Benzinin qiymətinin yüksək olduğu, eləcə də zəhərli qazların havaya buraxılmasının ciddi bir problemə çevrildiyi zamanda elektromobillərin istifadəsi qənaətbəxşdir. Bəs ölkəmizdə elektromobillərdən  istifadə və bu avtomobillərin Azərbaycana  idxalı hansı səviyyədədir?

Bu barədə Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Modern.az-a danışıb.

“Artıq 10 ilə yaxındır ki, Azərbaycana elektromobillər, hibrid avtomobillər gətirilir. Bu avtomobillərin ən mühüm keyfiyyətlərindən biri mühərriyin səssiz işləməsidir. Eyni zamanda, hibrid avtomobillərdə  mühərrik işə salınarkən yanacaq sərfiyyatı yoxdur, bu da öz nöbəsində qənaət deməkdir. Bu avtomobillərin istehsalı bütün dünyada yanacaqdan imtinaya səbəb olacaq bir stimuldur.
Elektromobillər tam olaraq elektrik gücünə işlədiyinə görə Azərbaycan mühiti üçün bir az çətinlik yaradır. Məsələn hibrid avtomobillərdə benzin mühərriki işə düşdükdə elektriklə işləyən mühərrik itirdiyi enerjini avtomatik bərpa edir. Biz belə avtomobilləri həm şəhər daxilində, həm də regionlarda asanlıqla istifadə edə bilərik.
Elektromobilləri isə yalnız şəhər daxilində istifadə edə bilirik. Çünki bu avtomobillər sırf elektriklə işləyir və elektrik enerjisinin bərpası  üçün stansiyalar yalnız Bakıda mövcuddur. Çox təəssüf olsun ki, SOCAR bu məsləyə o qədər də ciddi yanaşmır.
2018-ci il dekabrın 27-də cənab prezident “Yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramı”nı təsdiq edib.  Həmin  proqramda göstərilir ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə şərait yaradılmalıdır.  Gömrük Komitəsində bu maşınların ölkəyə gətirilməsi ilə bağlı ciddi problemlər var. Belə ki, gətirilən maşın dəyərinin 15%-i həcmində vergi ödənməlidir. Bu da əlavə xərc olduğu üçün insanlar bu maşının ölkəyə gətirilməsində bir o qədər də maraqlı deyillər. 15-20 il əvvələ nisbətdə yanacağın keyfiyyəti xeyli aşağı düşüb.  Buna görə də yanacağın hazırda atmosferə vurduğu ziyan böyükdür. Dünyanın bir çox ölkələrində elektromobil sürücüləri üçün əlverişli şərait yaradılır.  Belə ki, mağazaətrafı yerlərdə, ümumilikdə şəhər daxilində belə avtomobillərin enerji yığması üçün əlverişli şərait yaradılıb. Çox təəssüf ki, ölkəmizdə  bu barədə vəziyyət mürəkkəbdir, əlverişli şərait yoxdur. Bu yaxınlarda Gömrük Komitəsininn sədri açıqlama verdi ki, gələcəkdə bu avtomobillərin gömrük xərclərinə yenidən baxılsın, qiymətlərdə ucuzlaşma olsun”.

Əzizə Zeynal

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here