Deistlərə belə bir sualla mövzuya başlamaq istəyirəm.

Əgər səmavi din kimi bir faktor yoxdursa onda insanlar və heyvanlar arasındakı fərqi necə izah edə bilərik?

Bu sualı eşitdikdə “nə əlaqəsi var ki?” kimi bir sual ağlınıza gələ bilər.

Əlaqəsi budur ki:

Ateist ya da deist fikirləri mənimsəyən şəxslərin baxışına görə insan ilə heyvan arasında bir fərqin olub-olmadığını, hər-hansı bir fərq varsa da bu fərqin açıq olaraq nə olduğunun izah edilməməsidir. Çünki təkamül nəzəriyyəsini mütləq bir həqiqət olaraq mənimsəyənlərə görə insanla heyvan arasında mahiyyət deyil, dərəcə fərqi vardır. Onlara görə insan, heyvanın bir dərəcə önə keçmiş halıdır. Amma bunu bu şəkildə qəbul etsək belə, insan ilə heyvan arasında bir fərqin olmadığını istər inanclı, istərsə də inancsız olsun heç kim deyə bilməz.

“Bir insanı hayvandan ayıran xüsuslar nələrdir?” kimi bir sual versək hamımızın ilk ağılına gələn şey insanın “ağıllı və şüurlu bir varlıq olmasıdır.”

İnsan, ağılı sayəsində digər varlıqlardan fərqlənir. İnsan danışa bilir, yaza bilir, bildiklərini başqalarına öyrədə bilir. Hər bir nəsil, özündən əvvəlki nəsillərin elmi məlumatlarını alır, onu daha da təkmilləşdirir və gündən-günə insanlığın həyatı dəyişir və yenilənir.

Əlli il əvvəlki həyat tərzi ilə indiki eynidirmi? Bəs heyvanlarda necə? Onlarda –bizim anladığımız mənada- ağıl yoxdur. Oxumaq-yazmaq, fikir yürütmək, hər-hansı bir mədəniyyət qurmaq yoxdur. Bir at, on min il əvvəl nə edirdisə indi də onu etməkdədir. Bir arı, yüz min il əvvəl nə edirdisə indi də onunla məşğuldur.

İnsan, ona verilən ağıl neməti sayəsində digər varlıqlardan fərqli olduğu kimi, bu ağılı sayəsində dünyasını və hakimiyyətini qurmaqdadır. Quş kimi uça bilmir, amma quşdan daha sürətli uçan raket və təyyarə düzəldə bilir. Balıq kimi dənizdə üzə bilmir, amma balıqdan sürətli üzən gəmilər, qayıqlar və su altı vasitələri düzəldir. Köstəbək kimi torpağın altında gedə bilmir, amma ondan daha sürətli motorlar düzəldə bilir.

Heyvanlarda ağıl olmadığı üçün onlarda keçmişi və yaxud gələcəyi düşünmək kimi bir hissiyyat da yoxdur. Biraz əvvəl balası bir aslan tərəfindən parçalanmış olan bir ceyran, yenə bir müddətdən sonra heç nə olmamış kimi normal bir şəkildə öz həyatını davam etdirə bilir. Ertəsi gün bu hadisəni tamamən unudur. Balası öldü deyə bunun qəmini çəkmədiyi kimi ertəsi gün özünün aslan tərəfindən parçalanması ehtimalını düşünərək narahat olmur.

Gəlin baxaq görək insan da belədir? İnsan keçmişi də, gələcəyi də düşünür. Keçmişin xatirələri və gələcəyin xəyalları arasında gedib gəlir. Bəzən keçmişdə yaşadıqlarının sevincini, kədərini hiss edir, bəzən də gələcəkdə yaşayacaqlarının həyəcanını ya da qorxularını.

İnsanın ağlı, fikri, düşüncəsi olduğu kimi qəlbi, ruhu, duyğu dünyası da vardır. Elmi icadlar və kəşiflər etdiyi kimi, şerlər yazıb, mahnılar da bəstələyir. Aşiq də olur, sevgi də bəsləyir, nifrət də edə bilir.

