Rüfət Quliyev: “Fermerlər təşkilatlansınlar, əgər başqa qanunsuz tələblərlə üzləşərlərsə, biz deputatlar müdaxilə edərik”

 

Hazırda paytaxtda mövsümi meyvə-tərəvəzin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu, müxtəlif amillərlə bağlı olsa da, əsas səbəb karantin rejimidir. Yəni, fermerlər öz məhsullarını rahat şəkildə paytaxta gətirə bilmirlər. Nəticədə həm kənd sakinlərinin məhsulları tökülüb qalır, həm də paytaxt sakinləri üçün meyvə-tərəvəz əlçatan olmur.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev AYNA-ya açıqlamasında belə bir problemin mövcud olduğunu təsdiqləyib: “Təbii ki, bu problemlərin əsas kökü pandemiya ilə əlaqədardır. Bütün dünyada olduğu kimi biz də məcburiyyət qarşısında karantin rejimini tətbiq etdik, daha sonra yumşalmaya doğru getdik və yoluxmaların sayı durmadan artdı və biz yenidən sərtləşməyə doğru getməli olduq”.

 

“Bu problem bütün dünyada yaşanır. Regionlarla mərkəz arasındakı əlaqələrin kəsilməsi təcrid məqsədilə atılmış bir addımdır. Artıq Amerika, İngiltərə, Fransa, İtaliya, İspaniyada karantin rejimini kifayət qədər yumşaldılıb. Bu addımı isə iqtisadiyyatı qorumaq üçün atdılar. İqtisadiyyatı yenidən işlək vəziyyətə gətirmək üçün məcburi atılmış addım idi. Lakin bu da bir çox problemlərə səbəb oldu və yenidən həmin ölkələrin bəzi şəhərlərini qapadaraq, yoxlamalara başladılar və karantin rejimini yenidən bərpa edirlər. Həqiqətən də bütün bunlar iqtisadiyyat üçün nəhəng bir problemdir”, – deputat deyib.

“Paytaxtda olan meyvə-tərəvəzin qiyməti, bu sahədəki çatışmazlıqlar bir millət vəkili olaraq məni də narahat edir. Belə bir təklifim var ki, fermerlərin özlərinin yetişdirdikləri meyvələri mərkəzə və ya bölgələrə çatdıra bilmirlərsə, həmin fermerlərin siyahısı tutulsun. Bir fermerin bir ton məhsulu, digərinin yüz kilo məhsulu var. Təbii ki, onlar bunu tək-tək gətirməkdə çətinlik çəkəcəklər. Çünki məhsulları paytaxta və ya regionlara aparmaq xərc tələb edir”, – o bildirib.

 

Quliyev təklif edir ki, həmin fermerlər bir regionda birləşərək təşkilatlansınlar: “Təşkilatın bir nümayəndəsini özləri seçsinlər və təşkilat həmin fermerlərin adından mütəmadi olaraq meyvə-tərəvəzi Bakı və digər mərkəzi şəhərlərə aparmağı təmin etsin. Bunun üçün artıq şərait var. Həmin nümayəndə bütün sənədlərini qaydaya salsın, qeydiyyatdan keçsin, icazələri alsın və təşkilata daxil olan bütün fermerlərin məhsullarını Bakıya gətirib, bütün bazar, market və supermarketlərə versin. Probelmin həllinin ilk mexanizmi belədir. Əgər həmin təşkilatın üzvlərinə icazələr verilmirsə, məhdudiyyətlər yaranırsa, bu, artıq başqa məsələdir. Bu zaman istənilən formada millət vəkilləri məsələni ortaya qoyub, həllini tələb edə bilərlər”.

