Əlillik müddəti başa çatan şəxslərin pensiya və müavinətlərinin bu ilin aprel ayından dayandırılması və yenidən əlillik təyin olunanadək ödənilməməsi bu kateqoriyadan olan şəxsləri çıxılmaz vəziyyətə qoyub. Yenidən əlilliyin təyin olunması üçün müraciət edənlərin tibbi müayinələr üçün uzun növbə gözləməsi isə onların durumunu daha da ağırlaşdırıb. Sputnik Azərbaycan-ın əməkdaşı Zülfiyyə Quluyeva yazır ki, əlilliyi olan şəxslər əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı müayinələrin aparılması üçün hələ bundan sonra bir neçə ay növbə gözləməlidirlər ki, bu da onların həmin müddətdə pensiya və müavinət almaması anlamına gəlir.
“Çarəsiz qalıb ailəmi dolandırmaq üçün şəxsi avtomobilimi satmışam”
Qarabağ müharibəsi zamanı əlillik qazanan Namiq Quliyev də minlərlə belə əlildən biridir. O, əlillik müddəti başa çatdığı və bu günədək ona əlillik təyin edilmədiyindən beş aydır ki, pensiya ala bilmir: “Artıq beş aydır ki, əlillik müddətim başa çatıb. Təkrar əlilliyin təyin olunması üçün müraciət etsəm də, hələ ki, əlilliyim bərpa olunmayıb. Amma əlillik müddətim başa çatan gündən müavinət ödənişi dayandırılıb. Çarəsiz qalıb ailəmi dolandırmaq üçün şəxsi avtomobilimi satmışam. Həmin pulla kommunal ödənişləri ödəyirəm, ailəmizin gündəlik ərzaq ehtiyaclarını alıram”.
Ailə vəziyyəti ağır olan N.Quliyev deyir ki, sağlamlığı işləməyə imkan vermədiyindən o, çarəsiz əlilliyinin yenidən təyin olunmasını gözləyir. Həmsöhbətimiz deyir ki, saxta əlillik təyinatları həqiqətən də əlilliyi olan şəxsləri də pis vəziyyətə salıb. Necə deyərlər, “qurunun oduna yaş da yanıb”. Saxta əlilliklərin ləğv edilməsi üçün bütün əlillər təkrar müayinədən keçirildiyindən tibb müəssisələrində uzun növbələr yaranıb. Bundan başqa, saxta əlilliklərin ləğv edilməsi üçün əlillərin qeydiyyatda olmadıqları rayonlara göndərilməsi onları ikiqat çətin duruma salıb. Bakıda qeydiyyatda olan əlilliyi olan şəxsin Xaçmaz, Goranboy və sair rayonlara göndərilməsi onlara əlavə nəqliyyat xərci yaradıb. Həmsöhbətimiz deyir ki, müharibədə yaralandıqdan sonra sağlamlığında yaranmış problemlər onu əlil edib. Bu səbəbdən o, aylarla xəstəxanada stasionar şəraitdə müalicə alıb. Ona görə də N.Quliyevin aparılan tibbi müayinələrdən sonra ona əlillik dərəcəsinin yenidən təyin olunacağına şübhəsi yoxdur. Amma N.Quliyev əlillik müddəti dayandırıldığı gündən ona yenidən əlillik təyin olunan müddətə qədər dövr üçün pensiyasını ala bilməyəcək. Çünki hazırkı qanunvericiliyə görə əlillik müddəti bitən şəxsə yenidən əlillik təyin olunduqda ötürülmüş müddət nəzərə alınmır…
Yeni layihə ümid yaradıb, amma…
Milli Məclisə təqdim edilmiş yeni layihə isə əlilliyi olan şəxslərin yaşadığı bu problemi aradan qaldıra bilər. Belə ki, əlillik müddəti bitən şəxsə sonrakı altı ayda yenidən əlillik təyin olunduqda, ötürülmüş müddət nəzərə alınacaq. Həmin müddət üçün də sosial ödənişləri aparılacaq. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb.
Layihə artıq Milli Məclisə təqdim edilib. Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklifi yer alıb. Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra altı aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq. Bu layihənin qəbul olub-olunmayacağı hələ sual altında olsa da, qanundakı boşluğun aradan qaldırılması əlilliyi olan şəxslərdə böyük ümid yaradıb.
Əlilliyi olan şəxslər necə dolansın?
