ABŞ Körfəz ölkələrilə hərbi təlimləri dayandırma qərarı verdi
Bizimsesimiz.info // Amerika Birləşmiş Ştatları Körfəz ölkələrilə keçirdiyi hərbi təlimləri dayandırma qərarı verdi.
Qətər böhranının başlanğıcında Doha rəhbərliyini günahlandıran ABŞ ötən 4 aydan sonra bu dəfə fərqli bir addım atır.
Amerikanın “Associated Press” xəbər agentliyinin məlumatına görə, ABŞ ordusu Körfəz ölkələrilə bir sıra hərbi təlimlərini dayandırır.
ABŞ rəhbərliyinin sözü gedən qərarı Moskvaya səfər edən Səudiyyə kralı Salmanın Putinlə görüşündən, iki ölkənin S-400 hava müdafiə sistemi alqı-satqı razılaşmasından və bütün bunların mətbuatda geniş əks olunmasından sonra verib.
ABŞ prezidenti Donald Tramp 5 iyundan başlayan Qətər böhranında düyməyə özünün basdığını “Twitter” mesajı ilə elan etmişdi. Qətər həmin tarixdən bu yana Səudiyyə Ərəbistanının başını çəkdiyi qonşuları tərəfindən təcrid edilmiş vəziyyətdədir. Quru və dəniz sərhədləri bağlanılan ölkəyə ən böyük dəstək isə Türkiyə və İrandan gəlir.