Bizimsesimiz.info // Azərbaycanın “Şahdəniz” qaz yatağının işlənilməsi layihəsi ABŞ-ın Rusiyaya qarşı tətbiq etməyə hazırlaşdığı yeni sanksiyaların təsirindən son anda xilas olub.

Virtualaz.org “Politico” nəşrinə istinadla xəbər verir ki, bu, Avropa Komissiyası rəsmilərinin və Vaşinqton lobbiçilərinin gərgin çalışmalarının sayəsində qanun layihəsinin iyulun 25-də Konqresin Nümayəndələr palatasında səsverməyə çıxarılmasından dəqiqələr əvvəl baş tutub.

Xəbər verildiyi kimi ABŞ Konqresinin qəbul etdiyi qanun layihəsinə əsasən Rusiyanın energetika şirkətlərinin iştirak etdiyi layihələr sanksiyaların təsiri altına düşür. Qanun layihəsinin əvvəlki variantına əsasən ”Şahdəniz” yatağı da bu sanksiyalara məruz qala bilərdi, çünki Rusiyanın “Lukoil” şirkəti layihədə 10 faiz səslə təmsil olunur.

Lakin ötən gün məlum olub ki, qanun layihəsinin səsvermədən keçən son variantında “Şahdəniz”i sanksiyalardan xilas edən düzəliş var. Belə ki, Rusiya şirkətlərinin azı 33 faiz payla təmsil olunduğu layihələr ABŞ-ın sanksiyalarının təsiri altına düşür.

“Politico” yazır ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker Vaşinqtonu sanksiyaların Avropanın energetika təhlükəsizliyinə zərər vurmasının qarşısını almaq üçün “dərhal, bir neçə gün içində hərəkətə keçəcəkləri” haqda xəbərdar edib. Eyni zamanda Vaşinqtondakı Avropa lobbiçiləri, Avropa Komissiyasının məmurları hər iki partiyadan olan konqresmenlərlə gərgin danışıqlar apararaq qanun layihəsində son dəqiqələrdə düzəliş edilməsinə nail olublar.

“Biz son beş həftə ərzində Vaşinqtondakı Avropa nümayəndə heyəti və səfirliklərlə sıx əlaqədə idik”-demokrat senatorlardan birinin köməkçisi bildirib. Mənbə deyib ki, səsverməyə az qalmış Aİ qanun layihəsinə düzəlişlər edilməsinə nail olub, ora sanksiyaların həyata keçirilməsini Avropa ilə uzlaşdırmaq barədə bənd  də əlavə edilib.

“Qanun layihəsinin əvvəlki variantında göstərilirdi ki, Rusiya şirkətlərinin hətta cüzi payla təmsil olunduğu layihələr belə sanksiyaların təsiri altında qalacaq. Bu, Aİ-nin energetika şaxələndirilməsi üçün vacib olan layihələri, məsələn Azərbaycanın “Şahdəniz-2” layihəsini təhlükə altında qoyurdu. Çünki Rusiyanın “Lukoil” şirkəti layihədə 10 faiz payla təmsil olunur”-mənbə bildirib.

Brüsseldəki mənbə isə deyib ki, qanun layihəsində düzəlişlərin edilməsi üçün Almaniya xüsusi səylər göstərib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here