“Apple” şirkəti “iPod Nano” və “iPod Shuffle” pleyerlərini istehsaldan çıxarıb
ABŞ-ın “Apple” şirkəti iki rəqəmsal audiopleyerin – “iPod Nano” və “iPod Shuffle”nin istehsaldan çıxarıldığını bəyan edib.
Bizimsesimiz.info SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Business Insider” qəzeti məlumat verib.
“Bu gün biz “iPod” xəttimizi sadələşdiririk: iki “iPod Touch” modeli ikili yaddaş həcmi ilə təqdim olunacaq, onların minimal qiyməti 199 dollar təşkil edəcək və biz “iPod Nano” və “iPod Shuffle”nin istehsalını dayandırırıq.”, – qəzet şirkətdən əldə edilən bəyanatdan sitat gətirib.
İstehsalı dayandırılan modellər “iPod”un üzərində “iOS” əməliyyat sisteminin quraşdırılmadığı sonuncu qurğuları idi.
Qəzet ehtimal edir ki, “iPod Shuffle”dən imtina həm də “Bluetooth” funksiyasının olmaması ilə izah olunur. Bu isə qurğuya yeni naqilsiz “AirPods” qulaqcıqlarını qoşmağa imkan vermir.