20-ci əsrin ilk illərində Rusiyanın vəziyyəti siyasi və iqtisadi cəhətdən heç də ürəkaçan bir vəziyyətdə deyildi. İmperiya sənayeləşmə qabiliyyəti baxımından lider ölkələrdən geridə qalmışdı. İşsizlik və təbəqələşmə problemi ən yüksək həddə çatmışdı. Ölkə daxilində bir çox nüfuzlu və müxtəlif fikirlər var idi və ən güclü ideyalardan biri də sosializm idi.

Türklər (azərbaycanlılar), gürcülər və ermənilərin yaşadığı Cənubi Qafqaz bölgəsində isə vəziyyət daha da mürəkkəbdi. Azərbaycanlılarla ermənilər arasındakı milli qarşıdurma kontekstində sonuncular tarixən Rusiya hakimiyyəti üçün müsəlmanların üstünlük təşkil etdiyi regionda forpost təşkil edirdilər. Rusiyadan gələn inqilabi ideyaların təsiri altına düşmüş və erməni məsələsindən ilhamlanmış bəzi erməni partiyaları, xüsusilə “Hnçak” və “Daşnaksütun” həm də azərbaycanlıların məskunlaşdığı ərazilərin hesabına öz dövlətlərini qurmağı hədəfləmişdilər. Ermənilər tərəfindən aparılan təcavüz, terror və etnik təmizləməyə müqavimət göstərmək məqsədilə azərbaycanlılar da öz siyasi təşkilatını – “Difai”ni yaratdılar. Bəs “Difai”nin hədəfləri və fəaliyyəti nədən ibarətdi?

 

Millətlər arasındakı əlaqə

Yuxarıda göstərilən suala cavab vermək üçün 1905-1907-ci illərdəki azərbaycanlı-erməni qarşıdurmasından əvvəl Cənubi Qafqazdakı siyasi vəziyyətə baxmalıyıq.

1898-ci ildə hökumətin erməni kilsəsi məktəblərinin Təhsil Nazirliyindən asılı hala salan qərarı rus-erməni münasibətlərini kəskin şəkildə dəyişdirmişdi. Bu məsələ erməni vətənpərvərlər arasında anti-rus əhval-ruhiyyə yaratmışdı. Bundan əlavə, 12 iyun 1903-cü ildə Rusiya İmperatoru, erməni kilsəsinin əmlakının hökumətin nəzarətinə verən edikt qəbul etmişdi. Vəziyyətin bu cür inkişafı rus rəsmilərinə qarşı ermənilər tərəfindən sui-qəsdlərin baş verməsinə səbəb olmuşdu. Məsələn, 14 oktyabr 1903-cü ildə general Qriqori Qolitsın erməni Misak Engoyevin sui-qəsd cəhdində yaralanmışdı. Növbəti il (1904) Yelizavetpol Quberniyasında (indiki Gəncə) yüksək rütbəli zabit Andrey Filimonoviç Andreyev “Daşnaksütun” üzvləri tərəfindən öldürülmüşdü. Bundan əlavə, bir neçə polis nəfəri də ölü tapılmışdı.

Bu hadisələr, üstəlik rus-yapon müharibəsindəki məğlubiyyətə görə Rusiyanın nüfuzunun zəifləməsi Cənubi Qafqazda böyük bir atəşi qığılcımlandırdı. İlk atəş 1905-ci ildə 6-9 fevral tarixlərində Bakıda zəngin müsəlman Ağarza Babayevin ermənilər tərəfindən öldürülməsindən sonra baş verdi. Bu günlərdə hər iki tərəf minə yaxın insan itirdi. Bir çoxlarının fikrincə, burada əsas günah rus polisinin laqeydliyi idi. Azərbaycanlı jurnalist və satirik Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında problemlə bağlı yazırdı: “Azərbaycan-Ermənistan qarşıdurması başlayan kimi hökumət əsgərləri naməlum səbəblərdən xəstələndilər və həkimlər onlara çölə çıxmağa icazə vermədilər.” Üstəlik, senator Kuzminski öz hesabatında qeyd edirdi. “Fevral hadisələrindən bir neçə ay əvvəl Bakıda tatarlar və ermənilər arasında ciddi hadisələrin gözlənildiyi barədə bir şayiə yayılmışdı. Polis rəisi Deminskiyə bu şayiə ilə əlaqədar xəbərdarlıq edilmişdi. Əlbəttə, qubernatorun da bu barədə öyrənmək imkanı vardı. Ancaq gələcək münaqişənin qarşısını almaq üçün heç bir tədbir görülmədi.”

