Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 9-cu hissəsi

( Əvvəli ötən sayımızda )

“Şərq bloku”nda ana fikir kommunizm fikri idi. Bu fikri realizə edərkən fərd bir ünsür olaraq qəbul edilmirdi. Yeganə məqsəd kimi “cəmiyyətin mənfəəti” adı altında bir qayə ortaya qoyulur və bu qayə uğrunda lazım gələrsə, hər cür fərdi hüquqlar rahat-rahat fəda edilə bilərdi. Bu ölkələrdə iqtisadi həyat tamamən planlaşdırılmış idi. Və bu plan məcburi plan idi. Plan hər şeyə hökm edən bir təzyiq, bir yönləndirmə vasitəsi idi. Bu planın hansı məqsədlərlə hazırlandığı müzakirə edilə bilər. Amma ortada bir gerçəklik var idi. Bu məmləkətlərdə “idarə edən” və “idarə edilən” adında iki ayrı zümrə var idi. İdarə edənlər idarə edilən zümrəni bu planı icra etməyə məcbur edirdi.
“Şərq bloku”nda mənfəət anlayışı yox idi. Mülkiyyət anlayışı yox idi. Mal və pul cəmiyyətin idi. İnsanlar ancaq minimum ehtiyacları qədər bunlardan faydalana bilərdi. Yaşamaq üçün minimum lazım olan miqdardan artığı mütləq cəmiyyətə aid idi. Dolayısıyla, insanlar daha çox çalışıb daha çox qazanmaq istədikləri zaman, qazanacaqları heç nə yox idi. Əldə edə biləcələri hər şey məhdudlaşdırılmışdı. “Artıq istehsal cəmiyyətin malıdır” deyilir və isehsal edənin əlindən alınırdı. Heç kəsin malı-mülkü yox idi. Taksi sürücüsü öz taksisində bir qulluqçu – sürücü idi. Hər kəs evində kirayənişin idi. Hər hansı bir şeyə sahib olmaq istəsəniz, ola bilməzdiniz. Bu vəziyyət cəmiyyətdə təbii ki, çox önəmli nəticələr doğurmuşdu. Belə bir durum insan fitrətinə, yaradılışına uyğun olmadığından cəmiyyət həyatında axsamalar yaşanmaqda idi.

O dönəmdə Qərbi Berlindən Şərqi Berlinə girişimiz əsnasında gördüyümüz mənzərə bu oldu: Şərqi Berlində şəhər sanki həyəcan siqnalı çalıbmış kimi, hər kəs zirzəmilərə yerləşmişdi. Küçələrdə üç-beş adam olar ya olmaz. İnsanların üzü gülməyir. Vitrinlər olduqca sönük, əşyalar üst-üstə atılmış vəziyyətdə idi. Bu mənzərəni rejimin bir nəticəsi olduğunu qəbul etmək lazımdır. Çünki, o vitrini hazırlayan insanın daha yaxşı hazırlayacağı təqdirdə əldə edəcəyi bir nəticə yoxdur. Məsələ sadəcə olaraq ona verilən vəzifəni formal olaraq yerinə yetirmək görüntüsündən ibarətdir. İnsanı daha yaxşısına, daha gözəlinə, daha yüksəyinə yönəldəcək səbəblər mövcud deyildir. Çünki, gördüyü işi daha yaxşı edərsə, fərdin əldə edəcəyi heç bir əlavə nəticə yoxdur.

Bu ölkələrdə bəzi evlərin inşa edildiyini gördük. Necə ki, bizi də gəzdirdilər. Bunları göstərdilər. Sadəcə, bunlar həqiqətən müəyyən məcburiyyətlərin nəticəsində ortaya çıxmışdır. İnsanın öz insanlığını duyaraq, şövqlə icra edərək, “bu əsər mənimdir, bu nəticəni mən aldım” deyə biləcəyi bir əsər yox idi. Əldə edilən nəticələr insan oğlunun yaradılışına uyğun gəlməyən və dolayısıyla hər cür duyğudan məhrum, bir növ makinalaşmış mexaniki hərəkətlərin hamısı ruhsuz nəticələr idi.
Evlər tikilmişdir. Fəqət, altı uşaqlı bir ailəyə 48 kvadrat metrlik yer rəva görülərək tikilmişdir. Fabriklər qurulmuşdur. Fəqət bu fabriklər istehsalı artırsın, rifah səviyyəsini yüksəltsin, dolayısıyla fərdlərə nəsə versin deyə qurulmamışlar. İdarə edən zümrəyə yeni imkanlar yaransın deyə qurulmuşdur. Bu düşüncə tərzinin insan səadətinə vurduğu zərbəni hər küncdə, hər bucaqda və hər çevrədə görmək mümkündür.

