Arif Əliyev: “Halbuki, dünyada korrupsiyaya qarşı mübarizədə mətbuatın rolu bununla məşğul olan dövlət strukturlarından heç də geri qalmır”

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının korrupsiya ittihamı ilə həbsi bir sıra məsələlərlə yanaşı, korrupsiyaya qarşı mübarizədə medianın da önəmini gündəmə gətirib.

Maraqlıdır, korrupsiyaya qarşı mübarizədə medianın rolu nə dərəcədə həlledicidir? Mediada korrupsiya cinayətləri ilə bağlı yer alan informasiyaların hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılması bu mübarizəyə töhfə verə bilərmi?

Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev medianın bu sahədə mühüm rol oynaya biləcəyini vurğulamaqla yanaşı, bu gün ölkəmizdə bununla bağlı vəziyyətin arzuedilən səviyyədə olmadığını qeyd edib:

“Korrupsiyaya qarşı mübarizədə mətbuatın rolu bununla məşğul olan dövlət strukturlarından heç də geri qalmır. Təsadüfi deyil ki, son illər dünyada ən çox səs-küyə səbəb olan, diqqəti cəlb edən jurnalist təşkilatları korrupsiyaya qarşı mübarizə ilə məşğul olan jurnalist təşkilatlarıdır.

 

Azərbaycanda 1990-cı illərin sonu, 2000-ci illərin ilk dövründə medianın korrupsiya ilə mübarizədə tutduğu rol olduqca fəal idi. Lakin sonradan qanunvericiliyə edilən əlavələr onu xeyli məhdudlaşdırdı. Bu, həm jurnalistlərin ictimai yerdə informasiya toplamasına qoyulan məhdudiyyətlərlə, həm şərəf və ləyaqət məsələrinə görə cinayət məsuliyyətinin gücləndirilməsi, həm də digər amillərlə bağlı idi. Bütün bunlar mətbuatın gözünü qorxutdu, onun informasiya əldə etmək imkanını xeyli məhdudlaşdırdı. Media orqanlarının özlərinin zəifləməsi də bu məsələyə təsirsiz ötüşmədi. Ona görə də jurnalistlərin indiki məqamda korrupsiyaya qarşı mübarizə səviyyəsi sıfırdır.

 

Problemli məqamlardan biri də korrupsiya sahəsində monitorinq aparan, bununla məşğul olan ictimai təşkilatların yoxluğudur. Son illər bu sahə ilə məşğul olan heç bir ictimai təşkilat yoxdur. Hansı ki, bu ictmai təşkilatların özləri də media üçün ciddi informasiya və kömək mənbəyi idi.

 

Indi media yalnız dövlət orqanlarının bu mövzuda verdiyi rəsmi məlumatları yaymaqla məşğuldur. Mediadakı bu yöndəkik məlumatların böyük əksəriyyəti yalnız rəsmi məlumatların ötürülməsindən ibarətdir. Hansı ki, son hadisələr bunu bir daha sübut etdi”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here