Amerika və Almaniyada Myanmara qarşı etiraz nümayişləri

Bizimsesimiz.info // Amerika Birləşmiş Ştatları və Almaniyada minlərlə insan Myanmardakı qırğın hadisələrinə etiraz bildiriblər.

ABŞ-ın Nyu-York şəhərində müxtəlif etnik mənşəli minə yaxın amerikalı müsəlman, Myanmar ordusunun “silahlı hərbiçilərlə mücadilə” adı altında bölgədə törətdiyi qətliam və şiddət hadisələrinə etiraz bildirmək üçün Birləşmiş Millətlər Təşkilatı ofisi qarşısındakı Dağ Hammarskjold parkında toplaşıb.

Mərkəzi Nyu-Yorkda yerləşən İslami Liderlik Şurasının sədri Abdel Hafid Cəmil aksiyada çıxışı zamanı deyib: “Dünyanın hər yerində əzilənlər, zülm görənlər adından danışmaq üçün burada toplandıq.”

Türkiyə-Amerika Milli İstiqamətləndirmə Komitəsi (TASC) və Türkiyə- Amerika Dərnəkləri Federasiyasının (TADF) dəstək verdiyi etiraz toplantısında nümayişçilərin çoxu Türkiyə bayraqları və Rəcəb Tayyib Ərdoğanın şəkillərini daşıyıb.

Türkiyə və başçısı R.T.Ərdoğana Myanmadakı zorakılığa qarşı səsini yüksəltdiyi və Arakan müsəlmanlarına yardım göstərdiyi üçün təşəkkür edən nümayişçilər BMT-ni zorakılığa səssiz qaldığı üçün qınayıb.

Nyu-Yorkda keçirilən, yəhudi və xristian cəmiyyət nümayəndələrinin də iştirak etdiyi etiraz toplantısında Bronksdakı Beytül İslam Məscid və Cəmiyyət Mərkəzinin nümayəndələri “Məsum Rohingya müsəlmanlarını öldürməyə son verin” yazılı plakat qaldırdı. Tədbirdə “Cunta getməli”, “BMT, oyan”, “Soyqırım üçün Nobel mükafatı”, “Rohingyaların haqları insan haqlarıdır”, “Səssiz qalmayacağıq” və “Rohingyalılara vətəndaşlıq hüquqlarının verilməsini istəyirik” kimi mesajlar da səslənib.

Almaniyanın paytaxtında da Myanmardakı Arakan müsəlmanlarına qarşı edilən zorakılıqlara etiraz bildirildi. Berlinli Müsəlmanlar Təşəbbüsü təşkilatı tərəfindən təşkil olunan aksiyada türklərin də aralarında olduğu təxminən min nəfərlik qrup Aleksanderplatz Meydanında toplaşıb. Myanma rəhbərliyinə etiraz bildirən nümayişçilər buradan tarixi Brandenburq qapılarına qədər yürüyüb. “Myanmardakı çarəsiz müsəlmanlara edilən qətliamı dayandırın” plakatı açan nümayişçilər “Qadınlar yaşamaq istəyir”, “Qətliamı dayandırın” və “Rohingyalılar yaşamaq istəyir” şüarları səsləndiriblər.