Fiziki şəxslərin problemli krteditləri ilə bağlı məsələnin həllini nəzərdə tutan prezident fərmanının icrası yekun mərhələdədir. Fərmanın əhatə dairəsinə düşən fiziki şəxslərin mühüm bir hissəsi onlara çatacaq kompensasiyanı əldə edib. Bu prosesin yekunlaşması nəzərləri problemli biznes kreditləri ilə bağlı məsələyə yönəldib.

Xatırladaq ki, maliyyə naziri Samir Şərifov və digər hökumət rəsmilərinin mətbuata verdikləri açıqlamalarda devalvasiyalardan əziyyət çəkmiş sahibkarlara da dövlət tərəfindən dəstək veriləcəyi, bununla bağlı müvafiq qurumlarda işlərə başlandığı bildirilib. Fiziki şəxslərlə bağlı işlərin son mərhələdə olması sahibkarlara dövlət dəstəyi məsələsi ətrafında müzakirələrin başlanmasına səbəb olub. Problemli biznes kreditlərinə görə dövlət dəstəyinin mümkün mexanizmi, əhatə dairəsi və sair istiqamətlərdə müxtəlif variantlar təklif olunmaqdadır.

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov hesab edir ki, dövlətin biznes kreditləri üzrə devalvasiya itkilərini öz üzərinə götürməsi indiki mərhələdə real deyil: “Çünki belə bir niyyət, dövlətin imkanı olsaydı, onda elə istehlak kreditləri üzrə dəstəyin əhatə dairəsi daha geniş götürülə bilərdi. Yəni demirəm ki, 10 min dollardan yuxarı olan kreditlərin də bütün məbləğinə, ən azı 10 minə qədər olan hissəyə görə kompensasiya verilərdi. Son vaxtlar çoxlu sayda vətəndaş mənə müraciət edir, insanlarda narazılıq yaranıb. Elə adam var ki, 2013-cü ildə 50 min dollar götürüb, 2015-ci ilədək 10 mindən az məbləğ qaldığına görə ona şamil olunub. Amma elə adam da var ki, 2014-cü ildə, hətta 2015-ci ilin əvvəlində 11 min dollar götürüb, ona şamil olunmayıb. Bu baxımdan, çox yaxşı olardı ki, hamının kreditinin 10 min dollara qədər olan hissəsinə kompensasiya hesablanaydı. Buna dövlətin imkanı çatmırdısa, hamının kreditinin 5 min dollara qədər olan hissəsi götürüləydi. Bütün bunlara baxmayaraq, prezident fərmanı hər bir halda gözləniləndən daha yaxşı oldu, belə güzəştləri heç kim gözləmirdi”.

Mütəxəssisin sözlərinə görə, dövlət biznesə də devalvasiyalara görə dəstək vermək qərarına gələrsə, bu zaman istehlak kreditlərinin qalan hissəsinə də 10 min dollara qədər məbləğ üçün kompensasiya nəzərə alınmalıdır: “Niyə deyirəm 10 minə qədər olan hissəyə, çünki 100-200 min, hətta 3-5 milyon dollar istehlak krediti verilməsi halları da var, qanunvericiliklə qadağan olunmasına baxmayaraq. Mən hələ də təəccüblənirəm ki, hüquq-mühafizə orqanları niyə bu faktlarla bağlı cinayət işləri başlatmırlar. Bir çox bankların sənədlərini şəxsən görmüşəm – 10 milyon dollar istehlak krediti alan var. Belə kreditlərin heç birinə güzəşt tətbiq olunmamalıdır. Digər tərəfdən, biznes kreditlərinə görə də dövlət dəstəyi veriləcəksə, burada söhbət yalnız kiçik və məhdud olaraq orta sahibkarlardan gedə bilər. Səbəbini də deyim, istehlak kreditini götürən adi vətəndaşın maliyyə və hüquqi bilikləri aşağı səviyyədədir: o, devalvasiya ehtimalını müəyyənləşdirə bilməzdi. Maliyyə məsləhətçisi, vəkili və sair yoxdur. Eyni vəziyyət kiçik sahibkarlarla bağlı da mövcuddur. Lakin orta və xüsusilə iri sahibkarın maliyyə və hüquq məsləhətçiləri olmalıdır. Orta və iri sahibkar o deməkdir ki, öz maliyyə və biznes risklərini qiymətləndirmək bacarığın, yaxud belə bacarıqları olan məsləhətçilərin olmalıdır”.

Ə.Həsənov deyir ki, bu baxımdan, Azərbaycanda dövlət hesabına yalnız devalvasiyalardan əziyyət çəkən kiçik sahibkarlara dəstək verilə bilər: “Dövlətin ayırdığı vəsait bizim hamımızın ödədiyimiz vergilərdən formalaşır. Biznes risklərini qiymətləndirməyi bacarmayan iri sahibkara bu vəsaitlər hesabına yardım edilməsi düzgün addım olmaz. Kiçik sahibkara yardım edərkən də diqqət yetirmək lazımdır ki, kredit təyinatı üzrə sərf olunub, ya yox. Burada da ciddi problemlər var. Çünki əksər biznes kreditlərinin təyinatı olaraq rəsmiləşmədə ”dövriyyə vəsaitlərinin artırılması” göstərilib. Bu, cəfəngiyyatdır. Çünki istənilən məbləği alırsansa, dövriyyə vəsaitin artır da. Buna görə də müqavilədə konkret göstərilməlidir ki, kredit, tutalım, təmir, tikinti, avadanlıq alınması və ya digər istiqamət üçün alınır. Konkret təyinat göstərilən kreditlər üzrə də vəsaitlərin məhz həmin sahəyə xərclənib-xərclənmədiyi araşdırılmalıdır. Məsələ burasındadır ki, sahibkar kreditlərinin böyük əksəriyyəti elə bank sahiblərinin öz adamlarıdır, onların vasitəsilə banklardan külli miqdarda pullar çıxarılıb”.
“Yeni Müsavat”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here