Partiya sədrləri arasında danışıqlar gedir

Azərbaycanın müxalifət düşərgəsində yeni blok yaranır. Yaxın vaxtlarda blokun elan ediləcəyi gözlənilir. ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə geniş müsahibəsində yeni birliyin yaranması istiqamətində Ümid Partiyasının sədri İqbal Ağazadə ilə və digər partiya sədrləri ilə görüşləri olub:

“Bilirsiniz ki, son vaxtlar Azərbaycanda iki blok-Milli Şura və Azərbaycan Xalq Hərəkatı fəaliyyət göstərir. Və bu bloklar cəmiyyətə müəyyən bir siyasi yol xəritəsi təqdim ediblər. Biz bu blokların hər ikisinin fəaliyyətindən bir qədər kənarda dayanmışıq. Düzdür, Azərbaycan Xalq Hərəkatında müşahidəçi kimi iştirak edirik, lakin bilavasitə təşkilati işlərində iştirak etmirik. Qeyd edim ki, son vaxtlar Azərbaycan Xalq Hərəkatında parçalanma əmələ gəldi. Ümumiyyətlə, biz özümüz üçün bir şeyi müəyyənləşdirmək istəyirdik ki, Azərbaycan xalqı hansı ideyanın arxasınca gedə bilər. Çünki Azərbaycan Xalq Hərəkatı üsyanın, cəmiyyətdə radikal dəyişilmələrin tərəfdarı kimi çıxış edir.

Əli Kərimli və onun tərəfdarları isə Azərbaycanda dəyişilmələrin küçə demokratiyası ilə mümkünlüyünə xalqı inandırmaq istəyir, bu istiqamətdə cəhdlərə çağırırlar. Lakin görürük ki, xalq Milli Şuraya və Azərbaycan Xalq Hərəkatına kütləvi şəkildə qoşulmur, onlara ciddi dəstək vermir. Bu səbəbdən də fikirləşdik ki, xalqa yeni alternativ yol təklif edək, baxaq görək, bəlkə bu yolla gedə bilərik. Yəni məşhur bir kəlamda deyildiyi kimi ”Demokratiyada çarələr tükənməz”. Ona görə də demokratiyanın bizə verdiyi imkanlardan istifadə edərək yeni təkliflə çıxış edirik. Belə ki, əgər əhalinin böyük çoxluğu xalq hərəkatı istiqamətində getmirsə, eyni zamanda Əli Kərimlinin mitinq taktikası ətrafında birləşmirsə, o zaman bəlkə xalq dinc demokratik islahatlar yolu ilə ciddi dəyişilmələri istəyir. Odur ki, bu məsələləri müzakirə etdik və belə bir qənaətə gəldik ki, xalqa üçüncü bir yol təklif edək və bizim kimi düşünən siyasi qüvvələrlə bu yolda birgə hərəkət edək”.

sərdar cəlaloğlu İqbal ağazadə ile ilgili görsel sonucu

S.Cəlaloğlu bloku niyə məhz İqbal Ağazadə ilə blok yaratmağa çalışdıqlarından danışıb: “İqbal bəylə bu məsələni başlatmağımızın bir əsası var. Çünki onunla uzun müddət bir blokda olmuşuq, bir-birimizi kifayət qədər yaxşı tanıyırıq və ideyalarımız da üst-üstə düşür. Görüş zamanı da məhz bu məsələləri müzakirə etdik. Eyni mövzu ilə bağlı artıq Doğru Yol Partiyası təşkilat komitəsinin sədri Kəramət Salayevlə də görüşümüz olub. Gənc, yeni təşəkkül tapmağa başlayan partiyadır. Bəlkə də ölkənin siyasi həyatında bir çox adam hələ onu tanımır, lakin həddən artıq perspektivli və Azərbaycan gerçəkliyinə cavab verən, kifayət qədər ideoloji hazırlığı olan şəxsdir. Eləcə də bu qəbildən olan digər qüvvələri, Azərbaycan Xalq Hərəkatına qoşulmayan, Əli Kərimlinin apardığı siyasi xətdə təmsil olanmayan qüvvələri bir araya gətirərək üçüncü bir yolun başladılması qənaətinə gəlmişik. Biz bunu bir blok şəklində nəzərdə tutmuşuq. Ümid edirəm ki, qısa müddətdə yeni siyasi blok təsis olunacaq və biz fəaliyyətimizə başlayacağıq.

