ABŞ-da işsizliyin aylıq göstəricisi 16 illik minimuma enib
Bizimsesimiz.info // ABŞ-da işsizlik və orta saat hesabı əmək haqqı göstəriciləri gözləntiləri üstələyib.
“Report” xəbər verir ki, ABŞ-da sentyabr ayının işsizlik göstəricisi 4,2% təşkil edib və 4,4%-lik proqnozdan daha müsbət olub. Qeyd edək ki, bu, son 16 ilin ən yaxşı aylıq göstəricisidir. Bununla yanaşı, daha önəmli göstərici sayılan orta saathesabı əmək haqqı isə aylıq müqayisədə 0,3% proqnoza qarşı 0,5% artıb.
Orta saathesabı əmək haqqı göstəricisi uzun müddətdir Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması üçün əsas önəm verdiyi parametrlərdən biridir. Bu göstəricinin artması dekabrda FED-in uçot dərəcəsini artırması ehtimalını, demək olar ki, 100%-ə yüksəldəcək.
Göstəricilərin açıqlanmasından sonra avro-dollar məzənnəsi 1,1710 USD/EUR səviyyəsindən 1,1680 USD/EUR-a kimi geriləyib. Dolların möhkəmlənməsi prosesinin davam edəcəyi gözlənilir.