar yaradıb. Ona şüur verib. Şüurlu insan pisi və yaxşını, gözəli və çirkini, halal və haramı bir birindən seçməlidir. Demokratiya və Azadlıq İslam dünyasında bu cür qəbul edilir. Amma təəssüf ki, birdə bu terminlər Qərbdə necə başa düşülür məsələsi var. Bu gün bizim Azərbaycanda siyasətlə məşğul olanlar demokratiya və azadlığı Qərbin anladığı dildən cəmiyyətə izah edir. Qərb isə bir çox hallarda Azadlıq və Demokratiyanı İslam dünyası üçün çevrilişlər, toqquşmalar üçün əsas tezis olaraq istifadə edir. Təxminən 60-70- ci illərdə SSRİ dünyada kommunist inqilabları həyata keçirdiyi kimi, bu gün Amerika demokratiya inqilablarını edir. Azadlıq və demokratiya xalqların milli dövlətlərinə qarşı təzyiqi üçün vasitəyə çevrilməməlidir. Hər kəs bu prinsipləri qəbul etməlidir və cəmiyyətdə müxtəlif qüvvələr bir birinə hörmətlə yaşamalıdır.Biz belə hesab edirik.

Doğru Yol Partiyasının seçkilərə münasibəti necədir ? Seçkidə iştirak edən qüvvə iqtidara yaxın, etməyən isə əsil müxalifət kimi təqdim edildiyi vaxtda Sizin seçkiyə münasibətiniz maraqlıdır.

Doğru Yol Partiyası olaraq biz hakimiyyətin mənbəyi millət olduğunu qəbul edir və millətimizin seçki yolu ilə hakimiyyəti formalaşdırmaq iradəsini tanıyırıq. Bu yolun əksi yoxdur, ola bilməz və başqa yollara da imkan vermək olmaz. Bizim dərdimiz bəzilərindən fərqli olaraq mülk, varlanmaq, sərvət toplamaq deyil, millətimizin gələcəyidir. Millətinin gələcəyi haqqında düşünən prinsipial siyasətçilər millətinə faydalı olan yolu seçərlər.
İnşallah, biz qarşıda olan seçkilərdə maliyyə imkanlarımız yetdiyi halda iştirak edəcəyik. Bu bizim və cəmiyyətin narahat olduğu məsələləri birgə müzakirə etmək, siyasətə yeni baxış bucağının olduğunu millətimizə çatdırmaq üçün mühüm imkandır.
Qeyd edim ki, 2015- ci ildə keçirilən parlament seçkisində Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə təşkilat komitəsinin sədri olaraq iştirak etmişdim. Prosesin namizədin qeydiyyata alınma mərhələsində süni manelər yaradılsada, Allah razı olsun, haqqı üstün tutan şəxslər demək varmış, onların sayəsində namizədlik qeydiyyatım müsbət həll edildi. Reallıqları nəzərə aldıqda 2015- ci ilin parlament seçkisində çox yüksək nəticə göstərdiyimiz qənaətinə gəlirəm. Rəsmi mövqeyə görə seçkinin nəticəsində ikinci yerdə idim. Hesab edirəm ki, seçki bizim üstünlüyümüz ilə keçdi və bu Sumqayıt seçicilərinin mənəvi qələbəsi kimi qiymətləndirilə bilər.

Seçki millətin iradəsini ifadə yoludur. Ümid edirəm ki, gedən proseslər müsbət nəticə ilə bitəcək və cəmiyyətin seçkiyə münasibəti dəyişəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here