Bir müddət əvvəl Azərbaycan mediası yanğından çıxmış meşəni xatırladırdı. Amma “meşənin ruhu” diri olanda “yağış” damcısı da həyatın yenidən cücərməsinə bəs edir. Bir neçə jurnalist həbsdən çıxdı, “Turan” işini bərpa etdi, “Zerkalo” hərəkətə gəldi, “Ayna” dirçəldi. İndi Bakı Mətbuat Klubunun dönmək vaxtıdır.
Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Bakı Mətbuat Klubunun prezidenti Arif Əliyev öz Feysbuk hesabında paylaşıb. Jurnalist Klubun bərpa edilməsinin aktual olduğunu qeyd edib:
“Simasını dəyişmiş media məkanına Klubumuz fərqli formatda, yeni təqdimatla qayıdacaq. Yəni, bu, keçmişə donüş yox, gələcəyə qayıdış olacaq. Dünya qloballaşır. Həyatla ayaqlaşmaq üçün biz də təfəkkürümüzün, onunla bərabər mediamızın sərhədlərini genişləndirməliyik. Əslində bu, “köhnəzehinlilərin” müqavimətindən asılı olmayaraq baş verir. Dünənə qədər birgə çalışdığımız həmkarlarımızın sorağı bu gün qitənin o başından, okeanın o tayından gəlir. Pressklub saytı aradakı sədləri götürməyə, bütün potensialı həm mediamızın, həm Azərbaycanın xeyrinə yönəltməyə çalışır”.
Arif Əliyev amalın bu olduğunu və həmkarlarının çağırışa cavab verəcəklərinə inandığını bildirib:
“Beləliklə: Bakı Mətbuat Klubunun saytı Azərbaycanın media professionalları ilə yanaşı, başqa ölkələrdə yaşayan və eyni sahədə çalışan həmvətənlərimizi, habelə Azərbaycana peşəkar maraq göstərən xarici jurnalistləri bir araya gətirəcək platformadır. Təbii ki, virtual Klub üz-üzə əyləşib çay süfrəsi arxasında söhbətləşmək imkanı vermir. Amma o, ünsiyyət qurmaq, bilikləri artırmaq, fikir və təcrübə mübadiləsi aparmaq istəyən şəbəkə üzvlərinə hər cür şərait yaradır. Burada hər kəs ehtiyac duyduğu köməyi tapacaq: Klubun mühüm funksiyalarından biri də media işçilərinə professional baxımdan dəstək olmaqdır.
Mətbuat Klubu onun “qapısını” döyənlərin üzünə açıqdır. Buraya daxil olarkən sizdən nə yaşınızı, nə cinsinizi, nə milliyyətinizi soruşacaqlar; boyunuz və çəkiniz heç bir əhəmiyyət kəsb etmədiyi kimi, siyasi baxışlarınız da kimsədə sual doğurmayacaq. İkicə şey: media mənsubu olmağınız və Azərbaycanla bağlılığınız, yaxud ona maraq göstərməyiniz kifayətdir. Bu marağı mümkün qədər dolğun təmin etmək üçün isə sayt, şəbəkə üzvlərinin birbaşa ünsiyyətinə şərait yaradan Forum bölümündən başqa, müxtəlif rubrikalar təklif edir:
Tədbirlər – Bakıdan nə qədər uzaqda olsanız da, Klubun keçirdiyi tədbirlərdə (mətbuat konfransları, müzakirələr və s.) iştirak edə biləcəksiniz;
Xəbərlər – Azərbaycanda baş verən, sizə də bu və ya digər dərəcədə aidiyyatı olan hadisələr barədə mütəmadi məlumatlandırılacaqsınız;
Eksklüziv – ən maraqlı, mühüm, bəzən diqqətdən kənarda qalan mövzularda əməkdaşlarımızın araşdırmaları ilə tanış olacaq, özünüz üçün də yeni mövzular əldə edəcəksiniz.
Xəritə – sizinlə eyni peşə sahibi olan həmvətənlərinizin hansı ölkələrdə yaşadıqlarını, harada işlədiklərini biləcək, onlarla necə əlaqə qurmaq barədə məlumat alacaqsiniz;
Mediateka – professional maraq dairənizə aid olan mövzularda arayışlar alacaq, yeniliklərlə tanış ola biləcəksiniz: buraya KİV haqqında qanunvericilik, normativ aktlar, statistik məlumatlar, araşdırmalar, filmlər, kitablar daxildir. Ölkənin siyasi, iqtisadi, mədəni, idman həyatında, digər sahələrdə il ərzində planlaşdırılmış mühüm hadisələrin təqvimi, onlar barədə məlumatlar daim əlinizin altında olacaq. Xarici mediada Azərbaycan haqqında ən yeni materiallarla da tanış olacaq, öz məqalələrinizi, süjetlərinizi burada yerləşdirə biləcəksiniz;
Sorğu – Sayt sizə birbaşa xidmətlər göstərəcək. Dövlət orqanları tərəfindən sorğunuza operativ cavab lazımdırsa, o sizin təmsilçiniz, görüş və ya müsahibə üçün razılıq almaq gərəkdirsə, vasıtəçiniz olacaq. Hansısa ünvanla əlaqə yaratmaq, material hazırlamaq, akkreditasiyadan keçmək və s. kimi məsələlərdə çətinliyiniz yarandıqda isə sayt sizin məsləhətçiniz, köməkçiniz rolunu oynayacaq.
Sentyabrın 17-si saat 12-dən etibarən pressklub.az saytının “qapıları” açıqdır. Onun təqdimat mərasimindən reportajı bu saytdan, Facebook, Youtube səhifələrindən, tərəfdaşlarımız “Ayna TV”, “Turan” İA, SAMM TV, (İsveç), Kanal 13-dən (Almaniya) izləyə bilərsiniz.
Sizi geniş əməkdaşlığa dəvət edir, info.pressklub.az e-mail ünvanında arzu tə təkliflərinizi gözləyirik.
Hörmətlə, Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Mehman Əliyev və saytın kollektivi: Ayxan Şıxlinski, Rauf Orucov, Aytən Əliyeva, Eldar Quliyev, Nicat Əliyev, Ülviyyə Şahin, Səbuhi Salamov”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here