“İstehlakçı hüquqlarının zəif qorunması səbəbindən təhlükəli siqaret sexi fəaliyyətini davam etdirir…”
 
Xəbər verdiyimiz kimi dünəndən Bakının bir neçə market və mağazalarında siqaretlərin qiymətində artım olub. Bildirilir ki, buna səbəb siqaretlər üçün nəzərdə tutulan lisenziyanın bahalaşmasıdır.
Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov siqaretin qiymətinin artmasının tərəfdarı olduğunu bildirdi:
“İllərdir ki, siqaretin qiymətinin qaldırılması məsələsini önə çəkmişəm və bunun tərəfdarıyam. Hesab edirəm ki, bu, Avropa ölkələrində olan siqaretin qiymətinə çatmalıdır. Həmişə özümə sual verirəm ki, niyə mən qara kürü (ikra) yeyə bilmirəm, çünki qiyməti bahadır. Siqaret və tütün məmulatları da bütün dünya ölkələrinin qəbul etdiyi təhlükəli vasitədir. Ona nə qədər əlçatanlıq azalsa, bir o qədər yaxşı olar. Hətta mən on il öncə Kanadadan Azərbaycana gətirilən təhlükəli siqaret barədə Ümumdünya Səhiyyə Təşkilatının binasında seminar keçirmişəm. Biz iyirmi iki il ərzində yeddi təhlükəli siqaret istehsal edən fabrikin bağlanmasına nail olmuşuq.
Ümumiyyətlə, siqaretin bütün növləri təhlükəlidir. Antisiqaret təbliğatı aparmaqla özümüzü çox rahat hiss etmişik. İki il öncə Şəkidə bir tütün sexi daha təhlükəli siqaretin istehsalına başladı. Bu isə “Karvan”, “Marxal”, “Şəki” və başqa siqaretlərdir. Xaricdə ekspertiza apardıq və məlum oldu ki, bu siqaretlərin tərkibində olan zəhərli maddələrin miqdarı 67 faizdən çoxdur. Bununla bağlı dövlət orqanlarının qarşısında məsələ qaldırdıqdan sonra Səhiyyə Nazirliyi sertifikatını geri götürdü, İqtisadiyyat Nazirliyi onun satışına məsləhəti olmadığını bildirsə də, siqaret sexi fəaliyyətini bu gün də davam etdirir. Qırx qəpiyə satılan bu siqaretlərdən əsasən məktəblilər istifadə edir. Hökumətin biznes inkişafı siyasəti birtərəfli olması və istehlakçı hüquqlarının zəif qorunması buna səbəb olur”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here