 

Milli Məclis üzvünün sözlərinə görə, kənd təsərrüfatı ilə məşğul olan insanların öz mallarını bir regiondan o biri regiona, yaxud da regiondan mərkəzi şəhərlərə çatdırmasına heç kimin qadağa qoymağa ixtiyarı yoxdur: “Əgər şəxs portaldan icazə alırsa, qeydiyyatdan keçirsə, sənədləri qaydasındadırsa, burda heç bir problem yarana bilməz. Yəni, biri var yüz fermer bu iş üçün çalışır, biri də var, bir nəfər – bir təşkilatın nümayəndəsi bu məsələlərin hamsını özü həll edir. Bu məsələdə hər hansı bir problem yaransa, mən yardım etməyə hazıram. Mənimlə birgə 10-15 millət vəkili bu məsələyə qoşularaq, biz bunun tezliklə həllini təmin edəcəyik. Burada artıq ədalət prinsipi əsas rol oynayır. Həmin nümayəndə ortada olan problemləri bildirsin, biz onlara birmənalı şəkildə dəstək olacağıq”.

 

R.Quliyev bu işlərlə xüsusi olaraq məşğul olan dövlət qurumlarının olduğunu da əlavə edib: “Problemlə üzləşən fermerlər həmin dövlət qurumlarına müraciət ediblərmi? Əgər ediblərsə və onlara şərait yaradılmayıbsa və yaxud hansısa məmur onların problemini həll etməyibsa, yenə də bu halda millət vəkillərinin sözü əsaslı olacaq və biz istənilən formada müdaxilə edib, bu məsələlərə köməklik göstərə bilərik. Gərək, bu işdə mətbuat olaraq siz də bizimlə olasınız. Mənim qırx min seçicim var. Fiziki olaraq mənim bu işlərə gücüm çatmayacaq. Siz də bu problemləri araşdırın, ortaya çıxarın və biz də üzərimizə düşəni edək”.

 

Deputat Lənkərandan missal gətirib: “Lənkəran “narıncı zona”dadır. Orda müəyyən məhdudiyyətlər var. Ona görə də deyirəm ki, tək bir fermerlə kifaytələnməməliyik. Onlarla, yüzlərlə fermer birgə müraciət etsə, bununla məşğul olmaq daha rahat olacaq və həlli yolları da daha tez başa gələcək. Bu gün biz istənilən quruma müraciət edib, onlardan soruşa bilərik ki, bu məsələylə əlaqədar siz niyə bu işləri yoluna qoymursunuz? Dövlət bu işləri onlara həvalə edib, amma onlar bunu həyata keçirə bilmir və ya keçirmək istəmir. Bir daha qeyd edirəm ki, problemin həlli yolları bunlardır:

 

1) Müəyyən br təşkilat yaratsınlar;

2) Mövcud olan dövlət qurumlarının gücündən istifadə etsinlər;

3) Həyətyanı yerlərindən də istifadə edib, əkin-biçinlə məşğul olsunlar.

 

Sonuncu məsələni tək fermerlərə deyil, digər insanlara da dəfələrlə demişəm ki, həyətyanı yerlərində əkin-biçin etsinlər. Əgər onlar həm özlərinin, həm də qonşularının tələbatını ödəməyi bacarırlarsa, deməli biz kənd təsərrüfatında mühüm bir məsələni həll etmiş olarıq”.

 

“Təbii ki, bizdə hər zaman mövsümdə qiymətlər aşağı düşür. Bu, tələb-təklif qanununun nəticəsidir. Yəni qanun hər zaman işləyir. Və bu qanunun təsiri ondan ibarətdir ki, əgər təklif çoxdursa və tələbi üstələyirsə, qiymətlər aşağı düşməlidir. Bu gün inhisarçılıq yox, belə məsələlərdə dövlət qurumlarının problem yaratmaqda heç bir cəhdləri yox. Sadəcə olaraq biz birləşib, birgə belə poblemləri həll etməliyik. Və insanlar özləri də bilməlidirər ki, kənddə yaşayanlar, torpağı, həyətyanı sahəsi olan insanlar əkinlə məşğul olmalıdırlar. Ən azından öz tələbatlarını, tələblərini qismən də olsa, təmin edə biləcəklər”, – deyə millət vəkli vurğulayıb.

