Yaponiyada “Aum Şinrikyo” sektasının yeddi lideri barədə ölüm hökmü icra edilib

Yaponiyanın Ədliyyə Nazirliyi iyulun 6-da rəsmi şəkildə elan edib ki, “Aum Şinrikyo” ekstremist sektasının əsasını qoymuş Syoko Asahara adı ilə tanınan Tizuo Matsumoto və sektanın digər yeddi lideri haqqında edam hökmü icra olunub.

Bu barədə bəyanatla nazir xanım Yoko Kamikava Tokioda təşkil edilən mətbuat konfransında məlumat verib. Nazir deyib: “Bu gün “Aum Şinrikyo” sektasının sabiq üzvləri barədə ölüm hökmü icra edilib. Onların cinayətləri tərkibinə görə fərqlənsə də, məhkəmə barələrində ən yüksək cəza hökmünü çıxarıb”. Bundan sonra o, haqqında ölüm hökmü icra edilənlərin adlarını oxuyub və onların törətdikləri cinayətləri sadalayıb.

Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa da ənənəvi mətbuat konfransında bildirib ki, ölkə polisi “Aum Şinrikyo” sektasının törətdiyi cinayətlərin gələcəkdə baş verməməsi üçün mümkün olan hər şeyi edəcək.

Həmin gün S.Asahara ilə birlikdə sektada ikinci şəxs hesab edilən Kiyohide Hayakava da edam edilib. Sektanın tikinti naziri adlandırılan həmin şəxs Yamanaşi prefekturasında zəhərli zarin qazının istehsal edildiyi zavodun tikintisinə rəhbərlik etmişdi. Onlarla bərabər, “ruhi imperatorun daxili işlər naziri” Tomomasa Nakaqava da edam edilib. Bu şəxs də şəxsən Tokio metrosunda zəhərli maddənin yayılmasında və onun hazırlanmasında iştirak edib.

Xatırladaq ki, dünyanın bir çox ölkələrində fəaliyyəti qadağan edilən “Aum Şinrikyo” sektası həyatın sonunun və xeyirlə şər arasında son döyüşün yaxınlaşdığını bildirərək öz düşmənlərini müxtəlif vasitələr, o cümlədən zəhərli qazla məhv etməyə hazırlaşırdılar. Edam edilən anda 63 yaşı tamam olan Syoko Asahara özünü İsa peyğəmbərin, Buddanın və Şivanın yenidən doğulmuş əvəzedicisi adlandırırdı.

Sektanın 1995-ci il martın 20-də Tokio metrosunda zəhərli zarin qazını yayması nəticəsində 13 nəfər həlak olub və altı mindən çox insan müxtəlif xəsarətlər alıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir