“Sərtləşdirilmiş karantin rejiminin avqustun 5-dək davam etməsi səbəbindən belə şəraitdə imkansız vəziyyətdə qalan insanlara 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi də davam etdirilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib. Deputat bildirib ki, COVID-19 pandemiyasının iqtisadiyyata, əhalinin güzəranına, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər həyat keçirilir:

“Onların arasında sahibkarlığa dəstək istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 mindən artıq muzdlu işçinin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 215 milyon manat vəsaitin ayrılması, pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara 80 milyon manatlıq dəstək ayrılması, pandemiyadan zərər çəkən sahibkarlara 115 milyon manatlıq vergi güzəştlərinin tətbiqi (buraya əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir); işsiz kimi qeydiyyata alınan şəxslərə 190 manat birdəfəlik ödəmələrin verilməsi və sair bu kimi tədbirlər daxildir. Aprel-may aylarında həmin 190 manatlıq yardım paketi layihəsi 600 min nəfəri əhatə etdi və həmin məqsədlə 228 milyon manat xərclənib. Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Yenidən karantin rejiminin əvvəlki formasına qayıdıldıqdan sonra 16 şəhər və rayon üzrə əlavə olaraq 287 min nəfərə ümumi məbləği 55 milyon manat təşkil edən 190 manatlıq yardım edildi. Beləliklə, ölkədə həyata keçirilən sosial layihələr COVID-19 pandemiyası ilə əlaqədar olaraq daha geniş planda həyata keçirildi. Bununla belə bizə olan müraciətlərə əsasən demək olar ki, birincisi, bir sıra hallarda həqiqətən 190 manata ehtiyacı olanlar kənarda qaldı, başqaları həmin sosial layihədən faydalandılar”.

Millət vəkili hesab edir ki, aprel-may aylarında belə ədalətsiz hallara görə daha çox 190 manatın verilməsinin elektron sistemi günahkar idisə, ondan sonrakı hallara görə artıq aidiyyəti orqanların birbaşa məsuliyyəti məsələsidir:

“Ona görə də 190 manatlıq yardımın verilməsinin elə ədalətli mexanizmi qurulmalı idi ki, o pulu həqiqətən ehtiyacı olan alsın. İkincisi, elə hallar olub ki, sosial yardım alan şəxs növbəti ayda işə düzəlməsə də, həyatında bu yöndə heç bir dəyişiklik baş verməsə də, xeyli belə insana ikinci dəfə 190 manat verilməsindən imtina edilib. Üçüncüsü, Milli Məclisdə və KİV-lərdə dəfələrlə əsaslandırılmış şəkildə qaldırmağımıza baxmayaraq, kiçik torpaq sahəsi olub, bir sıra səbəblərə görə istifadə edilməyən və istifadə ediləndə də adambaşına aylıq gəliri 2020-ci il üçün ehtiyac meyarı kimi təsdiq edilən 160 manatdan aşağı olanlara əvvəlcə bir neçə aylıq 190 manatlıq sosail paketin verilməsi və sonradan konkret vəziyyətdən asılı olraq ÜSY, sosial iş və ya özünüməşğulluq proqramlarına cəlb edilməsi problemi öz həllini tapmadı. 190 manatı vaxtında kartından çıxarmayan vətəndaşların kartı bloklandı. Hesab edirik ki, həm heç bir əsas olmadan insanlara ikinci ay yardım edilməməsi, həm də 190 manatı kartdan çıxarmayan vətəndaşların kartlarının bloklanması səhv və həm də çox ədalətsiz qərarlardır”.

Əli Məsimli qeyd edib ki, bu iki ədalətsiz qərarın nəticələri araşdırılmalı, ziyan çəkən vətəndaşların 190 manatı özlərinə qaytarılmalıdır:

“Sərtləşdirilmiş karantin rejimi avqust ayının 5-dək davam etməsi səbəbindən belə şəraitdə imkansız vəziyyətdə qalan insanlara 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi də davam etdirilməlidir. Bir neçə aylıq 190 manat yardım alandan sonrakı dövrdə də insanların dolana bilməsi üçün görülən tədbirlər arasında ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu sahədə birinci tam şəffaflıq olmalıdır ki, həqiqətən deyilən sayda ictimai iş yerlərinin açılması və nəzərdə tutulan pulun həmin insanların alması barədə müvafiq məlumatlar ictimaiyyət üçün əlçatan olsun. İkincisi, işsizliyin ciddiləşdiyi bir məqamda hələ də ictimai iş sahəsində 25 min iş yeri vakansiyası qalmaqda davam edirsə, deməli, həmin vakansiyaların da real iş yerlərinə çevrilməsi üçün əlavə tədbirlərə ehtiyac var. Fikrimcə, insanların 250 manatlıq işlə müqayisədə 190 manatlıq birdəfəlik müavinətə üstünlük vermələrinin səbibi xeyli dərəcədə önların işə ehtyacların olmaması deyil, maaşın məbləğinin çox aşağı olmasıdır. İnsanların həmin işlərə cəlb edilməsini stimullaşdırmaqdan ötrü nəzərdə tutulan 250 manatlıq maaş artırılmalıdır. Çünki o işə gedən adamın işdəki günorta yeməyinə sərf etdiyi puldan əlavə ona da nəsə qalsın ki, 190 manat almağa yox, ictimai işə düzəlməyə üstünlük versinlər”.

Bahar Rüstəmli

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here