Bu il Azərbaycanda meyvə-tərəvəz qiymətləri olduqca yüksəkdir. Rəsmi statistikaya əsasən, ilin birinci yarısında meyvələr ötən ilin eyni dövrünə nisbətən 8,3 faiz, tərəvəzlər 10,2 faiz bahalaşıb. Dinamika göstərir ki, illik müqayisədə meyvə-tərəvəzdə bahalaşma sürəti aydan-aya bir qədər də artır.

Bəs, meyvə-tərəvəzin belə sürətlə bahalaşmasının səbəbi nədir?

Sfera.az bildrir ki, “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Vahid Məhərrəmov bahalaşmanın əsas səbəbini daxili bazarda meyvə-tərəvəz bolluğunun olmaması ilə əlaqələndirir.

Ekspertin fikrincə, bu il ölkəmizdə meyvə-tərəvəz istehsalı az olub. V.Məhərrəmov deyir ki, bu səbəbdən idxal xeyli artıb, ixracda isə cüzi artım qeydə alınıb. Həmsöhbətimiz yaranmış vəziyyətdə daxili bazarlarda məhsul qıtlığının formalaşdığını söylədi: “Dövlət Gömrük Komitəsinin ilin birinci yarısına dair açıqladığı məlumata əsasən, meyvə ixracında azalmanın, tərəvəz ixracında cüzi artımın olduğunu görürük. Tərəvəzdə, xüsusən pomidor ixracında artım daha çoxdur. Meyvə ixracında almada 45 faiz, xurmada 25 faiz, fındıqda 27 faiz azalma qeydə alınıb.

Ölkəmizə gətirilən meyvə-tərəvəzin idxalında isə ciddi artım var. 2019-cu ilin birinci yarısına nisbətən bu ilin eyni dövründə meyvə-tərəvəz idxalında dəyər ifadəsində 12 faizdən çox, miqdarda 9,2 faiz artım olub.

Keçən il bu aylarda ölkəmizə təzə meyvə-tərəvəz idxalı həyata keçirilirdi, son 3 ayda bəzi məhsulların idxalı da azalıb.

Yaranmış vəziyyətlə əlaqədar daxili bazarda məhsul qıtlığı müşahidə edilir. Bu il meyvə-tərəvəzin bahalaşmasının əsas səbəbi məhz qıtlıqdır.

Tələbin vəziyyəti də qiymət artımına əsas vermir. Bu ilin 6 ayında ölkəyə gələn turistlərin sayı xeyli azalıb, əhalinin sayında ciddi artım yoxdur, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Deməli, tələb artmayıb, hətta bir qədər azalıb.

Qıtlığın yaranması ondan xəbər verir ki, yerli istehsalda da azalma var. Bazar özlüyündə monopolist qüvvələrin təsiri altında olsa da burada mal bolluğunun olmaması qiymətlərə ciddi təsir edir. Bazarda mal bolluğu olanda monopolistlər maneə yaratsa da istehsalçıların bir çoxunun özü məhsullarını bazara çıxara bilir.

Rəsmi statistikada kənd təsərrüfatı məhsullarının istehsalında 2,2 faiz artımın olduğu deyilir. Əgər artım olubsa, bu, özünü ixracın artımında, idxalın azalmasında və ən nəhayət qiymətlərin aşağı düşməsində göstərərdi. Bazarda vəziyyət elədir ki, bahalaşmaya başqa cür tərif vermək, yozmaq, başqa səbəblər axtarmaq mümkün deyil”.

V.Məhərrəmov hesab edir ki, məhsul istehsalının azalmasına quraqlığın təsiri güclü deyil. Onun sözlərinə görə, istehsalın azalmasında əsas səbəb məhsuldarlığın azalmasıdır: “Məhsul istehsalının azalmasının başlıca səbəbi məhdulsarlığın azalması ilə bağlıdır. Son illərdə biz bu dinamikanı görürük. Bunun da ciddi səbəbləri var. Azərbaycan kimi torpaq-iqlim şəraiti olan ölkələrdən İtaliyada məhsuldarlıq Azərbaycandan 3 dəfə yüksəkdir. İspaniya və Türkiyənin də torpaq-iqlim şəraiti oxşardır, hətta bu sarıdan Azərbaycanda vəziyyət bir qədər də yaxşıdır.

Azərbaycanda istehsalçıların maarifləndirilməsi, biliyinin artırılması vacibdir. İstehsalçı nə qədər məhsul götürəcəyini əvvəlcədən planlaşdırmalıdır və ona uyğun da aqrotexniki qaydalara əməl etməlidir. İsraildə pamdıq istehsalında orta məhsuldarlıq 50 sentnerdir, amma bizdə 30 sentnerə çatanda sevinirik ki, yüksək nəticə əldə etmişik. Halbuki, Azərbaycanın torpaq-iqlim şəraiti İsrailin torpaq-iqlim şəraitindən xeyli dərəcədə yaxşıdır və biz İsraildən 2 dəfə çox məhsul götürə bilərik. Misirdə hər hektardan 70 sentner taxıl yığırlar. Bizdə isə hansısa fermer təsərrüfatında 70 sentner məhsul götürüləndə onu böyük nailiyyət kimi təqdim edirlər. Ölkə üzrə taxılda məhsuldarlıq 31 sentnerdir”.

Ekspert məhsuldarlığın aşağı olmasının əsas səbəblərindən birinin də mütəxəsis azlığı olduğunu dedi: “Niyə, bizdə məhsuldarlıq aşağıdır? Çünki Azərbaycanda mütəxəsis azdır, ölkəmizdə mütəxəsis hazırlığı zəifdir. Torpağın, hər bir bitkinin öz sirri var. Onun hamısına elmi yanaşma lazımdır, dədə-baba qaydası ilə yüksək məhsuldarlığa nail olmaq mümkün deyil.

İndi texnika və texnologiya o qədər inkişaf edib ki, yüksək məhsul əldə etmək olar. Həm də nəzərə alınmalıdır ki, ölkəmizdə əhalinin sayı artır və ona uyğun məhsul istehsalı təmin edilməlidir.

Mütəxəsislərə yer verilməlidir. Kənd Təsərrüfatı Nazirliyində 5 mühüm vəzifədə əyləşən şəxslərin heç biri kənd təsərrüfatı sahəsi üzrə təhsil almayıb, mütəxəsis deyil. Nazir hüquqşünasdır, onun bir müavini hüquqşünasdır, digər müavini neft üzrə müətəxəsisdir, başqa bir müavini tikinti üzrə mütəxəsisdir. Nazirliyə rəhbərlik edənlər mütəxəsis deyilsə, orada mütəxəsis olan şəxslər də problemlər haqqında danışmayacaq. Çünki onlar problemin harada olduğunu desə, nazir və ya müavinləri həmin problemin həll edilməsini tələb edəcək. Həmin şəxslər özlərinə problem yaratmamaq üçün mövcud problemdən bəhs etmir”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here