Britaniyanın Bakıdakı vitse-konsulu Ronald MakDonnell qeyd edirdi ki, bəzi müsəlmanlar, xüsusilə zənginlər öz millətini qorumaqda fəal deyildilər: “Müsəlman əhali bütövlükdə qeyri-fəal müşahidəçi rolunu oynadı.” Onun sözlərinə görə, müsəlmanlar bütövlükdə münaqişəyə girsəydilər, tək bir erməni sağ qalmazdı. Yell Universitetinin professor Firuz Kazımzadə “Daşnaksütun” partiyasının müsəlmanlara qarşı əsas hərəkətverici qüvvə kimi görə bir çox hadisələrə görə məsuliyyət daşıdığını bildirirdi.

Digər hadisə avqustda baş verdi, Balaxanı, Sabunçu, Ramana və Bibiheybət neft mədənlərinin yandırılması ilə nəticələndi.

Bir çox bölgələrdə münaqişənin təşəbbüskarları ermənilərdi. Məsələn, 1905-ci ildə daşnak qoşunları Cəbrayılın Qacar kəndinə hücum etdilər. Ancaq ermənilər ağır məğlub oldular və 400-ə yaxın erməni döyüşçüsü silahsız azərbaycanlılar tərəfindən öldürüldü. Daşnaklar Şuşada da ikinci bir məğlubiyyətlə üzləşdilər. Lakin 1906-cı ildə onlar general Qoloşşapovun artilleriya və əshər dəstəyi ilə Şuşaya hücum etdilər.

Ümumiyyətlə, 1905-1907-ci illərdə ermənilər və azərbaycanlılar Yelizavetpol, Zəngəzur, İrəvan və Naxçıvanda qanlı döyüşlərdə üz-üzə gəldilər. Nəticədə minlərlə şəxs həyatını itirdi və iki etnik qrup arasında indiyədək davam edən inamsızlığın əsası qoyulu.

 

Siyasi təşkilatın qurulması

Müharibə davam edərkən, 1906-cı ilin 20 fevral və 6 mart tarixləri arasında Tiflisdə Azərbaycan və Ermənistan ziyalılarının nümayəndələri toplandı. Məqsəd Qafqazın yeni təyin olunmuş general-qubernatoru İ.İ.Vorontsov-Daşkovun rəhbərliyi ilə sülhə nail olmaqdı. Azərbaycan tərəfinin nümayəndələri Əhməd bəy Ağayev, Adil xan Ziyadxanov, Ələkbər Xasməmmədov, İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov və digərləri idi.

Danışıqlar zamanı Azərbaycan tərəfi qarşıdurmalarda hakimiyyəti günahlandıraraq vəzifəli şəxsləri məsuliyyətlərini xatırlamağa dəvət edirdilər. Bundan əlavə, danışıqlar zamanı Ağayev ermənilərin öz vəhşi davranışlarını dayandırmasalar, Azərbaycan türklərinin qanla cavab verəcəyini bildirdi. Beləliklə, danışıqlar razılaşma ilə başa çatdı və hökumət günahkar hesab edildi.

Məhz Əhməd bəy Ağayev sonralar “Difai” partiyasının yaradan əsas şəxslərdən biri oldu. Əslində, partiyanın yaranma yeri və tarixi “Difai”nin məxfilik siyasətinə görə əminliklə göstərilə bilməz. “Difai” partiyasının fəal üzvü Nağı Şeyxzamanlının sözlərinə görə, partiya Gəncədəki qarşıdurmadan bir neçə ay sonra şəhərin mühüm şəxslərinin bir yerə toplanması və millətin gələcəyinin müzakirə edilməsi ilə quruldu. Digər tarixçilər “Difai”nin 1906-cı ilin son aylarında Bakıda yaradıldığını güman edirlər. Türkiyəli siyasətçi Yusuf Akçura isə Əhməd bəy Ağayevin partiyanı 1905-ci ildə qurduğunu yazmışdır. Qısacası “Difai” və onun məqsədləri erməni-azərbaycanlı qarşıdurmasının nəticəsi adlandıra bilərik.