Biz fəaliyyətimiz zamanı ölkədə konkret hansı islahatlar və hansı ardıcıllıqla getməlidir, islahatları Azərbaycanın müstəqilliyi və suverenliyinə ziyan vurmadan necə aparmaq olar, xalqı necə bu islahatlara cəlb etmək olar və sair istiqamətlərdə olan səyləri davam etdirmək niyyətindəyik. Məqsədimiz odur ki, hökumətə konkret islahatlarla bağlı təkliflər verək, yol xəritəsi göstərək, eyni zamanda ideyalarımızı cəmiyyətə yayaq və bu yolla tərəfdarlarımızın sayını artıraq”.

ADP sədri blokda təmsil olunmaq üçün demək olar ki, bir çox partiyalarla danışıqları olub: “Şəxsən mən Azərbaycan Xalq Hərəkatında olan partiyalarla danışıqlar aparmışam. Qənaətimə görə, həmin adamlar o blokun fəaliyyətinə bir o qədər də inanmırlar və yaxud da perspektivini görmürlər. Həmin adamlarla müzakirələr aparmışıq. Lakin ciddi nəticə, müsbət cavab almamışam. Bəziləri deyib ki, biz sonradan qoşularıq, bəziləri isə qeyd ediblər ki, indiki məqamda seçdiyimiz yoldan dönə bilmərik. Yəni hərə ortalığa bir səbəb qoyub. Lakin biz Ümid Partiyasının sədri İqbal bəylə, o cümlədən Doğru Yol Partiyası təşkilat komitəsinin sədri Kəramət bəylə bu barədə razılığa gəlmişik. Bir neçə nəfər də var ki, onlarla da prinsipial olaraq razılığa gəlmişik, ancaq hələlik cəmiyyətə təqdim etmək baxımından müəyyən danışıqlarımız gedir. Danışıqlar həll olunsa, o zaman  3-4 qüvvə bir yerdə yeni siyasi blok yaradıb birgə fəaliyyət göstərəcəyik”.

İsgəndər Həmidov ile ilgili görsel sonucu

Sərdar Cəlaloğlunun “Azərbaycan Xalq Hərəkatı üsyanın, cəmiyyətdə radikal dəyişilmələrin tərəfdarı kimi çıxış edir” fikriləri ilə bağlı AXH-nin təsisçisi İsgəndər Həmidovun mövqeyini öyrəndik. O, bildirdi ki, AXH-nin təsis yığıncağı yanvarın 26-da məhz ADP-nin qərargahında keçirilib. Sərdar Cəlaloğlu üsyan tərəfdarı olan, üsyan çağırışı edən bir təşkilata öz qərargahında tədbir keçirməyə şərait yaratmazdı. Sərdar bəy ona görə şərait yaratmışdı ki, AXH ölkədə demokratiya qurmaq uğrunda demokratik mübarizənin tərəfdarıdır, üsyan və güc yolu ilə mübarizənin tərəfdarı deyil: “Sərdar bəy ola bilsin ki, AXH-nin başqa hansısa təşkilatla səhv salıb. Çünki AXH-nin nə əsasnaməsində, nə çağırışlarında, nə qəbul etdiyimiz bəyanatlarda heç vaxt üsyana çağırış olmayıb. AXH dinc demokratik mübarizənin tərəfdarıdır və demokratiyanın demokratik mübarizə yolu ilə bərqərar olmasını istəyir”.

E.SEYİDAĞA,
“Yeni Müsavat”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here