Teleməkanda tamaşaçıların bədii-estetik zövqünün formalaşmasına, onlarda teatra, incəsənətə olan maraqlarının daha da artırılmasına təkan verə biləcək “Premyera” verilişi efirə vəsiqə alıb.
Akademik Musiqli Teatrın mətbuat xidmətindən bildirilib ki, tanınmış rejissor, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Mədəniyyət kanalında start götürən “Premyera”nin ilk sayına aparıcılıq edib və bu verilişdə rəhbəri olduğu teatrın son və uğurlu yaradıcılıq işi olan dünya şöhrətli Antuan De – Sent Ekzüperi və bəstəkar, Amerikada yaşayan soydaşımız Ruslan Ağababayevin “Balaca Şahzadə” tamaşası barədə ətraflı söhbət açıb və yaradıcı heyətin üzvləri ilə geniş müzakirələr apararaq tamaşa haqqında izləyicilərə ətraflı məlumatlar verib. Əsərin quruluşçu rejissoru, Azərbaycan teatrlarında ən yaxşı əsərlərin müəllifi kimi tanınan Xalq artistimiz, “Şöhrət” ordenli rejissor Cənnət Səlimova, libretto müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmi, bu tamaşada müxtəlif rolların ifaçiları – istedadlı aktyor Əmrah Dadaşov, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, tamaşanın “Balaca Şahzadə”si, adı gənc istedadların “Qızıl kitab”ına düşən Prezident təqaüdçüsü Atilla Məmmədov verilişin qonaqları olublar. Onlar bu tamaşanın ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətin digər üzvlərindən və onların qarşılaşdığı çətinliklərdən, tamaşa öncəsi yaddaqalan pərdəarxası maraqlı və unudulmaz məqamlardan danışıblar. Veriliş boyu tamaşadan maraqlı parçalar göstərilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun layihəsi və fondun Vitse- prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə hazırlanan bu tamaşa noyabr ayının 29 və 30-da saat 19:00-da Akademik Musiqili Teatrın səhnəsində yenidən göstəriləcək. Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək olar.
Azərbaycanda teatr sənəti ilə bağlı lazımi təbliğatın aparılmasında “Premyera”nın rolunun çox böyük olacağına ümid etdiyini bildirən Əliqismət Lalayev bu verilişin növbəti buraxılışlarında təkcə paytaxt teatrlarından deyil, ölkədə fəaliyyət göstərən digər teatrlarda hazırlanan yeni tamaşaların premyeralarından ətraflı söhbət açacaqları barədə də danışıb.
“Biz teatrlarımızın ən yaxşı tamaşalarını elan etməklə Azərbaycan teatrında, Azərbaycan səhnəsində hazırlanan ən yaxşı sənət nümunələrini televiziya tamaşaçılarına təqdim edəcəyik. “Premyera” verilişində eyni zamanda bölgələrdə fəaliyyət göstərən teatrlarımıza gedəcəyik və o səhnələrdə yaranan yeni əsərləri geniş ictimaiyyətə təqdim edəcəyik. Bilirsiniz ki, son vaxtlar ölkəmizin teatr aləmi çox zənginləşib. Teatrlarımızın əksəriyyəti təmirdən çıxıb və çox gözəl şəraitdə çalışırlar… Aktyorlar, rejissorlar, eləcə də bölgələrdə yaşayan insanlar üçün də teatr sənəti – yeni tamaşalar çox maraqlıdır…
Teatr və səhnə müqəddəsdir. Səhnə bir məbəddir və burada çalışanlar sizi hər zaman g
özləyirlər”, – deyə Əliqismət Lalayev üzünü televiziya izləyicilərinə tutaraq, onlara teatrı həyat tərzlərinə çevirmələrini arzulayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here