(h. q. 21-23 şəban 1437-m. 28-30 may 2016)

  Türkiyə Respublikası Dini İşlər İdarəsinin çağırışı ilə “Beynəlxalq hicri təqvim birliyi” konqresi 21-23 şəban 1437/28-30 may 2016-cı il tarixləri arasında İstanbulda keçirilmişdir. Konqresdə İslam ölkələrinin aidiyyatı üzrə nazirlikləri, fitva heyətləri, müxtəlif fiqh kollegiyaları təmsilçiləri, alimlər, fəqihlər və astronomlar iştirak etmişdir. Açılış danışığından sonra başlayan elmi iclaslarda ilk gün astronomiya və fiqh elmləri baxımından hilalın görünməsi (röyəti-hilal) mövzusu müzakirə olunmuşdur. Sonra təqvim ixtilafının ictimai və siyasi tərəfləri müzakirə olunmuşdur. İkinci gün daha əvvəl yaradılmış elmi heyətin konqresə təqdim etmək üçün qiymətləndirdiyi vahid və ikili təqvim təklifləri müfəssəl olaraq müzakirə edilmiş və nəticədə vahid təqvim qəbul edilmişdir.

Konqres iştirakçıların böyük əksəriyyəti tərəfindən qəbul edilən aşağıdakı qərar tövsiyələri mənimsəmişdir:

 

QƏRARLAR:

  1. Konqres əvvəlki konqreslərin və fiqh akademiyalarının qərarlarını təsdiq etmişdir. Bu konteksdə 1966-cı il Məcməul-Buhusul-Elmiyyə”[1], 1973-cü il Küveyt[2]və 1978-ci il İstanbul konqreslərilə İƏT-ə bağlı Məcməul-Fiqhil-İslami (Fiqh Akademiyası), 2009-cu ildə əl-Məclisul-Urubbi lil-ifta vəl-bühus[3], 2012-ci ildə Rabitə Fiqh Akademiyasının qəbul etdiyi[4] əsas prinsip və ölçülər təsdiq edilmişdir. Bunların arasında ən əhəmiyyətliləri bunlardır: qəməri ayın təsbit edilməsindəki əsas prinsip istər adi gözlə olsun, istərsə də astronomik alətlərə bağlı müşahidə ilə olsun hilalın görünməsidir,”ixtilafi-mətali”ə (yəni Ayın fərqli vaxtlarda fərqli yerlərdə görünməsinə) etibar edilməz. (Bir yerdə göründüyü zaman digər yerlərdə də görünmüş qəbul edilir).
  2. Konqres bütün dünyada tətbiq edilməsi üçün vahid təqvimə üstünlük vermişdir. Beləcə, hər bir kəsin qarşısında tək bir hicri təqvim olacaqdır. Bu təqvim hilalın dünyanın hər hansı bir yerində gözlə və ya astronomik müşahidə (rəsəd) alətlərilə görünə bilmə imkanını və həm klassik fəqihlərin əksəriyyəti, həm də müasir fiqh akademiyalarının əksəriyyəti tərəfindən qəbul edilən, “ixtilafi-mətali’ə etibar edilməməsi” görüşünü əsas götürmüşdür. Bütün bunlarla bərabər bu təqvim, dini mətnlər/nəsslərlə qəti astronomik qaydalar arasında bir ziddiyyət olmadığına görə astronomik ölçülər və fiqhi qaydaları birlikdə nəzər diqqətə almışdır.

 

TƏRCİH EDİLƏN TƏQVİMİN

ÜSTÜNLÜKLƏRİ VƏ NƏTİCƏLƏRİ

  Bu təqvim müsəlmanların, ələlxüsus müsəlman azlıqların qarşılaşdıqları problemləri həll edəcəkdir. Bu nəticələrdən biri oruc və bayram kimi müsəlmanlar üçün simvolik mənası olan günləri birləşdirməsidir. Digəri isə bunun müsəlmanlar arasındakı məşru (qanuni) və məqul (əqli) sərhədləri aşan təfriqə və ayrılığı ortadan qaldırma istiqamətində bir qərar olmasıdır. Çünki xüsusilə azlıqda olan müsəlmanlar arasında bu problem tək bir dövlət daxilində bəzən iki, bəzən də üç fərqli gündə oruc tutmaq və bayram etmək nöqtəsinə varacaq ifrat vəziyyətlərə yol aça bilər. Hətta fərqlilik bir ölkə vətəndaşı hacıların zilhiccənin 9-cu günü Ərəfatda vüquf etdikləri gün öz ölkələrində hələ zilhiccənin 7-ci və ya 8-ci günü olması kimi ifrat ölçülərə çatır. Bu din tövhid dinidir. Birlik və bütünlüyü şəri bir fərz (vacib) və faktiki bir zərurət saymışdır. Eyni zamanda əvvəlcədən müəyyənləşdirilmiş standart bir təqvim müsəlman azlıqların bayramlarda tətil imkanına qovuşmalarını da təmin edəcək, həm də onlara yaradılmaq istənən idrakın əksinə uca dinimizin elmi inkişaflara qapalı olmadığını, hətta elmlə uyğun olduğunu öz ətraflarına təqdim etmə nöqtəsində yardımçı olacaqdır. Çünki İslamın ilk nazil olan ayəsi və surəsi “Oxu!” əmri ilə başlayır və elmi mövzu olaraq seçir.

