“Aparıcıların bəlkə də 99 faizi dilimizi bilmir”
“Bəli, bu, bir siyasətdir! Bizim milli adət-ənənələrimizi, tarixi keçmişimizi, musiqimizi, dilimizi… unutdurmaq üçün iş gedir. Açıq desək, avropalılar bizi özlərinə oxşatmaq istəyirlər. Amma bu, mümkün deyil. Çünki biz avropalılardan ancaq pis vərdişləri götürürük…”
Bunu Moderator.az -a açıqlamasında sabiq deputat, nasir Xeyrəddin Qoca deyib. X.Qoca aparıcılar tərəfindən dilimizin eybəcər hala salınmasında da şikayətlənib:
“Aparıcıların bəlkə də 99 faizi (qətiyyən şişirtmirəm) dilimizi bilmir. Şirin, axıcı Azərbaycan dilini eybəcər hala salırlar. Tamaşaçılar, dinləyicilər də elə bilirlər filan söz aparıcının dediyi kimi deyilməlidir. Minlərlə misal çəkmək olar. Bircə gün televiziyanın qarşısında oturun (səbriniz çatsa…), görün aparıcılar nə hoqqalardan çıxırlar! Bircə misal: Aparıcı şairin şeirindən bir neçə misra söyləyir, sonra “misralar” əvəzinə, “sətirlər” deyir. Savadsızlıqdır! Yaxşı, o deyir, bəs redaktorlar, verilişi hazırlayanlar hara baxırlar? Musiqidən başı çıxmayan adam necə musiqi verilişi apara bilər, axı? Bəzi aparıcılar üzr istəyirəm, lotu-qədeşlər kimi danışırlar. Hır-hır hırıldayırlar. Bəs televiziyaya rəhbərlik edənlər bunları görmürlər? Yoxsa, adam tapılmır ekrana çıxarmağa?”
X.Qoca bəzi müğənniləri də qınayıb:
“Elə müğənnilər var ki, televiziya rəhbər olsam, işdən çıxarsalar da, onları ekrana buraxmaram. Televiziya, radio o demək deyildir ki, ağlına nə gəldi danışasan, düşünəsən ki, “onsuz da havaya uçur”. Bu yaxınlarda cavan bir oğlandan ( müənni hesab edilir) müsahibə götürürlər, dişlərini ağarda-ağarda deyir ki, “kişi ağlamaz”. Aparıcı olsaydım, ondan soruşardım: “Atan, anan, qardaşın, balan, başqa əzizlərin ölsə, ağlamazsan? Kişinin ürəyi, hissi yoxdur?”.
Ümumiyyətlə, bəzi televiziyalarda insanlara “yol göstərirlər”, “ağıl verirlər”, “məsləhət görürlər”! Aparıcılar “sən” deyə az qalır barmaqlarını gözümüzə soxsunlar”.
X.Qoca reklam çarxları haqqında da fikirlərini bildirib:
“Təzə reklam çıxıb: “Leyla anadan olanda ərə getmək arzusu ilə yaşayırdı”… Sonra “Tutqu” peçenyesini yedi, ərə getmək arzusundan əl çəkdi…”. Bu reklam hazırlayanlar düşünmürlər ki, anadan olan uşaq ərə getmək arzusunda ola bilməz. Peçenye nədir axı, ona görə Leyla sonralar ərə getməkdən vaz keçir? Və yaxud, “Həyatına fanta qat!”. Belə mənasız reklamlar tamaşaçıları artıq bezdirib! Gərək televiziya elə solun ki, tamaşaçıları öz arxasınca aparsın, düşük tamaşaçıların arxasınca gedib, reytinq toplamağa çalışmasın!”