Əlilliyin təyini məsələləri üzrə ekspert Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əlillik müddəti bitən şəxsə yenidən əlillik təyin olunana qədər ötürülmüş müddətin nəzərə alınmaması Konstitusiyamıza ziddir. S.Məmmədov deyir ki, qanundakı bu qanunsuzluq Konstitusiya Məhkəməsinə müraciət edilməklə indiyədək aradan qaldırılmalı idi: “Çox təəssüf ki, bu məsələ qanunda var və əlilliyi olan şəxslər əlillik müddəti başa çatan kimi onların pensiya və müavinətləri dayandırılır. Bu isə sağlamlığı heç bir yerdə işləməyə imkan verməyən əlilliyi olan şəxslər üçün ciddi problem yaradır. Ancaq pensiyanın, müavinətin ümidinə qalan əlilliyi olan şəxslər dolana bilmir, öz dərmanlarını belə ala bilmirlər. Beş aydır ki pensiya ala bilməyən əlilliyi olan şəxslər var. Onlar bizə də müraciət edərək güzəranlarının ağır olduğundan şikayətlənirlər”.
S.Məmmədov deyir ki, əlilliyi təyin etmə meyarları köhnədir: “Əlilliyi təyin etmə meyarları müasir tələblərə cavab vermir, eləcə də saxta əlilliyin alınmasında bu meyarlar rol oynayır. Ona görə də sui-istifadəyə, rüşvətə şərait yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edirəm ki, beynəlxalq standartlara cavab verən yeni meyarlar hazırlayıb. Təəssüf ki, iki ildir ki, bu meyarlar Nazirlər Kabinetinə göndərilsə də, hələ ki, bir qərar verilməyib. 2018-ci ildə Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi haqqında qanun qəbul edilsə də, o qanun geniş ictimai müzakirə olmadan qəbul edildi. İndi əlilliyi olan şəxslərin yaşadığı bu problem də həmin qanundan irəli gəlir. Bu gün əlilliyin təyininə məsul nazirlik öz sistemini elektronlaşdırıb. Amma onlar da gözləyirlər ki, səhiyyə müəssisəsi “Forma 88″ tərtib edərək sistemə yükləsin, onlar da əlilliyi təyin etsinlər. Əlilliyin təyini prosesində iştirak edən digər nazirlikdə bu proses yubanır. Yaxud da əlilliyi olan şəxs əlillik müddətinin başa çatma tarixini unudur, təkrar əlilliyin bərpası üçün vaxtında tibbi komissiyadan keçmir, müraciət etmir. Yaxşı olardı ki, əlillik müddəti başa çatan kimi ödəniş dondurulsun, amma əlillik təyin olunduqda adekvat ödəniş olsun. Bu məsələdə hazırda məntiqsizlik var. Axı əlilliyi olan şəxsin əlillik müddəti başa çatdıqda onun əlilliyi davam edir. Bu, nəzərə alınmalıdır. Yaxşı ki, nazirlik bunu aradan qaldırmağa cəhd edir. Halbuki vaxtında bu məsələ qanundan çıxarılsaydı, əlilliyi olan şəxslər bu gün bu problemi yaşamazdılar”.
Əlilliyin təyini niyə gecikir?
S.Məmmədov da təsdiqləyir ki, əlillik müddəti başa çatan şəxslərə təkrar əlillik təyin olunmasının gecikməsində əlilliyi olan şəxslərdən asılı olmayan məqamlar da var. Buna tibb müəssisələrində yaranmış uzun növbələri misal çəkmək olar. Məsələn, gözdən əlillərin əlillik təyinatı ilə bağlı müayinəsi yalnız Bakıda – Milli Oftalmologiya Mərkəzində aparılır. Bir həkimdən rəy almaq üçün vətəndaşlar bəzən 3-4 dəfə rayondan Bakıya gəlməli olduqlarını bildirirlər. Pensiya və müavinətləri dayandırılan əlilliyi olan şəxsləri bu əlavə xərcə salır.
S.Məmmədov deyir ki, yeni layihə əlilliyin təyinində olan bütün problemləri həll etməsə də, qəbul olunarsa, əlillik müddəti bitən şəxsə sonrakı altı ayda yenidən əlillik təyin olunduqda, ötürülmüş müddət nəzərə alınacaq: “Çünki bu müddəa antikonstitusyondur. Bu müddəa Konstitusiyanın müddəalarını pozur. Vaxtında Konstitusiya Məhkəməsinə müraciət edilsəydi, bu qanunsuzluq aradan qaldırılardı”, – deyə S.Məmmədov bildirir.