Məsələnin bundan sonrasını deizim inancı baxımından ələ alaq:
Əgər insana digər canlılar qarşısında bu fərqliliyi verən bir Allah varsa, (deistlərə görə vardır) bu zaman Allahın insanı digər canlılardan ayrı xüsusiyyətlərdə yaratmasının bir mənası olmalıdır. Niyə milyonlarla canlı növü deyil, bir tək insan ağıllı və şüurlu?
Canlılar arasında “inanma” və “ibadət etmə” xüsusiyyəti yalnız insanda vardır. Tarix boyunca məbədlər inşa etməyən, müqəddəs saydığı bir varlığa ibadət etməyən bircə dənə də olsun insan cəmiyyətinə rast gələ bilməzsiniz. Deməli insanda inanc duygusu vardır. Heyvanlarda isə inanma, ibadət etmək kimi fitri bir təmayül yoxdur. (Nə qədər də biz Müsəlmanlara görə kainatdakı bütün varlıqlar Allahı təsbeh və təqdis edirsə də heyvanlarda olan bu kimi hallar insanın şüurlu ibadətindən fərqlidir).
İndi deizmin insan təsəvvürünə nəzər salaq:

Deizim anlayışına görə insanın digər canlılardan heç bir fərqi yoxdur. Necə ki, bir inək, quş, arı, qarışqa ölüb gedəcək və bir daha onun üçün dirilmək, hesab, cəza, mükafat kimi ölümdən sonrakı axirətlə əlaqəli bu hallar həqiqətdə olmayacaqsa, eləcə insanlarda da bu kimi hallar olmayacaqdır. Həyat sadəcə bir dəfəlikdir və bu yaşadığımız mövcud dünyadan ibarətdir.

İnsanı bu şəkildə düşündüyümüz zaman bəs onu heyvandan fərqləndirən nədir? Yaşamaqdırsa, ikisi də yaşayır. Qidalanmaqdırsa, ikisi də qidalanır. Cinsi əlaqə qurmaq və nəsil artırmaqdırsa, ikisi də bunu edir. Əgər insanı fərqləndirən xüsus ağılı və şüuru olmaqdırsa bu zaman ağılın vəzifəsi nədir? Sadəcə bu dünya həyatında heyvandan daha üstün yaşaya biləcəyi şərtləri və imkanları meydana gətirməkmi?

Burada bir sual da ağıla gəlir: Madam ki, insan ağlı yönüylə digər canlılardan fərqlidir. Nə üçün? Milyonlarla canlı növünə yox insana ağıl verilir? Bu zaman ona bu ağılın verilməsindəki hikmət nədir?

Heyvanlar bir ağıl sahibi olmadığı üçün onlar arasında yaşanan hadisələr “ədalət”, “zülüm” kimi anlayışlardan söhbət gedə bilməz. Məsələn bir aslanın hər-hansı bir ceyranı yeməsini “ədalətsizlik” kimi dəyərləndirə bilmərik. İki öküzün bir-birisi ilə döyüşməsini “zülüm” olaraq görə bilmərik. Halbu ki, deistlər də qəbul etdiyi kimi, insanlar arasında münasibətlərdə bir sıra dəyər ölçüləri vardır. “Bu etdiyin ədalətə sığmaz”, “bu heç də vicdanlı bir davranış deyil”, “mən haqsızlığa məruz qaldım” kimi ifadələrdən deistlər də istifadə etmirmi?

Heyvanlar ölüb yox olub gedər və bu dünyada onlar arasında yaşanan heç bir hadisə polislə və məhkəmə ilə həll olmaz. Onlar “ədalət duyğuları zədələnmiş” bir halda ölmürlər. İnsanlara nəzər salaq: Dünya tarixində haqsızlığa məruz qalan, öldürülən, təcavüzə uğrayan, malı-mülkü əlindən alınan və haqqını alamadan ölən milyonlarla, milyarlardlarla insan var. Hər-halda hər kəsin gördüyü bu həqiqəti deistlər də inkar etməz. Məsələn iki böyük müharibəni düşünün. Müharibəylə heç bir əlaqəsi olmayan milyonlarla məsum uşaq, yaşlı, qadın haqsız yerə öldürülmüşdür. Əgər insanlar bu dünyada sərbəst iradələri ilə etdikləri əməllərinə görə hesaba çəkilməyəcəksə, Allahın varlığını qəbul edib, doğru-dürüst bir həyat yaşayan, heç kimin haqqını yeməyən, əxlaqlı bir həyat tərzi sürənlər ilə Allahın varlığını qəbul etməyib Ona asi olan, insanlara haqsızlıq edən, verdiyi bir əmirlə şəhərləri yerlə bir etdirib, milyonlarla insanı öldürən zalımlar tərəzinin eyni gözünə qoyulmuş olmayacaqlarmı?

