Ana yurdum, ərənlərin sağ olsun.
Arxa olsun, dayaq dursun, dağ olsun,
Azad edək, yenə haman cağ olsun,
Bütöv olub, xeyrə-şərə, yarıyaq,
Ana yurdu, doğma eli qoruyaq.
*
Günəş doğsun, təbiətin gül açsın,
Neçə-neçə, körpələrin dil açsın.
Xırda-xırda, ayaq atsın, yol açsın,
Bizdə deyək, Ana torpaq var olsun,
Evladının hamısına yar olsun.
*
Ağa çayı, bulaqların mayası,
Unudulmaz,”Oğlan-Qızın” qayası.
Gözəllərin boyanması, boyası,
Çəpəndəki kəpənəyi andırsın,
Neçə, neçə oğlanları yandırsın.
*
Varaq yurdun, harayına, hay verək,
Qohum, qonşu, bir-birinə pay verək,
Yoldan keçən, yolçulara çay verək,
Deyək qardaş, bu adətdi, düzümdü,
Qonaq ki var, əz
izimdi, gözümdü.
*
Çayzəmiyə nəzər salaq, yüz baxaq,
Kol-kosluqda, cığır açaq, iz salaq,
Ürəklərə alov salaq, köz salaq,
Uşaqlara, keçənləri andıraq,
Dostun kimdi, kimdi düşman, qandıraq.
*
Novruz günü, küsənlərin barışsın,
Uşaq, böyük, bir-birinə qarışsın.
At belində, ərənlərin yarışsın,
Alqış deyən insanları şad edək,
Ölənləri, itənləri, yad edək.
*
Bir yaşayaq, Bərgüşadın sədasın,
Kol dibində, bənövşənin ədasın.
Alaq yenə gözəllərin qadasın,
Obalarda toy mağarı qurulsun,
Övladların saf eşqiylə durulsun.
*
Bütün fəsli,üçtəpədə qar idi,
Neçə-neçə, buz bulaqlar var idi.
Bulaq üstə, gözəllərin yar idi,
İndi hərə birisinə ad olub,
Qohum, qonşu, bir- birinə yad olub.
*
Xəyalımdan bir qaricin silinməz,
Elin dərdi, toy-bayramdı, bilinməz.
Ey Türk oğlu ! Azərbaycan bölünməz,
Göyçə, Təbriz, Zəngəzur Vətənimiz,
Qarabağdır, Dərbənddir kəfənimiz.
Ana Yurdum, ərənlərin sağ olsun.

İmadəddin Səlim, şair, Qarabağ Qazisi

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here