Əslində, bu rejim fəhləyə rifah gətirmək üçün ortaya çıxdığını iddia edən rejim idi. Halbuki, gerçəkdə fəhləyə bir rifah gətirməmişdi. Fəhlənin müəyyən haqlarını qəsb etmək və onun normal ehtiyaclarını ödəmədiyi halda, onu təzyiq altında tutma icraatı həyata keçirməkdə idi. Bu məmləkətlərdə sahibkar və dövlət – ikisi eynidir. Fəhlənin ona tətbiq olunan əmək haqqı sisteminə etiraz haqqı yox idi. Sahibkar və dövlət – ikisi eyni olduğu üçün bütün sinfi bərabərlik iddialarına rəğmən bu rejimdəki insanlar arasında da yenə idarə edənlər və idarə edilənlər zümrəsi təbii olaraq meydana gəlmişdi. Yeganə fərq idarə edənlərə qarşı bir etiraz orqanı və imkanı yox idi. İdarə edənlər rahat-rahat bu rejim içərisində hər cür zülm və işgəncəni həyata keçirmək haqqına sahib idilər.

Bu rejim insan təbiətinə uyğun deyildi və yürüməyirdi. Necə ki, bu neçə illik təcrübədən sonra bu rejimin ən qatı müdafiəçiləri belə, geri dönmək ehtiyacını hiss etmiş və yavaş-yavaş öz ideoloji davalarından vaz keçib yeni çarələr axtarmaq məcburiyyətində qalıblar.
Necə ki, Kruşçovun başqanlığı zamanında etdiyi bir çıxış çox maraqlıdır və önəmli dönüş nöqtəsini təşkil edir. Çıxışındakı sözlər budur:

“Rusiyada kənd təsərrüfatı istehsalı istədiyimiz nəticələri verməyəcək. Kommunizm yaxşı rejimdir. Amma insan təbiətinə uyğun gəlməyir. Biz kəndlilərə öz evinin keçimini təmin etmək məqsədilə, əkin üçün evinin ətrafında çox kiçik ərazi veririk. Bir də kəndin ümumi, böyük ərazisini ayırırıq. Kəndlilər onlara aid olan hissəni çox yaxşı əkib-becərirlər. Amma ümumi hissəyə gəlincə, əkməyirlər. Dolayısıyla, əsas xəzinəyə gələcək olan hissədən yaxşı nəticə ala bilməyirik. O biri hissələrdə istehsal gedir. Əgər biz Rusiyada kənd təsərrüfatı istehsalını artırmaq istəyiriksə, gəlin yoldaşlar, kəndlilərin evinin ətrafındakı onlara aid ərazini böyüdək!”.
Bunun mənası “kəndlilərə mütləq mülkiyyət hüququnu vermək məcburiyyətindəyik” deməkdir və bu yolda çoxlu addım atmağa məcbur oldular. Çünki, iqtisadi həyat insan fitrətinə uyğun olmayan qanunların qurbanı halına gəlmişdi. Bundan başqa fabriklərdə mükafat sistemi, maliyyə sistemi və bir-birinə rəqib fabrik sisteminə qayıtmağa məcbur qaldılar ki, biri istehsal etməzsə, o biri istehsal etsin. Bunun da mənası yenidən yavaş-yavaş mənfəət sisteminə geri dönmək deməkdir. Bugünkü reallıqlara istinad edərək artıq çox rahat şəkildə ifadə etmək mümkündür ki, bəzi təsadüflərlə özünə yurd tapmış kommunist sistemi bəşər tarixində konkret bir dövr yaşamaq imkanını əldə etsə də, insan təbiətinə uyğun olmayan bu düşüncə və sistem bir müddət yaşamış, sonra isə yox olub getmişdir.