Yuxarıda qeyd edildiyi kimi məxfilik siyasəti partiyanın əsas cəhətlərindən biri idi. Şübhəsiz ki, “Difai” qurulduqdan sonra demək olar ki, bütün üzvlər bu partiyaya son dərəcə sadiqdilər. Buna görə hökumət gizli partiyanın liderini və üzvlərini müəyyənləşdirmək üçün böyük maneələrlə üzləşirdi.

 

“Difai”nin məqsədi nə idi?

“Difai”nin məqsədlərini başa düşmək üçün onun rəsmi açıqlamalarına və əsas fəaliyyətinə diqqət yetirməliyik. Təşkilatın ilk bəyannaməsi azərbaycanlı siyasətçi və fəal Ələkbər bəy Rəfibəylinin evində görkəmli dini lider Məhəmməd Pişnamazzadə tərəfindən yazılmışdı. Partiyanın məqsədi bu cümlələrdə açıq şəkildə ifadə edildi. “Mütəşəkkil hərbi gücə və müxtəlif silah materiallarına sahib olan Daşnaksütyun əsas məqsədlərinə çatmaq üçün bütün erməniləri və Qafqaz hökumətini öz hakimiyyəti altına almağa çalışır. Onların əsas məqsədi hamısını öldürdükdən sonra Qafqazdakı müsəlmanların ərazilərini işğal etməkdir. Daşnaksütyun əmin olmalıdır ki, biz ermənilərin xoşbəxtliyinin millətimizin bədbəxtliyi üzərinə gerçəkləşməyinə qətiyyən icazə verməyəcəyik”. Bu cümlələrlə Difainin əsas məqsədinin millətin hər bir fərdini Daşnak terror təhlüəsindən qorumaq olduğu aydın olur.

“Difai”nin ikinci əsas məqsədi kənd yerlərində yaşayan yerli əhalinin təhsili və azadlıq ideyasının bütün vətəndaşlara tanıdılması, bu yolla millətin təhlükəli günlərdə var ola bilməsi üçün milli kimliyi dərk etməsi və milli adı dini addan fərqləndirməsi idi.

 

“Difai”nin fəaliyyəti

“Difai” sui-qəsdlərin həyata keçirilməsində dəqiq dəqiqlik nümayiş etdirirdi. Birincisi, “Difai” yalnız azərbaycanlılara zərər vurmuş və münaqişədə erməniləri dəstəkləmiş insanları hədəfə alırdı. Seçilmiş hədəfə üz istəmək üçün 3 gün vaxt verilirdi. Bu fürsəti canları üçün dəyərləndirməyənlər isə çox güman ki, ölü tapılırdılar. Ölüm xəbəri kağızlara “Difai” möhürü ilə yazılmış və hər dəfə kimsə tərəfindən divara böyük diqqətlə qoyulurdu. Bununla da polis əməkdaşları onları müəyyənləşdirə bilməyirdilər.

“Difai” Bakı, Şuşa, Gəncə, Ağdam, Yevlax və Cəbrayılda şöbələrə malikdi. Hər filialın öz təbliğatçısı var idi və müxtəlif şəhərlərdə bu rəqəm 6-17 idi. Bundan əlavə, filialların öz xüsusi gücü var idi. Ən böyüyü 400 nəfərdən ibarət olan Şuşa bölməsi idi. Difai üzvlərinin çoxu adi vətəndaşlar və öz sahələrində mütəxəssisləşmiş məşhur vətənpərvərlər idi. Kimsə üzv olmaq istəyirdisə, təbliğatçılarla təkbaşına danışmalı idi. Gizli çıxışlardan sonra xüsusi and içməli idi.

Nağı Şeyxzamanlının sözlərinə görə, “Difai”nin ilk qurbanları Kiresçinski və Azərbaycan türklərini öldürməkdə və evlərini yıxmaqda böyük dəstək göstərmiş Qoloşşapov idi.

Qoloşşapovun qatili Gülablı kəndindən Hüsü idi. “Smit ənd Vesson” (Smith & Wesson) ilə silahlanmış Hüsü hamama gedən Qoloşşapovu öldürmək istəmədi və bu davranışını belə izah etdi: “Düşmən olanda nə olar ki! Onun ikinci dünyaya təmiz bədənlə getməsinə icazə verdim”.

