“Bəşəriyyət yaranandan insanlarda var-dövlət hərisliyi olub və bunu necə aradan qaldırmaq kimi məsələlər nağıl söhbətlərdi…”

Bir neçə gün öncə Daşkəsəndə gəlin gələrkən maddi cəhətdən imkanları olmadığı üçün yaxşı cehiz gətirməyən və buna görə qayınanası və qayınatası tərəfindən döyülən 19 yaşlı Ayşə Abdullayevin acınacaqlı aqibəti müzakirələrə səbəb olub. Sanki bu gün cəmiyyətimizdə elə bir tendensiya yaranıb ki, gəlin gətirən ailələr, həm də yaxşı cehiz umduqlarından çoxsaylı problemlər yaşanır.
Məsələylə bağlı ekspertlərin də fikirini öyrənməyə çalışdıq. Yazıçı İradə Tuncay Moderator.az-a açıqlamasında insanın yaranan gündən vara-dövlətə həris olduğunu deyir:
“Bu həmişə belə olub və hamı istəyir ki, imkanlı ailənin qızını alsın. Nağıllarımızda da var ki, keçəl gedib padşahın qəsrinin qarşısında oturur ki, onun qızını alacam. Burda qeyri-adi bir şey yoxdur. Amma kiminsə qızın alandan sonra onu kasıb olduğuna görə döymək gülüncdür. Bir var varlı qızı alırsan cehiz vermirlər, onda da soruşursan ki, niyə atan yaxşı cehiz vermədi? Bəs kasıb ailənin qızı neyləsin, oğurluq eləsin, borcmu alsın? Elə valideynlərimiz var ki, qız köçürəndə borca düşürlər. Mən bunu da arzu etmirəm ki, qız ona görə atasının belə bir vəziyyətə düşməsini istəsin. Gəlinin qayınana və qayınata tərəfindən döyülməsinə gəldikdə isə onu deyə bilərəm ki, evdə iqtisadi məsələlərin açarı kimdədirsə, o, da gəlini döyür. Bəşəriyyət yaranandan insanlarda var-dövlət hərisliyi olub və bunu necə aradan qaldırmaq kimi məsələlər nağıl söhbətlərdi”.
“Türk-Azəri” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı saytımıza açıqlamasında bu cür hadisələrin millət olaraq bizim üçün ayıb olduğunu bildirdi:
“Bu nə deməkdir axı, belə hadisə bizə yaraşırmı? Azərbaycan adlı bir sivil ölkədə yaşayırıq. İnsanlar daş dövründən gəlmir ki, bu nə təfəkkürdü? Cehizi yoxdur və ya gətirdikləri yaxşı deyil deyə gəlin döyülərmi? Bu nə cahillikdi? Əlbəttə, ailələr övladları yeni ev quranda onlara kömək edir, ata-ana çalışır, əl tutur ki, onların ehtiyacları ödənilsin. Əgər valideyn bunu edə bilmirsə, gəlinə qarşı belə münasibət bəsləmək olmaz. Mən bunu çox ayıb bilirəm, bunu edənlərə ayıb olsun. Bizim millətin adına bu yaraşmır və biz heç vaxt belə olmamışıq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here