Bu cür iqtisadi düşüncənin tətbiqindən dolayı “Şərq bloku”ndakı ictimai həyat da insana səadət gətirməkdən uzaq idi. Şərqin ictimai həyatında bizlərin anladığı mənada ailə anlayışı qalmamışdı. Qadın-kişi, hər kəs heç bir fərq nəzərə alınmadan ən xəfif işdən ən ağır işə qədər çalışmaq məcburiyyətində idilər. Əslində, uşaqlar ailənin üzvləri sayılmazdılar. Onlar cəmiyyətin bir işçisi qəbul edilərək, çox rahatlıqla hələ kiçik yaşlarından ailədən uzaqlaşdırılırdılar. Xüsusi yetişdirmə yerlərində “elə tərbiyə etsək və yaxud da belə tərbiyə etsək daha faydalıdır” kimi yanaşmalarla uşaq yetişdirmə düşərgələrinə göndərilməkdəydilər. Normal bir ailə həyatı yox idi.

Burada çox önəmli bir məsələni müəyyənləşdirməyə məcburuq. Mütləq mənada bəzi dəyərlərin mühakiməsi və müqəddəs anlayışlar tamamilə dəyərsiz sayıldığı üçün cəmiyyətdə bir dinclik və mənəvi rahatlıq yox idi. Bundan başqa hər şeyə materialist və maddəçi bir mövqedən yanaşıldığı üçün insanların mənəvi tərəfləri korşaldılmışdı. “Şərq bloku” ölkələrinə səyahətlərimiz zamanı, sanki, robotlaşmış kəslərin içinə düşdüyümüzü hiss etdik. İnsana əsas rahatlıq verən dinclik, qarşılıqlı sevgi, məhəbbət və mənəvi dəyərlər cəmiyyətdə ortadan qalxarsa, necə narahat bir mənzərə meydana gəlir. Bunu kommunizmdə görmək mümkündür. Öz sistemində Axirət anlayışına qətiyyən yer vermədiyi üçün, hər şey bu dünyadakı gəlib-keçən ölçülərə görə tənzimlənirdi. Yetişmiş, müdrik insanın belə gəlib-keçən şeylərlə rahatlanması mümkün deyildir. Bu səbəbdən insanlara səadət verə bilməz. İnsanlara rahatlıq gətirə bilməz. Məqbul bir nəticə ortaya qoya bilməz.

Bu cəmiyyətdə qadın kişi ilə müqayisədə hər məsələdə daha az işi bacardığı üçün daha az əmək haqqı almağa məhkum varlıq idi. Ən ağır işlərdə çalışdırılırdılar. Buralardakı fabrikləri gəzərkən çox vaxt ağır dəzgahların başında qızğın dəmirləri əlləriylə çəkən sanki məhkum olan qadın tipləriylə qarşılaşdıq. Qadın gələn qızğın dəmiri maşayla tutub ikinci dəzgaha verməyə cavabdeh idi. Qan-tər içində idi. Axşam evə gec saatlarda gələcək və ertəsi gün yenidən işinin başına dönəcəkdi. Ona mənəvi baxımdan heç bir şey göstərilmirdi. Əksinə, kişidən daha az maaş alırdı.
Həmçinin, o dövrdə Leypziqdə bir muzeyi gəzirdik. Bu muzeydə bələdçi bir qadın gördük. Bu qadın hər saat eyni sözləri təkrarlayaraq gələnlər üçün bələdçilik vəzifəsini daşıyırdı.
150 il əvvəl bir xalq üsyanındakı qəhrəmanın heykəlindən bəhs edərkən, 45 dəqiqəlik danışığının yarım saatını heç dəxli olmadığı halda rusları tərifləməyə məhkum olan qadın idi.
“Görürsünüz ki, ruslar o vaxtdan bizi qurtarmaq üçün necə böyük fədakarlıqlar ediblər!..” deməyə məhkum bir alman qadını idi. Danışarkən üzünün ifadəsi elə idi ki, halıyla bunu söyləyirdi:

” – Mən normal, sərbəst bir yerdə olsam, sizə bu abidənin tarixçəsini və bizim hekayəmizi elə gözəl danışaram ki… Amma nə edim ki, burada bu nəqarəti təkrarlamağa məcburam”.
Bunlara müqabil “projektorlarımızı” Şərqdən Qərbə çevirərsək, nə görərik? Qərbə eyni prinsiplərlərlə baxdığımız zaman zahirdə Şərqin tərsinə olan bir mənzərə nəzərə çarpar. Qərbdə mülkiyyət əsası vardır. Mənfəət sistemi mövcuddur. İnsanlar müəyyən nəticələr əldə edirlər. Bunlarla da arzu etdikləri şeylərə sahib ola bilərlər.

