Futbol aləmində bir çox ulduz narkotik və spirtli içki kimi zərərli vərdişlərin qurbanına çevrilib.

Fanat.Az bu vərdişlərdən istifadə edərək öz acı sonunu gətirən dünya futbolunun tanınmış simaları barədə maraqlı araşdırma aparıb.

Corc Best (George Best)

Şimali İrlandiyalı futbolçu inanılmaz bir istedada sahib idi. “Mançester Yunayted”in əfsanəvi oyunçusu dövrünün ən yaxşı futbolçularından olub. “Qızıl Top”un sahibinin futboldan başqa da maraqları vardı. Best həyatda yalnız bir neçə şeyi olduqca çox sevirdi – spirtli içki, gözəl qadınlar, futbol və yumoru. “Qadınların diqqət mərkəzində olan əyyaş” imici futbolçunun xoşuna gəlirdi. Sürdüyü həyat tərzi barədə futbolçu zarafatca belə demişdi: “Bir dəfə içkini və qadınlarla görüşməyi tərgitdim. Bu, mənim həyatımda ən pis 20 dəqiqə idi”. “Qırmızı şeytanlar”ın heyətində meydana dəfələrcə sərxoş halda çıxan Best, bu əməlinə görə bir neçə dəfə klub rəhbərliyi tərəfindən cəzalanmışdı. Buna baxmayaraq, futbolçu zərərli vərdişdən əl çəkmək niyyətində deyildi.

“Mən yalnız yatanda içmirəm” deyən futbolçunun zaman keçdikcə sağlamlığında ciddi problemlər yaranır. 2004-cü ildə ona süni qara ciyər yerləşdirirlər. İçkini tərgitməyə bu da kömək etmir və 2005-ci ilin qışında Corc Best qanında olan infeksiya səbəbindən dünyasını dəyişir.

“News of the World” nəşrinin yazdığına gorə, futbolçunun son sözləri belə olub: “Mənim kimi ölməyin!” (Don’t die like me).

Toni Adams (Tony Adams)

2010-11 çi illər mövsümündə “Qəbələ” klubunun baş məşqçisi olmuş İngiltərə millisinin və “Arsenal”ın əfsanəsi Toni Adams da zərərli vərdişlərlə gündəmdə olanlardandır.

Yan Raş Adams haqda: “Əyyaş olduğunu anlamaq üçün Toni bir qədər içməlidir. Onun ayılması üçün içki qəbul etməsi lazım gəlirdi”.

Futbolçunun İPL çərçivəsində bir mövsümün yarısını içkinin təsiri altında keçirdiyi bildirilir. Adams daha çox Stiv Bould, Kioun və Dikson kimi tanınmış futbolçularla içki məclisi qururdu.

1996-cı ildə 30 yaşlı Adams ciddi şəkildə alkoqolizmdən əziyyət çəkdiyini etiraf edərək karyerasını bitirmək niyyətində idi. Ona klubun baş məşqçisi Arsen Venger mane olur və onu “Anonim Əyyaşlar Dərnəyi”nə yazdırır.

Alkoqol futbolçunun karyerasında bir sıra problemlər yaradır. Futbolçuya yüksək maaşla “Real Madrid” klubundan təklif gəlmişdi. “Kral Klubu”nun rəhbərliyi onun içkiyə olan “sevgisini” bilən kimi dərhal fikrini dəyişir. Hazırda sabiq futbolçu alkoqolla mübarizə üçün reabilitasiya mərkəzi açıb və deyilənə görə vaxtında bu yoldan üz döndərib.

Qarrinça (Garrinca)

Bəlkə də zərərli vərdişlərlə tanınan ikinci ən istedadlı futbol dahisi Qarrinçadır. Veteran futbolçu qazandığı bütün pulları yalnız və yalnız içkiyə xərcləyirdi. Qarrinça olduqca ürəyiaçıq və rəhmli insan idi. San-Paulo barlarında bütün tanışlarının, qonşularının və hətta adi müştərilərin də içkisinin pulunu ödəyirdi. Braziliyada olduqca populyar olan Mane ona yaxınlaşan azarkeşləri belə bar və restorana dəvət edib onlarla içki məclisi qururdu. Qarrinça hər yerdə və hamı ilə içirdi.

Alkoqola xərclədiyi bütün pulları bitəndən sonra dahi futbolçu evsiz-eşiksiz kücədə qalmalı olur. Yerli camaat tərəfindən artıq məşhur futbolçu deyil, sadə əyyaş olaraq tanınırdı. Qarrinça 1983-cü ildə qara ciyər serrozundan dünyasını dəyişir.

Pol Qaskoyn (Paul Gascoigne)

Pol Qaskoyn içki həvəskarı olan futbolçular arasında bəlkə də birinci yerdədir. Futbolçunun etiraf etdiyi kimi, “Özünü dərk edəndən spirtli içki qəbul edir”. “Tottenhem”in heyətində demək olar ki, hər oyuna sərxoş çıxırdı. Oyundan əvvəl bir neçə pint pivə içən futbolçu 15 dəqiqəlik fasilədə də içki içirdi. Polun oyunu bütün Britaniyanı valeh etmişdi. Göstərdiyi gözəl oyuna görə futbolçunun zərərli vərdişinə heç kimi qarışmırdı.

Yaxşı oynamağın reseptini bir neçə qədəh brendidə görən Qaskoynun gündəlik norması 2 litr cin, onlarla bokal pivə idi. Bundan əlavə veteran futbolçu antidepressantların da qəbuluna başlayır.

Pol çıxış etdiyi bütün klublarda (“Tottenhem”, “Latsio”, “Rencers” və s.) içki qalmaqalı ilə üzləşmişdi.

Karyerasını başa vurduqdan sonra alkoqolu ata bilməyən Qaskoyn olduqca çətin və mürəkkəb əməliyyatdan keçir. Bu əməliyyat yalnız könüllü şəkildə baş verir. 54 yaşlı sabiq futbolçunun mədəsinə 2 ədəd xüsusi kapsul yerləşdirilir. Ən az alkoqol faizli içki belə qəbul olunsa, Pol Qaskoyn zəhərlənmədən həyatını dəyişə bilərdi. Əməliyyatın qiyməti – 250 000 funt sterlinq təşkil edib.

Dieqo Maradona

Tarixin ən qalmaqallı futbol dahisi Dieqo Maradona da bu siyahıdadır. Mərhum “qızıl oğlan” narkotikdən, qumardan, alkoqoldan olduqca uzun müddət əziyyət çəkib.

1991-ci ildə Maradonanı narkotik qəbuluna görə 15 ay rəsmi olaraq futboldan uzaqlaşdırılıb. 1994-cü ildə argentinalı ulduz yenidən narkotin qəbulunda günahlandırılır. Futbolçunun qanında efidrik aşkarlanır. Narkotikdən əlavə spirtli içkiyə meyl göstərən futbolçu 2004-cü ildə ürək tutmasından huşunu itirir. Müalicə olunduqdan sonra ailəsinə zərərli vərdişlərdən uzaq olacağını bildirən Dieqo bir neçə aydan sonra yenidən spirtli içki və narkotik qəbul etməyə başlayır.

Maradonanın dediyinə görə narkotik onun əlindan yaddaşdan başqa hər şeyi alıb.

25 noyabr 2020-ci ildə Dieqo Maradona Buenos-Ayresdə dünyasını dəyişir.

Emin Şəmsiyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here