Xəbər verdiyimiz kimi, Azərbaycan əsilli müğənni Sami Yusuf Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə, azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırladı. Və kompozisiya Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa olundu.
Əksər insanlar tərəfindən bəyənilən bu layihəni bəyənməyənlər, tənqid edənlər də tapıldı. Tənqid edənlərin arasında isə ziyalılar, sənət adamları çoxluq təşkil etdi.
Tanınmış uroloq Vasif İsmayılov isə düşünür ki, bu layihə sadəcə “xalturadır”: “Melodiya yoxdur,  mən orada ancaq yuxarı notlardan başlayaraq bəm səslərdə mayə ilə bitən 4 xanəlik bir fraza dinlədim – vəssalam. Bunu bəzən kənddə çobanlar da zümzümə edə bilərlər. Yaxşı, insan çox sadə, hətta kasıb melodiyanı da möhtəşəm əsərə çevirə bilər. Amma burada heç bir aranjeman yoxdur. Polifoniyanın heç bir metodundan istifadə edilməyib. Hardasa əlliyə yaxın alətdə ifa edilir, amma heç bir aləti eşidə bilmirsən. Bağışlayın, kələpurun belə bir teksturası var. Sami Yusufda sadə kartof püresi alınıb. İçinə bir az zirinc atıblar – o da ki, zirinci rəndələyəndən sonra”.
Bütün bunlarla yanaşı, Nəsimi ilə bağlı layihənin Azərbaycan bəstəkarlarından birinə sifariş edilməməsinə görə aidiyyəti qurumları qınayanlar da var. Həmin şəxslər iddia edirlər ki, Nəsimiylə bağlı layihənin Azərbaycan bəstəkarlarına həvalə olunmaması təhqirdir. Həmçinin, soruşurlar ki,  bu layihəyə, ümumiyyətlə, dövlət səviyyəsində tədbirlərə xaricdən sənətçilərin dəvət olunmasının səbəbi nədir? Olmaya, bizdə musiqi sənəti, bəstəkarlıq, ifaçılıq artıq iflasa uğrayıb?
Bu sualı cavablandırmaq üçün bəstəkar Cavanşir Quliyevə müraciət etdik. Bəstəkarın cavabı belə oldu:
“Məncə, sualın ünvanı yanlışdır – adını çəkdiyiniz proyektin müəlliflərinə verməlisiniz bu sualı. Bəstəkarları qısqanclıqda ittiham edəcəklər, əgər onlar münasibət bildirsələr. Mən sizin yerinizə bu sualı Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə verərdim. Çünki onun Nəsimi ilə bağlı böyük Oratoriyası var. Niyə onu xalq üçün çalmırlar, onun cavabı maraqlı olardı.
Vaxtı ilə müsahibələrimin birində demişdim ki, belə getsə, gələcəkdə öz musiqimizi ifa etmək üçün xaricdən musiqiçi gətirəcəyik, müğənnilər üçün xaricdən bəstəkar gətirəcəyik. Buyurun… “Eurovision” bunu isbatladı, Yusuf Sami bunu isbatladı… Bu hələ harasıdı…?”
Layihənin özünə gəldikdə isə C.Quliyev belə dedi:
“Mənim Nəsimi poeziyasının musiqi həlli məsələsinə öz baxışım var. Fərqlidir. Amma, heç kəsin də yanaşmasının əlehinə deyiləm. Seçim xalqındır”.
Qeyd edək ki, ekran işinin yaradıcı prodüseri və rejissoru Andrey Boltenko, kompozisiyanın bəstəkarlığını isə Sami Yusuf özü edib. Müğənnini azərbaycanlı muğam ifaçısı Təyyar Bayramov və aşıq Samirə müşayət edib.BÖLMƏ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here