İstintaq apararkən, yaxud da məhkəmə proseslərində onun üzünə ən ağır sözlər deyilib, ünvanına açıq şəkildə “yaramaz”, “əclaf”, “cəllad”, “şərəfsiz” kimi ifadələr söylənilib. Amma o, heç vaxt təmkinini pozmayıb. Çünki son sözü demək haqqı onda olub. SSRİ-nin ən səs-küylü məhkəmə proseslərində dövlət ittihamçısı kimi iştirak edən Roman Rudenko sonda hakimlərdən ən ağır cəzaların tətbiqini istəyib.
1945-ci ildə başlayan Nürnberq prosesində nasist rejiminin öndə gedən şəxsləri mühakimə olunanda da SSRİ tərəfindən əsas ittihamçı Rudenko olub və insanlığa qarşı cinayət törədənlərə ən ağır cəzalar tələb edib.
Milliyətcə ukraynalı olan Roman Rudenko 1907-ci ildə Çerniqovda anadan olub. O. yeddiillik təhsildən sonra ilk əmək fəaliyyətinə fəhləlikdən başlayıb. 18 yaşında partiya sıralarına daxil olub. 1929-cu ildə Çerniqov dairəsi Partiya Komitəsinin qərarı ilə dairə prokurorluğuna işləməyə göndərilib. Moskvada 6 aylıq hüquq kurslarını keçdikdən sonra Rudenko Çerniqov prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.
Qiyabi yolla ali hüquq təhsili alan Rudenko 1937-1941-ci illərdə Donetsk və Stalin vilayətlərinin (bu vilayət Donetsk və Luqansk vilayətlərinin inzibati əraziləri hesabına yaradılıb, sonralar ləğv olunub) prokuroru vəzifəsində işləyib.
1937-ci ildə “NKVD” üçlükləri yaradılanda Rudenko üçlüyün üzvü olub və SSRİ ərazisində fəaliyyət göstərən “üçlük”lərin ən “məhsuldar” qruplarından biri sayılıb. Maraqlı faktlardan biri odur ki, “üçlük”lərin tərkibində olanda məhkəməsiz, sübutsuz minlərlə insanı ittiham edərək güllələnməyə, sürgünə göndərən Rudenko Xruşovla söhbətlərinin birində, ona “üçlük”lərin fəaliyyəti ilə bağlı verilən suala belə cavab verib:
“Ümumiyyətlə, “üçlük”lərin fəaliyyəti qanunsuz, heç bir hüquqi normaya sığmayan bir məsələ idi. Məhkəmə hökmü olmadan kiməsə cəza vermək bu ağılasığmaz bir ədalətsizlik, haqsızlıq, vəhşilik və bir cinayət idi…”
Daha bir maraqlı fakt isə odur ki, Stalin repressiyalarının fəal üzvü olan Rudenko 1954-1956-cı illərdə repressiya qurbanlarının bəraəti ilə bağlı yaradılmış xüsusi komissiyaya rəhbərlik edənlərdən biri olub və bu komissiyanın işində o, özünü “humanist sovet prinsipləri”nə ən sadiq bir şəxs kimi göstərib.
1941-ci ildə Rudenkoya SSRİ prokurorluğunda milis orqanlarına prokurorluq nəzarəti şöbəsinə rəhbərlik etmək həvalə olunub. O, burada fəallığı ilə fərqlənib.
1942-ci ildə Roman Rudenko Ukrayna prokurorunun müavini, 1944-cü ildə isə Ukraynanın prokuroru təyin edilib.
1945-ci ilin yayında Siyasi Büroda SSRİ tərəfindən Nürnberq prosesində iştirak edəcək nümayəndələrin siyahısı hazırlananda Rudenkonun adı heç bir müzakirə olmadan siyahıya əlavə olunub.
