Almaniyaya sığınan qaçqınlar hər gün təhdid edilirlər
Bizimsesimiz.info // Alman Xəbər Agentliyi DPA-nın yaydığı xəbərdə Almaniya Daxili İşlər Nazirliyinin Sol Partiyanın təklifinə verdiyi cavab məktubunda bu ilin birinci üç ayında qaçqınlara 318, ikinci üç ayda isə 324 dəfə hücum edildiyi bildirilir.
Bunların arasında qaçqınlara qarşı təhqirlərin də olduğu ifadə edilən məktubda hücumlarda 123 nəfərin yaralandığı qeyd olunur.
Daxili işlər Nazirliyinin cavabında yanvar-iyun aylarında insanlara edilən hücumlarla yanaşı, qaçqın düşərgələrinə qarşı da 153 hücumun təşkil edildiyi barədə məlumat verilir.
Sol Partiyadan olan millət vəkili Ulla Jelpke bir il əvvəl həmin dövrdə qaçqınlara qarşı 1500-dən çox təcavüz aktının həyata keçirildiyini xatırladaraq, irqçi hücum dalğasının ötən ilin eyni dövrünə nisbətən azalmasına baxmayaraq, bu hücumların hələ də yüksək səviyyədə olduğunu qeyd etdi.
Bunun “meydan oxuma” olduğunu ifadə edən Jelpke: “Almaniyaya sığınan qaçqınlar hələ də hər gün nasistlər və irqçilər tərəfindən təhdid edilir” dedi.