Biz nə etməliyik? - Vahid Məhərrəmli

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə AYNA-ya deyib ki, Bakı şəhərində meyvə-tərəvəzin az və ya qiymətində bahalaşma olmasının əsas səbəbi heç də rayonlardan gələn məhsulların yollarda yubanması ilə bağlı deyil: “Düzdür, bu amil də var. Burda da müəyyən problemlər var ki, bunu hökumət çox asanlıqla həll edə bilər. İstənilən fermer, kənd təssərüfatı məhsullarının istehsalçısı asanlıqla öz maşını və yaxud da başqaları ilə birləşib, yük maşını ilə istehsal etdikləri meyvə-tərəvəzi Bakı şəhərinə gətirib, Bakı şəhərində satışı həyata keçirə bilərlər. Əlbəttə ki, əvvəkindən fərqli olaraq, indi həmin sahibkarlara Bakı şəhərində satışa imkan vermirlər. Problemin biri də bununla bağlıdır. Yəni onlar məhsullarını yalnız topdan satışla məşğul olan məkana – “Meyvəli”yə verə bilirlər. Bu da onların bir hissəsinin heç  marağında da deyil. Çünki, “Meyvəli” çalışır ki, yaranmış vəziyyətdən istifadə etsin. Məhsulu ucuz qiymətə alsın və daha baha qiymətə satsın”.

 

Ekspertin fikrincə, bahalaşmanın digər səbəbi istehsalın azalması ilə bağlıdır: “Keçən ilə nisbətən bu il istehsal, təxminən 30-40 faiz azalıb.  Əvvəlki illərdə əgər Gürcüstan, Türkiyə və digər ölkələrdən mövsümdə meyvə-tərəvəz gətirilirdisə, pandemiya dövründə bu idxalı həyata keçirmək mümkün deyil. Səbəblərdən biri də budur”.

“Hər halda, hökumət yenə də çalışmalıdır ki, istehsalçıların istehsal etdiyi məhsulun Bakı şəhərinə daşınmasında hər hansı bir porblem yaranmasın. Nəyə görə polis onu saxlamalı və yoxlanmaldır? Əgər onlar görürlərsə ki, həmin maşında meyvə-tərəvəz var və Bakı şəhərinə ünvanlanıb, buna niyə mane olmalıdırlar?! Qısa müddətdə müəyyən edib, yola salmalıdırlar”, – Məhərrəmli bildirib.

Ekspert özünün müşahidə etdiyi bir mənzərəni diqqətə çatdırıb: “Bir neçə gün bundan əvvəl özüm də şahidi oldum. Bakı şəhərində minik maşınındakı fermer polis tərəfindən saxlanıldı. Onların söhbətinin uzun müddət çəkdiyinin şahidi oldum. Bellə hallar mövcuddur. Əlbəttə, hökumət buna dərhal reaksiya verməlidir, bunun qarşısını almalıdır. İndiki halda fermerlərin maşınlarını saxlayıb, uzun müddət yoxlamaq  onlar üçün ciddi problem yaradır. Bu məsələnin həlli elə də çətin deyil.  Bu, hökumətin iradəsindın asılıdır. Düşünürəm ki, bu məsələni qısa müddətdə həll etmək olar”.

 

Şəmkir rayon Təzəkənd kəndinin sakini, fermer Şöhrət Məmmədov da AYNA-ya açıqlamasında mövcud bahalaşmadan danışıb. İddia edib ki, problemin səbəbi heç də yollarda və postlarda olan ləngimələr deyil: “Bahalaşmaya səbəb postlardakı qanunsuz tələblərdir. Polis postlarında fermerlərdən hər bir yük maşını üçün 200-300 manat tələb olunur. Bakıya gələnə qədər bir çox sayda post keçirik – Gəncə postunda, Nəvai postunda eyni tələblərlə üzləşirik. Məhz bu postlardakı pul tələbi üzündən fermer məhsulunu şəhərə gətirmək istəmir”.

 

Fermer ikinci problem kimi suvarma suyunu göstərir: “Su çatışmazlığı səbəbindən şaftalılarımız quruyub getdi, yetişmədi. Bir tərəfədən də yaranmış qıtlıq səbəbindən qiymətlərdə artım müşahidə edilir”.

Müəllif: Ülviyyə Şahin

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here