İnsana ağıl, fikir, düşüncə, şüur və hissiyyat verən Uca bir Varlıq varsa, bu Allah dediyimiz Uca Varlıq insanların gözü önündə meydana gələn bu ədalətsizliyə “göz yummuş” olmazmı? Bu zaman gəlin düşünək, Uca Allah insanlara ağılı verib yaxşılıqmı etdi yoxsa pislikmi? Əgər insan da heyvan kimi ağılsız, şüursuz olsaydı yaşadığı kədərli bir hadisədən təsirlənməz, gələcəyi düşünüb əndişə duymazdı. Amma insan heç də belə deyil.

Bizim inandığımız Uca Allah belə buyurur:

“Yoxsa pis əməl sahibləri ölümlərində və sağlıqlarında onları, inanıb yaxşı əməl sahibləri ilə eyni tutacağımızımı sandılar!? Necə də pis höküm verirlər!” (əl-Casiyə, 21)

“(Allaha) təslimiyyət göstərənləri, heç (o) günahkarlar kimi tutarıqmı!? Sizə nə olub? Necə höküm verirsiniz?” (əl-Qələm, 35-36)

Uca Rəbbimiz biz insanları yer üzünün xəlifəsi yaratdı, mələkləri bizə səcdə etdirdi, çiyinlərimizə ibadət kimi ağır bir məsuliyyət və əmanət yüklədi. Ağlımız, bu kainatı yaradan Uca Rəbbimizin kainatda yaratdığı varlıqları ibrət nəzəri ilə seyr edib, Onun xariqə sənətini təfəkkür etmək, elçiləri vasitəsi ilə göndərdiyi Müqəddəs Kitabını anlamaq üçün verildi. İnanma duygumuz, fitrətimizdə var olan sığınma duyğumuz O Uca Varlığa yaxınlaşmaq və sığınmaq üçün verildi. İç dünyamızda var olan “ədalət”, “mərhəmət”, “vəfa” kimi dəyərlər Onun istədiyi şəkildə yaşanıb kamilliyə çatmamız üçün bəxş edilmişdir. Əgər ağlımızı, hissiyyatımızı və duyğularımızı Onun göstərdiyi istiqamətdə istifadə etməsək, bu zaman digər canlılardan heç bir fərqimiz qalmayacaqdır. Bundan da pisi onlardan daha aşağı səviyəyə düşərik: çünki onlar, sahib olmadıqları qabiliyyətləri istifadə etmədikləri üçün mükəlləf olmaz və qınanmazlar.Biz isə sahip olduğumuz qabiliyyətləri istifadə etmədiyimiz üçün mükəlləf olarıq. Bu mövzuda Rəbbimiz belə buyurur:

“And olsun, biz cinlər və insanlardan birçoxunu (yaratılış məqsədinə uyğun davranmadıqları üçün) cəhənnəmlik etmişik. Onların qəlbləri vardır, onlarla qavramazlar; gözləri vardır, onlarla görməzlər; qulaqları vardır, onlarla eşitməzlər. Onlar hayvanlar kimidir; hətta onlardan daha da aşağıdırlar. (Bəli) əsil qafillər onlardır.” (Əraf, 179)

Ey Rəbbimiz! Bizi heyvanlardan fərqli yaratdığın ünsürlər barəsində dərindən düşünərək, insanlığımızın fərqinə varmağı, Sənin razı olacağın şəkildə ibadət etməyi bizə nəsib et! Bizi ağlını və şüurunu istifadə etməyib, öz üstünlüyünün fərqinə varmayan, özlərini heyvanlardan daha aşağı səviyyəyə düşürənlərdən etmə!

Amin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here