Sui-qəsdlərdən sonra araşdırmaya başlayan polis “Difai”nin izinə düşə bilmədiyindən firqə üzvlərinin adını çəkə biləcək istənilən şəxsə 50.000 manat vəd etdi. Ancaq, bu böyük təklif belə vətəndaşların əksəriyyətinə təsir etmədi. Lakin, Difai üzvü olan və polis şöbəsində işləyən Sədrəddininin diqqətini polis bölmələrinə tez-tez gələn Molla Hadi çəkdi. Molla Hadinin firqənin izinə düşməkdə polisə yardım etdiyini bilən üzvlər tez bir zamanda onu aradan götürdülər.

1906-cı ilin dekabrında “Difai” Naxçıvanın keçmiş başçısı Engeli Naxçıvan qırğınında iştirakına və gəncləri azərbaycanlıları öldürmək barədə təşviq etdiyinə görə qətlə yetirdi. 1907-ci ilin mayında Şuşa sakinləri Muxtar Cabbaroğlu və Rəhim Muxtaroğlu xainliyə görə öldürüldü. Bundan əlavə, 1907-ci ilin iyulunda Yakov hədiyyə qarşılığında ermənilərə silah verdiyinə görə qətl edildi. Nəticədə, qeyri-rəsmi olsa da, “Difai”nin təsirli fəaliyyəti ilə vəzifəli şəxslər belə öz həyatları üçün qorxuya düşdülər. İnsanlar əyalət məhkəmələrinə getmək əvəzinə problemlərini həll etməsi üçün “Difai”yə danışırdı. Buna görə hökumət iş yerlərinin əksəriyyəti təsirsiz hala gəldi və onların mövcudluğu böyük təhlükə altında idi.

4 mart 1908-ci ildə Qafqaz valisi “Difai”nin fəaliyyətinin ləğvi üçün sərəncam imzaladı. Təşkilat üzvləri polis tərəfindən tapılaraq Azərbaycanın və Rusiyanın müxtəlif bölgələrində həbsxanaya göndərildi. “Difai” rəhbəri Əhməd bəy Ağayev hökumətdən gələn yüksək təzyiqə görə Türkiyəyə getməli oldu. Nəticədə “Difai” gücünü tamamilə itirdi və Azərbaycan Respublikasının ikinci Baş Naziri olacaq Nəsib Yusifbəylinin 1917-ci ildə qurduğu Türk Federalist Partiyası ilə birləşdi.

 

Nəticə

Fəaliyyəti çox qısa müddətdə gerçəkləşsə də, “Difai” azərbaycanlıların təhlükəsizliyi və təhsili üçün çox təsirli olmuşdu. Firqə həmçinin yerli əhali arasında müstəqillik ideyasını da yaya bilmişdi. “Difai№ üzvlərinin kimliyi öyrənildikdə isə bu partiyanın Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına nə qədər töhfə verdiyini görə bilərik. Məsələn, Nağı Şeyxzamanlı AXC dövründə kəşfiyyat xidmətinin rəhbəri, Xəlil Xasməmmədov Ədliyyə naziri və Azərbaycanın Osmanlı Türkiyəsində ilk səfiri, Behbud xan Cavanşir Daxili İşlər naziri və Azərbaycan Cümhuriyyəti Ticarət və Sənaye nazirinin müavini, Ələkbər Rəfibəylinin oğlu Xudadat Rəfibəyli Səhiyyə naziri və Gəncənin qubernatoru vəzifələrində çalışmışdı.

Sovet İttifaqı “Difai” və onun haqqında araşdırmalara qadağan etməsinə baxmayaraq, Azərbaycanın 1991-ci ildə ikinci dəfə müstəqillik qazanmasından sonra tariximizdə böyük rol oynamış bu məxfi təşkilat haqqında daha çox öyrənə bilmişik.

 

Biblioqrafiya

Əzizov E. (2009) Difai: Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri. Bakı, 364 s.

“Difai” sənədli filmi

“Difai hamisi” sənədli filmi

Qasımlı M. (2014) “Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920). Bakı, 468 səh.

Odubadi M.S. (1911) Qanlı illər

Rüstəmxanlı, S. (2011) Difai fədailəri

Şeyxzamanlı, N. (2016) Xatirələr

 

Müəllif haqqında: 

Hüseyn Əlili Bakıdan olan gənc tədqiqatçıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here