  1. Konqres Avropa, Amerika və bu cür bölgələrdəki müsəlman azlıqlara bayramlarını, simvolik günlərini və ümumiyyətlə, hiss və düşüncələrini birləşdirmə istiqamətində fəaliyyət göstərmələrini təklif edir. Eyni şəkildə dini məqamlara sahib olan müsəlman dövlətlərə də bu təqvimi araşdırmalarını və etimad etmələrini təklif edir, çünki bu təqvimin məqsədi yalnız müsəlmanların yaxşılığını təmin etmək, onları pisliklərdən uzaqlaşdırmaq, simvollarını və hisslərini birləşdirməkdir.
  2. Konqres Türkiyə Respublikası Dini İşlər İdarəsinə bu konqresin qərarlarını həyata keçirmə mövzusunda aşağıdakı məsələləri həqiqətə çevirəcək orqanları yaratmasını təklif edir:
  3. a) Onillik bir təqvim hazırlayacaq bir elmi komissiya təşkil edilməsi və təqvimin nəşr edilib dünyaya paylanması.
  4. b) Müşahidə və digər məsələləri ələ almaq üçün röyəti-hilal mvzusunda araşdırmaları davam etdirəcək bir heyətin yaradılması.
  5. c) Qəbul edilən hicri təqvim mədəniyyətinin yayılması mövzusunda təhsil və xalqla əlaqələr mövzusu ilə maraqlanan bir komissiyanın yaradılması.

 

TƏKLİFLƏR:

  1) Konqres İslam ölkələrindəki dini məqamlara və dini işlərə cavabdeh olan şəxs və qurumlara bu təqvimi mənimsəyib onun prinsipləri istiqamətində qəməri ayların başlanğıcında birliyi təmin etmək üçün fəaliyyət göstərmələrini tövsiyə edir.

 2) Konqres İslam dünyasındakı təqvim tərtib edənlərə müsəlmanları mədəniyyətlərinin və şəxsiyyətlərinin göstəricisi olan bu təqvim ətrafında birləşdirə bilmək, hiss və düşüncələrini birləşdirə bilmək üçün bu təqvimin prinsiplərini mənimsəməyə çağırır.

 3) Konqresin qeyri-müsəlman ölkələrdə yaşayan müsəlmanlara tövsiyəsi müəyyən bir təqvimi tətbiq etməklə birliyi təmin etmələridir. Çünki eyni ölkədə yaşayanların oruc tutma və bayram keçirmə zamanı barəsində ixtilaf etməsi şərən caiz deyildir. Əksinə, onların “Avropa Fitva və Araşdırma Məclisi” və ya Türkiyə Dini İşlər İdarəsinin o ölkələrdəki şöbələri kimi səlahiyyətli məqamlardan çıxan qərarlara tabe olmaları zəruridir. Çünki Hz. Peyğəmbər (s) buyurmuşdur: “Orucunuz birlikdə oruc tutduğunuz gün, bayramınız birlikdə bayram etdiyiniz gün, qurbanınız isə birlikdə qurban kəsdiyiniz gündür”[5].

 4) Avropadakı müsəlmanların birlik və bərabərliyinin təmin olunması və mənfəətlərinin qorunması üçün, ələlxüsus da şəri ibadət vaxtlarının və qəməri ayların başlanğıcının təsbit edilməsi kimi əhəmiyyətli islami məsələlərdə təfriqəyə düşmələrinin qarşısını almaq məqsədilə Konqres Türkiyə Dini İşlər İdarəsinin Qərb ölkələrindəki şöbələrinin və Avropa Fitva və Araşdırma Məclisinin Qərb ölkələrində yaşayan müsəlman azlıqlar üçün səlahiyyətli elmi və dini məqam olaraq qəbul edilməsini tövsiyə edir.

  1. Konqres Türkiyə Respublikası Dini İşlər İdarəsinə məzkur təqvimin üzərində çalışmalar aparılaraq bütün İslam dünyası tərəfindən qəbul ediləcək vahid təqvim halına gələ bilməsi üçün İslam Əməkdaşlığı Təşkilatı Rəhbərliyinə təqdim olunmasını və bu yolla təqvimin İslam ölkələrinə ərz edilməsini tövsiyə edir.

[1] Konfrans 1966-cı il 27 oktyabr – 1386-cı il 13 rəcəb tarixində Misirdə keçirilmişdir.

[2] Konfrans 1973-cü il 26 fevral-03 mart/1393-cü il 23-28 məhərrəm tarixləri arasında Küveytdə keçirilmişdir.

[3] Avropa Fitva və Araşdırma Məclisi – Konfrans 2009-cu il 21-22 may/1430-cu il 25-26 cəmadiyələvvəl tarixlərində Belçikanın paytaxtı Brüsseldə keçirilmişdir.

[4] Konfrans 2012-ci il 11-13 fevral/1433-cü il 19-21 rəbiüləvvəl tarixləri arasında Məkkə şəhərində keçirilmişdir.

[5] Əbudavud həsən hədis olduğunu söyləmişdir. № 2324, Beyhəqi, IV, 252, Abdullah əl-İşbili “əl-Əhkamus-suğra” əsərində səhih olduğunu demiş, Əlbani də “əl-İrva”da həmin rəvayət üçün “Səhihdir”, – demişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here