Qərbdə kapital vardır və pul pulu çəkər. Qüvvətli kapital qüvvətli qazanc deməkdir. İnsanlar istədikləri qədər əşyaya, mal-mülkə sahib ola bilərlər. Bu şəraitin ərsəyə gətirdiyi çox faydalı nəticə vardır. O da bundan ibarətdir ki, insan təbiətinin insan şövqünü çalışmağa təhrik etdiyi üçün Qərbdə istehsal çoxdur. Bu çox istehsal daha çox qazanc və daha yüksək həyat standartlarını gətiribdir. Rifah və həyat standartı yüksəlincə, dövlət mexanizmi o cəmiyyətdəki çalışmayanlara, zəiflərə, yoxsullara bu yüksək nəticədən bəzi güzəştlər ayrılmaqda, kasıb-kusuba dövlət əliylə bəzi yardımların edilməsi mümkün ola bilməkdədir.
Fəqət, bu iqtisadi həyat da ideal bir həyat deyildir. Çünki, Qərbdəki sistem də eynən Şərqdəki kimi materialist əsaslara görə tənzimlənmişdir. Bunun nəticəsi olaraq Qərbdəki zənginlər yoxsullarla maraqlanmaq məcburiyyəti hiss etmirlər. “Onlar da çalışıb qazansınlar” deməkdədirlər. Qərbdə hər şey qazancla, pulla ölçüldüyü üçün insanlarda insaf dediyimiz həssaslıq qismən itmişdir. Qərbdə bir adam bir qəpik üçün qarşısındakı insana ən böyük əziyyəti verər, amma o bir qəpikdən isə keçməz.

Qərbdə həqiqətən materialist bir mühit və insaf baxımından korlanmış bir quruluş vardır. Qərb ölkələrinə səfər edənlər bunun bir çox nümunəsini görüblər. Qərbin ictimai həyatında ailə anlayışı mövcuddur. Hamı ailə-uşaq sahibidir. Və bunlardan təşkil olunmuş bir ailə sistemi vardır. Ancaq bu tam xoşbəxtlik gətirəcək bir quruluş deyildir. Çünki, Qərb mütləq qadının da kişi kimi eyni şərtlərlə işləməsini məcburi görməkdədir. Ailədə hər iki tərəf də tamamilə bərabər şərtlərlə çalışmağa məcburdur. Qadın da işləyə bilən bir ünsür qəbul edildiyi üçün, onun da çalışıb özünə qazanc təmin etməsi məcburi hesab edilir və qadınla kişinin iş həyatında hər yerdə tamamilə bərabər olduğu iddia edilir.
Qadın mütləq gəlir gətirməlidir. Gəlir gətirmədiyi təqdirdə ona kiçik bir ünsür kimi baxılmaqdadır. Bir kişi ailədə pul qazanmaqla, ailəyə daha böyük mənfəət gətirdiyi psixologiyası içindədir. Bu, həqiqi xoşbəxtliyə böyük ölçüdə mane olmaqdadır. Qərbin düşüncə sistemi qadına onun fitrətinə uyğun olmayan bəzi məcburiyyətlər və məsuliyyətlər yükləməkdədir.
Başqa sözlə, Qərbdəki qadını məsud qadın olaraq qəbul etməyimiz mümkün deyildir. Sosialist blokla müqayisə etdiyimiz zaman sadəcə rifah səviyyəsi daha yaxşı vəziyyətdədir.

Bu iki sistemdən bəhs etdikdən sonra qeyd etmək lazımdır ki, qadının həqiqi yeri İslamiyyətdədir.
İslamiyyətin özünə xas inkişaf edən iqtisadiyyat sistemi də mövcuddur. Bu iqtisadi sistem nə şərqdəki və nə də qərbdəki sistemdir. Çünki, İslamiyyət daima maddiyyatla mənəviyyatı bir-birinə paralel yürütmüşdür. Buna görə İslamiyyətdə həm maddiyyat vardır. Həm də bununla yanaşı hər zaman hər yerdə heç ayrılmayacaq şəkildə mənəviyyat vardır. İslamiyyətin iqtisadi sistemi maddiyata hörmətlə yanaşır. Hamının malı-mülkü vardır və hamının malı-mülkü özünə aiddir. Qorunur. Heç kəsin buna kəm gözlə baxmağa haqqı yoxdur. Və bu haqq o qədər mühümdür ki, Peyğəmbər Əfəndimiz Əleyhissalatu Vəssalam bir çox tövsiyəsində “Axirətdə mənim yanıma hər cür qüsurla, günahla gəlin. Amma qul haqqıyla gəlməyin!” buyurmuşdur. Bunun mənası, başqalarının hər cür mal, pul və sair kimi haqlarına son dərəcə riayət etməyimizin vacib olmasıdır.

