Prezident İlham Əliyev son çıxışlarında bəzi məmurların ölkədə kiçik və orta sahibkarlığın inkişafına maneələr yaratdığını, yerli icra başçılarının korrupsiya və rüşvətxorluğa yol verdiklərini bildirib.

Dövlət başçısı Yevlax və Xaçmaz rayon icra hakimiyyətlərinin başçısı təyin olunan şəxsləri qəbul edərkən onların qarşısında duran əsas vəzifənin rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi inkişafını təmin etmək olduğunu deyib: “Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək. Eyni zamanda siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər”.

Daha sonra isə prezident Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən rayon icra hakimiyyəti başçılarına sərt xəbərdarlıq edib: “Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar… Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır. Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar”.

Bu qəbuldan sonra E.Əzizov Bakı rayonlarının icra başçılarını toplayaraq müşavirə keçirib.

BŞİH-in mətbuat xidmətinin məlumatına görə, toplantıda bəzi icra hakimiyyəti başçıları ciddi tənqid olunub. Eldar Əzizov qanunsuz tikintilərlə bağlı ölkə başçısının iradlarını müşavirə iştirakçılarına çatdırıb, rayon icra hakimiyyətləri və digər qurumlarda vətəndaşların müraciətlərinə bəzi hallarda lazımi diqqət göstərilmədiyini, süründürməçilik hallarına yol verildiyini deyib: “Toplantıda rüşvətxorluq və digər neqativ halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verildi və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alındı”.

Azərbaycanda rayon icra hakimiyyətləri sosial-iqtisadi inkişafda, həyata keçirilən islahatlarda hansı rolu oynayırlar? Yerli strukturların fəaliyyətində effektivliyi artırmaq üçün nə kimi addımlar atılmalıdır? Sualları cavablandıran Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın dediyinə görə, Bakı şəhərində rayon icra hakimiyyətlərinin əlində demək olar ki, heç bir əsaslı səlahiyyət yoxdur: “Rayonlardan fərqli olaraq, Bakı şəhərində rayon icra hakimiyyətlərinin bütün səlahiyyətləri məhdudlaşdırılıb. Tikintiyə icazədir, yol, qaz, işıq, su çəkilişidir, təhsil, səhiyyə xidmətləridir – hamısı mərkəzləşmiş qaydada həll olunur. Bu gün vətəndaş bizə müraciət edir hər hansı yerli problemin həlli üçün, biz icra hakimiyyətinə deyirik, o da mərkəzi quruma məktubla müraciət edir. Yəni prosedur mürəkkəbdir, vaxt aparandır. Normalda belə olmalıdır ki, yerli səviyyədə bu işlərin hamısı ya icra hakimiyyətlərinə verilməlidir, ya da bələdiyyələrə. Konkret bir qurum məsuliyyət daşımalı, eyni zamanda məsələləri yerində qiymətləndirib həll etmək səlahiyyətində olmalıdır. Bu gün nə icra hakimiyyətlərinin elə səlahiyyəti var, nə də bələdiyyələrin. Mərkəzləşmə çox güclüdür, bu isə yerli xarakterli problemlərin həllində çətinlik yaradır, vaxt itkisinə səbəb olur”.

Milli Məclis üzvünün dediyinə görə, rayonlarda da icra hakimiyyətlərinin səlahiyyətləri xeyli məhduddur: “Bir kəndə yol çəkilişi üçün icra başçısı mərkəzi quruma müraciət etməlidir. Düzdür, rayonlarda icra hakimiyyətlərinin təhsil, səhiyyə kimi strukturlarla əlaqələri Bakıya nisbətən daha genişdir. Amma qeyd etdiyim kimi, səlahiyyətlər elə də geniş deyil. Təbii ki, əlaqələndirməni, münasibətlər sistemini qura bilər. Amma bütövlükdə rayon həyatının bütün sahələrindəki problemlərin həllini həyata keçirə bilmir. Məsələn, hansısa bir sahibkara biznesini qurmaq üçün torpaq ayırmaq istəyir, amma səlahiyyəti çatmır. Tutalım ki, rayonda sahibkarlığı inkişaf etdirmək istəyir, hansı təşəbbüskarlığı göstərə bilər? Bir sıra biznes fəaliyyətləri üçün lisenziyanı mərkəzi qurumlar verir, torpaq ayrılmasını onlar həyata keçirir və sair. Bir torpaq ayrılması ilyarım-2 ilədək vaxt aparırsa, icra başçısı buna neyləsin? Yəni icra hakimiyyətləri öz ərazilərində sahibkarlığın inkişafı üçün zəruri addımları atmaq sahəsində səlahiyyətlərə malik deyillər. Əlbəttə, bu gün əlində olan səlahiyyətlərdən də rayonun inkişafı üçün yararlanmayan, neqativ hallara yol verən icra başçıları da var. Lakin o da faktdır ki, icra başçısı istəsə belə, mövcud səlahiyyət bölgüsü sistemində rayonda ciddi addımlar ata bilmir. Daxili imkanlar isə real inkişafa nail olmaq üçün yetərli deyil. Əvvəlcə biz icra hakimiyyətləri, yaxud bələdiyyələrə səlahiyyət verilməlidir ki, sonra onlardan nəyisə tələb edə bilək”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə fərqli fikirdədir. O hesab edir ki, bir çox rayon icra hakimiyyəti başçıları özlərini rayonun mütləq hakimi kimi aparırlar: “Söhbət şəxslərdən deyil, oyun qaydalarının dəyişməsindən getməlidir. İcra strukturlarının rəhbərləri xüsusilə regionlarda özlərini rayonun ağası kimi aparırlar. İstənilən zaman, istənilən məsələyə müdaxilə edirlər. Biznesin də, dövlət aparatında çalışanların da, hətta bələdiyyələrin də işinə müdaxilə edirlər. İstənilən rayona icra başçısı təyin olunan şəxs birinci növbədə öz biznes maraqlarını təmin etməyə çalışır. Azərbaycan dünyada çox nadir ölkələrdən biridir ki, seçilmişlər təyin olunmuşlara tabedir. Dünyanın hər yerində seçkili orqan olan bələdiyyə yerli idarəetmədə əsas rol oynayır. Onların səlahiyyətləri təyin olunmuşlardan daha genişdir. Azərbaycanda isə hələ də bələdiyyə ilə rayon icra hakimiyyətlərinin səlahiyyət bölgüsü başa çatmayıb. Bu baxımdan, kadr islahatları, əlbəttə, zəruridir. Amma eyni zamanda oyun qaydaları da dəyişməlidir”.

N.Cəfərlinin sözlərinə görə, seçkili orqan olduğu üçün bələdiyyələr biznesin işinə müdaxilə edə bilmirlər: “Çünki qarşıdan növbəti seçki gəlir və biznesə maneə yaradan bələdiyyə sədri yenidən seçilməmək riski ilə üzləşir. Bu baxımdan, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri artırılmalı, yerli problemlərin həllində onlara səlahiyyətlər verilməlidir. Bunu etdikdən sonra bu qədər rayon icra hakimiyyəti saxlamağa da ehtiyac qalmayacaq. Biz əvvəlcə də təklif etmişik ki, yerli icra hakimiyyətlərinin sayı azaldılmalıdır. 80-ə yaxın rayon icra hakimiyyəti Azərbaycan kimi ölkə üçün həddindən çoxdur. Yerli səlahiyyətlər bələdiyyələrə verilərsə, icra strukturları bölgələr, yaxud iqtisadi rayonlar üzrə yaradıla bilər. Bu, dövlət aparatının da optimallaşdırılmasına gətirib çıxarar”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here