1953-cü ilin iyunun 26-da Lavrenti Beriya həbs olunanda Nikita Xruşov həmin gün SSRİ-nin baş prokuroru Qriqori Safanovu vəzifəsindən azad edib və Rudenkonun Moskvaya gəlməsinə göstəriş verib. Roman Rudenkoya Moskvaya getmək üçün 7 günlük ezamiyyə vərəqi yazılıb. Bu 7 gün düz 27 il uzanıb. Belə ki, 29 iyun 1953-cü ildə Mərkəzi Komitənin Rəyasət Heyəti Rudenkonun baş prokuror təyin olunmasını müzakirəyə çıxarıb və qərar qəbul olunub. 30 iyun 1953-cü il tarixdən Roman Rudenko SSRİ-nin baş prokuroru vəzifəsinin icrasına başlayıb.
Rudenkonun baş prokuror kimi ilk işi Lavrenti Beriya ilə bağlı yaradılmış istintaq qrupuna rəhbərlik etmək olub. Daha sonra o, Beriyanın yaxın ətrafının – Abakumovun, Nodariyanın və digərlərinin istintaqına rəhbərlik edib, onların məhkəməsində dövlət ittihamçısı kimi iştirak edib və hamısının da ən ağır cəzalarla məhkum olunmasına nail olub.
Roman Rudenko həmçinin Mircəfər Bağırovun da məhkəməsində dövlət ittihamçısı kimi şəxsən özü iştirak edib.
1953-cü ildə Vorkuta həbsxanasında davamlı etirazlar və üsyanlar başlayanda bu hadisə yenicə hakimiyyətə gəlmiş Xruşovu narahat edib. Xarici mətbuatda bu hadisənin işıqlandırılmasından və siyasi imicinə xələl gəlməsindən qorxan Xruşov Rudenkoya irad tutub:
– Roman Andreyeviç, baş prokuror kimi Vorkuta hadisələrindən xəbəriniz varmı?
– Əlbəttə, biz hər gün həbsxanadan əməliyyat məlumatları alırıq.
– Amma baş prokuror kimi tədbir görmək haqqında düşünmürsünüz. Mən sizə göstəriş verirəm, istənilən formada həbsxanadakı özbaşınalığa son qoyulmalıdır, Mərkəzi Komitə prokurorluğun işini görməyəcək, gedin, vəzifənizi icra edin.
Elə həmin gün Rudenko Vorkutaya yollanıb, bəbsxanada qiyamçıların qarşısına çıxıb, aparılan söhbətlər nəticə verməyəndə, elə sıranın qarşısında Rudenko tabel silahını çıxarıb və təçkilatçıların birini güllələyib, sonra isə əmr verib:
– Güllələyin!
Rəsmi məlumatlara görə, həmin gün etirazçı məhbuslardan 53 nəfər güllələnib. Şahidlərin söylədiklərinə görə isə, 200 nəfərdən artıq məhbus Rudenkonun əmrinin qurbanı olub.
Baş prokurorun bu “cəsarəti” Nikita Xruşovu qane edib.
Roman Rudenko bütün fəaliyyəti dövründə heç vaxt açıq konfliktlərə getməyib. Amma qarşı tərəflərin arasında “peşəkarlıqla” konflikt yaratmağı bacarıb.
27 ildən artıq bir müddətdə SSRİ-nin baş prokuroru kürsüsündə əyləşən Roman Rudenko birincilərlə çox asanlıqla dil tapıb. Çılğınlığı ilə fərqlənən Nikita Xruşovun hakimiyyəti dövründə də, kaprizli “qocalar”ın Kremldə meydan suladığı Brejnev erasında da Rudenko özünü neytral zonada saxlamağı bacarıb.
Hər ikisinin hakimiyyəti dövründə Rudenkodan savadlı və bacarığlı hüquqşünas kimi səmərəli istifadə olunub.
Baş prokuror vəzifəsi Rudenkonun sağlamlığında böyük problemlər yaradıb. O, 4 dəfə infarkt keçirib. 1981-ci ildə sonuncu dəfə keçirdiyi infarkt onu 27 illik kürsüsündən ayırıb.
Roman Rudenko 23 yanvar 1981-ci ildə 73 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
Mənbə: Musavat.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here