İslamiyyət eyni zamanda qazanc və qazanmağa da böyük yer vermişdir. Çünki, Peyğəmbər Əfəndimiz Əleyhissalatu Vəssalam “verən əl alan əldən üstündür” buyurmuşdur. Bunun mənası, hər bir müsəlman qazanmaq üçün çalışmaq və başqalarına yardım etməyə cavabdehdir. Bundan başqa, İslamiyyətdə “əl-kasibu həbibullah” (çalışanı Allah sevər, çalışan Allahın sevgilisidir) buyurulmuşdur. Buna binaən müsəlman mütləq çalışmaq, istehsal etmək və iqtisadi baxımdan faydalı ünsür olmağa borcludur. Bu xüsusiyyəti ilə İslamiyyət zahirən “Qərb bloku”na bənzəmiş kimi görsənir. Mülkiyyətə hörməti əsas alır. Amma İslamiyyət sistemi Qərbin kapitalist sistemi deyildir. Aradakı böyük fərq buradadır: Müsəlman qazanmalıdır. Ancaq israf etməməlidir. Çünki, israf etmək haramdır. Buna görə də müsəlman qazandığını mütləq xeyirli bir sahəyə xərcləməyə borcludur. Qərbdəki insanın belə bir prinsipi yoxdur. O qazandıqdan sonra pulunu hər cür nəfsani arzusu uğrunda rahatlıqla xərcləyə bilər. Amma İslamiyyətdə bütün bu qazanclardan sonra təvazökar olmaq, israf etməmək, daim başqalarına faydalı olmaq, kasıblara kömək etmək kimi prinsiplər mövcuddur. Bu baxımdan İslam Qərb rejiminin zərərli tərəflərini aradan qaldıran, kapitalizmin yetişə bilmədiyi yüksək hədəfi ortaya qoyan bir sistemdir. Bu sistemin meydana gətirdiyi iqtisadi həyatda həqiqətən maddiyyat ilə mənəviyyat bir-birindən ayrıla bilməzlər. Bunu bir çox nümunədə görüb bilirik.
İstanbulda bir axşam toplantısına dəvət edilmişdim. Yunanıstandan gələn yaşlı bir xanım müsəlman olmuşdu. Uzun illər Yunanıstanda qalmış və nəhayət İstanbul Müftülüyündə müsəlman olmasını rəsmi surətdə qeyd etdirmişdir. Həmin günün axşamı qohumunun evinə getmişdir. Biz də o gün eyni yerdə idik. O qadın bu günə çatdığı üçün son dərəcə məmnun idi. Biz söhbətə başlamadan öncə dedi ki:

” – Əlbəttə, buraya gəldiniz, toplandınız. Mənim niyə müsəlman olduğumu bilmək istəyirsiniz. Siz soruşmamış, mən sizə qısaca deyim. Biz Konyadan olan zəngin müsəlman bir ailənin yanında qalırdıq. Atam, anam və qardaşlarım bu evdə birgə xidmətçilik edirdik. Bu ailənin həddən artıq varlı bir əfəndisi vardı. Bu əfəndi məmləkətin sayılan-seçilən zənginlərindən olmaqla yanaşı, həm də çox təvazökar insan idi. Mən uşaqlığımdan heç bir bayramı xatırlamıram ki, bu müsəlman ev sahibi onun xidmətçisi olduğumuz halda, bayramlarda biz xidmətçi uşaqlarına hədiyyələri və yeni ayaqqabıları öz uşaqlarından daha sonra almış olsun. Hər bayramda əvvəlcə bizə alırdı. Ondan sonra öz uşaqlarına ən yaxşı halda, bizim ayaqqabılarla eyni keyfiyyətdə ayaqqabı alırdı. Çox varlı bir insana bu davranışı verən belə bir dinə 40 ildən bəri mən heyran qalmayım, bəs kim qalsın? Bu gün belə bir dinin mənsubu olmaq şərəfinə çatdığım üçün həyatımın ən məsud gününü yaşayıram”.

(ardı var)

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here