Az öncə bir vətəndaş redaksiyamıza zəng edib. İş axtarmaq üçün marketlərdən birinin ofisinə müraciət edib, orda həmin şəxsin adı axtarışa veriləndə məlum olub ki, adı işləyənlər siyahısnda var. Halbuki heç vaxt heç yerdə işləməyib.
Digər vətəndaş isə bildirib ki, əsgər getməzdən öncə oteldə ofisiant kimi işləyib, sonra işdən qovulub. Bu gün işsiz kimi qeydiyyata düşmək istəyəndə məlum olub ki, adı işdə gedir. Bu necə ola bilər?

Bizimyol.info-nun sualını cavablandıran hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib ki, bunun bir səbəbi var.

Sahib Məmmədov
“4-5 il əvvəl şirkətlərə və iri müəssisələrə qeyri-rəsmi göstəriş verilmişdi ki, işçilərlə əmək müqaviləsinə xitam verməsinlər (işsizlik göstəriciləri çox olmasın deyə). İxtisar əvəzinə onları ödənişsiz məzuniyyətə göndərsinlər. İndi ölkədə minlərlə insan var ki, illərdir işsizdir, amma elektron informasiya sistemində aktiv əmək müqaviləsi var. O şəxslərə də bu barədə heç xəbərdarlıq da edilməyib. Sadəcə, deyiblər iş yoxdur. Olanda yenidən çağıracağıq. Həmin şəxslərin əksəriyyəti heç bilmir ki, onlar faktiki işsiz olsa da, rəsmən “işləyirlər”. Nəticədə işsiz kimi qeydiyyatdan keçə bilmirlər və məlum sms-i alırlar. Bu halda şəxsin məşğul hesab olunması üçün əmək müqavilələrinin qeydiyyatı aparlan elektron informasiya sistemi üzərdindən deyil, Dövlət Sosial Müdafiə Fondunun məlumat bazası üzərindən yoxlanılmalıdır. Yəni bir şəxs üçün sığorta ödənişləri yoxdursa o artıq işsizdir”,- deyə hüquq müdafiəçisi bildirib.

Qeyd edək ki, bəzi icra hakimiyyətləri və ya dövlət qurumlarının da bu oyunlarda adı hallanır. İddialara görə, belə qurumlar vətəndaşın özündən xəbərsiz qaydada adını işə yazır və hər ay kartına düşən əməkhaqqını mənimsəyir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here