(Zabit Ramil Səfərovun şərəfinə…)

Hər nəydisə kökü lap dərindən gəlirdi. Ancaq mən onun nə, yaxud kim olduğunu bilmirdim. Bilmədiyimə görə də yaddaşımı qurdalayırdım, az qala yüz il əvvələ gedib çıxırdım. Mən məğlubiyyətimizin səbəbəni, qürurumuzun qırıldığı yeri tapmaq üçün ilahi kodumu, enerjimi axtarırdım. Ancaq sən demə çox da keçmişə varmaq lazım deyilmiş. Hər şey yaxın keçmişdəymiş və ona nəzər salmaq kifayətdi ki, çox sualların cavabını tapasan. Bu tapıntıların bir ucu uzaq Budapeştə, bir ucu isə «Temir Quliyev» arxının böyründəki tənha və köhnə, aylarla qonaq ayağı dəyməyən evə gedib çıxırdı. Həmin arxın qırağındakı o ev özünün dul sakininə bənzəyirdi. Və həmin o evin məktəbdə xadimə işləyən sahibəsi sonradan beş-altı qoyununu qabağına qatıb asfaltın qırağında, Şükürbəlyinin bağlarında, boz təpəliklərdə otarırdı. Lap sonradan üzünü görmədiyim, lakin təsəvvür etdiyim oğlan nəvəsini də böyrünə alıb dağı-daşı gəzdirəcək və torpağını, suyunu, vətəninin çiçəyini şüuraltı ona sevdirəcəkdi.
Safya (yəqin ki, Sofiya) günlərlə danışmazdı, ancaq birdən elə coşardı ki, məktəbin dəhlizində səs-küylə gəzən uşaqlar onun səsindən diksinib, hərəsi bir tərəfə soxulardı, hansısa günahsız iş tutduqlarının fərqinə varıb, üstlərinə qışqıran bu qeyzli qadının zəhmindən qorxardılar.
Biz hələ o vaxt arxın qırağındakı tənha evdə bir atasız qızcığazın da yaşadığını bilirdik, ancaq üzünü görməmişdik, çünki o, soxlarının həsədlə baxdığı, paxılların isə əli çatmadığı «həkimlik məktəbinə» qəbul olunmuşdu və anasına «bəxtəvərlik» qazandıracaq, onun çoxdandan buz bağlamış ürəyini isidəcəkdi. İndi həmin qadın və gənc zabit anası o ağrılı günləri çoxdan unudub, əvəzində isə ondan da ağır və üzücü, ancaq qürur duyulası bir olayı yaşayır. Oğlunun gözlənilməz addımından çaş-baş qalan ananı virtual olaraq xatırlayıram. Nübar xanım dünyanı lərzəyə gətirən bu hərəktdən qürurmu duysun, yoxsa xəcalətmi çəksin, hardasa səhv buraxdığını və o səhvin köklərini araşdırmağamı başlasın, yoxsa bu hərəkəti səhv yox, şərəf gətirən bir addım kimi qəbul eləsin. Mən bunları düşündükcə düşmən həqarətinə dözməyib orta əsr sayağı soyuq silaha əl atan Azərbaycanlı gənc zabit, düşmənini duelə çağıran bir əsgər, torpağı düşməninin ayağı altında inildəyən vətən oğlu gözümün qabağına gəlir. Bəs düşmən qaçıb gizlənirsə necə, onunla neyləsin, onu axtarıb yuvasındaca qılıncdan keçirsinmi? Düşməninin hiyləgər sifətinə baxıb, gözlərindəki istehzanı sinirsinmi, Xocalıda, Cəbrayılın «Xan çinarı»nın dibində, ya elə nənəsinin onu əzizlədiyi arxın kənarında inildəyən insanları, kimsəsiz qalmış-daş-kəsəyi, ağacları, boz təpələrimi gözünün önünə gətirdikcə qəzəbdən qanımı coşsun, əzalarını şişirdən damarlarını, az qala çartlamaq dərəcəsinə çatan bağrınımı sakitləşdirsin. Bütün bunları heç kim bilmir, bilmədiyinə görə də gümanı min bir yerə gedib çıxır. Həqiqət isə gümana-zada baxmır, həqiqət adamı istənilən məqamda yaxalayır və bu məqama torpağın, məkanın, zamanın dəxli yoxdur. İnsan var, onun yaşantıları, özünün bildiyi həqiqət və ömrü boyu ona rahatlıq verməyən qisas hissi var. Üzbəüz dayandığı vicdan, işlətdiyi günah, üzləşəcəyi cəza (cinayət olan yerdə cəza var), sonucda isə qəlbində zamana və insanlığa hakim olan sonsuz (bəlkə də müvəqqəti) rahatlıq var.
İnsan düşməni olanda özünü qoruya bilir, daim sayıqlığını itirmir, millət düşməni olanda, oğlanlarının qanı daim düşmən qanı ilə yuyunanda böyük olur. Qisas insanı bir tərəfdən dəliliyə aparıb çıxarırsa, o biri tərəfdən həmin dəliliyin hesabına onu da, milləti də ucaldır. Düşmən harda olur-olsun düşməndir və cavabını almalıdır. Mən əsla cinayəti, qətli təbliğ etmirəm. Düşmən tərəfdə dayanan gözüyaşlı ananın da taleyinə acıyıram. Sadəcə həqiqətin iki üzündən (indiki məqamda iki) birini açmağa çalışıram. Torpağı, suyu mənə doğma olan bir insanın yaşantılarının kökünü axtarmağa çalışıram. Və bu mücərrəd düşüncələrin içində bir gerçəklik də var, yaşadığımız məkan və zaman da, bizi səsləyən torpaq, babalırımızın və şəhidlərin ruhu da var.
Ramilin bir hərəkətilə insanları ayıldan gerçəklik həm cəmiyyətə, həm də dünyaya bir mesajdır. Heç kim hadisənin niyə, nədən və necə baş verdiyini bilmir. Belə bir hadisə doğrudanmı olub, yoxsa növbəti düşmən fitnəsidir. Hər halda insanlar artıq onu fakta çevirib. Bu isə onu göstərir ki, millətimizin canında vətən hissi, düşmən tapdağı altında olan torpaqları azad etmək, düşmənləri qanına qəltan eləmək hissi ölməyib, zamanını və məqamını gözləyir. İndi çoxlarının içində Ramil olmaq istəyi yaşayır.
Baş leytenant Səfərov vətən üçün oxudu, qarşıda onu gözləyən döyüş üçün hərbi təlim keçdi, ancaq təssüflər ki, ixtiyar sahibləri hələ də öz oğlanlarının təyinatını, enerjisini lazımi yerə döndərmək qüdrətində deyil. On ildən artıqdır ki, insanların taleyini alver predmetinə çevirən beynəlxalq vasitəçilər həqiqəti etraf edə bilmir. Və nə qədər ki, insanların enerjisi toplum halında öz təyinatına yönəlmir, fərdlər qisasını belə alacaq və düşmənə də öz təbliğat maşınını işə salmağa imkan verəcək. Beləcə potensial bir sərkərdənin taleyi sual altına düşəcək.
Mən bu gün öz həmfikirlərimlə, minlərlə, on minlərlə insanla birgə Ramilin, onun yaxınlarının yanındayam və hesab edirəm ki, onların başlarını dik tutub yeriməyə və dövlətdən, xalqdan oğlanlarını darda qoymamağı ummağa, əsl həqiqəti üzə çıxarmağı tələb etməyə tam haqqı var.

Elçin Hüseynbəyli

21 fevral 2004

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here