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əlilliyə görə sosial müavinət hazırkı qanunvericiliyə görə əlillik təyin olunduğu gündən hesablanır. G.Əzizova deyir ki, bəzən əlilliyi olan şəxslər əlillik müddətlərinin başa çatdığından xəbərsiz olur, əlilliyin təkrar təyini üçün vaxtında müraciət etmir. Nəticədə vətəndaş əlillik təyin olunanadək arada qalan müddətin ödənişini ala bilmir. Ancaq yeni dəyişiklik təklifinə əsasən əlillik təyin olunduqda, ötürülmüş müddət nəzərə alınacaq.
G.Əzizova deyir ki, hazırda müddətli və müddətsiz əlillik təyinatları var: “Müddətli əlillik təyinatı müddəti 5 ildir. 5 il müddətin tamamında əlilliyi olan vətəndaş yenidən əlilliyin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsində müayinədən keçərək əlillik alt sisteminə “Forma 88″ daxil etdirməlidir. Əlilliyin təyini məhz bu forma əsasında təyin edilir”.
G.Əzizovanın sözlərinə görə, vətəndaşlar əlillik müddəti başa çatmasına az müddət qalmış vaxt itirməmək üçün tibb müəssisəsinə yenidən əlilliyin qiymətləndirilməsi üçün müraciət edə bilərlər.
Ötür-ötür oyunu davam edir
Qurum rəsmisi bunun mümkün olduğunu desə də, əlilliyi olan şəxslərin də öz arqumentləri var. Onlar bildirirlər ki, tibb müəssisələri əlilliyi olan şəxslərin müraciətlərini əlillik müddəti başa çatmamış qəbul etmir. Əlilliyi olan şəxslər deyirlər ki, tibb müəssisələri əlillik müddəti başa çatmamış müraciət edən vətəndaşlara bildirir ki, ancaq əlillik müddəti başa çatdıqdan sonra xəstəxanaya müraciət qəbul olunur. Əlillik müddətinin başa çatmasını gözləyib müddət tamam olan kimi tibb müəssisəsinə müraciət edən vətəndaşlar isə uzun növbə ilə üzləşir. Bu da əlilliyi olan şəxslərin təkrar əlillikləri qiymətləndirilənədək aylarla pensiya ala bilməməsinə səbəb olur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin isə bununla bağlı mətbuata açıqlamasında bildirirlir ki, əlilliyin təyin edilməsi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin nəzdində həkim məsləhət komissiyaları fəaliyyət göstərir. Həmin komissiyalar tərəfindən müəyyən edilmiş qaydada vətəndaşların sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasını aparmaq, TSEK tərəfindən müəyyənləşdirilmiş əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinələrin həyata keçirilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi, əlilliyin səbəbinin dəyişdirilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələrinə ehtiyaclarının qiymətləndirilməsi və s. işlər aparılır: “Qeyd edilən məsələlərlə bağlı TSEK-ə göndərişləri rəsmiləşdirmək istiqamətində tibb müəssisələri tərəfindən “Forma 88″ tərtib olunur. Tibb müəssisələrinə əlilliyin müəyyən edilməsi ilə bağlı müayinədən keçmək istəyən vətəndaşların çoxluğunu nəzərə alaraq mövcud sənədlərin hazırlanması müəyyən zaman müddətində həyata keçirilir. Tibb müəssisələrində əlilliyin müəyyən edilməsi ilə bağlı hər bir vətəndaşın növbəli şəkildə TSEK-ə göndərişi rəsmiləşdirilir”.
Agentlikdən, həmçinin bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəzi xəstəliklər üzrə əlilliyin təyin olunması üçün yalnız ixtisaslaşmış tibb müəssisələrinin rəylərinə əsasən sənədləri qəbul edir. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gözün və onun əlavə aparatının xəstəliklərinin müayinəsinin paralel olaraq digər tibb müəssisələrində aparılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müzakirələr aparır. Hazırda xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı müayinələrin aparılması üçün TƏBİB-in tabeliyində olan 163 tibb müəssisəsinin həkim məsləhət komissiyası fəaliyyət göstərir”, – deyə Agentlik bildirir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here