“Avropa pisi və yaxşını eyni cür qəbul etməyimizi istəyir “-MÜSAHİBƏ

Ruhani təhsilli, ictimai fəal Elşən Şeyxzadə Bizimsesimiz.info -ya müsahibə verib. Maraqlı həmsöhbət olan Elşən müəllim ilə müsahibəni oxucularımıza təqdim edirik.

-Azərbaycan qədim tarixi mədəniyyəti olan müsəlman ölkəsi olaraq Qafqazda önəmli yerə sahibdir. Sizcə, İslam Şərqinin şimal qurtaracaqlarından biri hesab edilən ölkəmiz Qafqazdakı xristian dövlətləri ilə münasibətdə öz mədəniyyətini qorumaq üçün nələr etməlidir?

– Allahın rəhməti və bərəkəti üzərinizə olsun. Azərbaycan ərazisində bütün dinləri yaşatmış və müxtəlif etnik qruplara məskən olmuş bir ölkədir. Azərbaycan həm də əhalinin tərkibinə görə Qafqazda müsəlmanların sayca ən çox olduğu ölkədir. Azərbaycan bir ölkə olaraq xristian ölkələri Rusiya, Gürcüstan və Ermənistanla həmsərhəddir. Əsasən Rusiya və Gürcüstanla mədəni və iqtisadi əlaqələrin intensiv inkişafı Azərbaycanda əsasən sərhədyanı ərazilərdə yaşayan əhalinin mədəniyyətində və əxlaqında müəyyən təsir buraxa bilər. Bunun geniş miqyas almaması üçün Azərbaycanda məktəblərdə və digər tədris müəssisələrində dünyada mövcud olan dinlər və mədəniyyətlər haqqında geniş biliklər vermək lazımdır. Bu biliklər bir fənn kimi aşağı siniflərdən tutmuş üzü yuxarı bütün siniflərdə bir fənn kimi tədris edilməlidir.

-Avropa İttifaqının Şərqə doğru genişlənərək Azərbaycana qədər çatması, eyni zamanda Avropa dəyərlərinin Azərbaycana daxil olması Azərbaycanın milli-mənəvi dəyərləri ilə toqquşması fonunda hansı siyasi-mədəni prosseslərin sürətlənməsinə rəvac verəcək ?

– Avropanın özünəməxsus mədəniyyəti vardır. Bu gün Avropada hər cür inancın sərbəst və azad olması, dövlətlərin rəsmi olaraq xristianlıqdan uzaqlaşaraq kosmopolit mövqe tutması sağlam düşüncəyə və normal əxlaq qaydalarına zidd olan hər cür hərəkət və inanca yol açmışdır. Beləki, eynicinsli nigahların qanuniləşməsi avropalılar üçün sıradan bir hal kimi qəbul edilərkən bu İslam qanun və əxlaq qaydalarına görə tamamilə yolverilməzdir. Fahişəlik və digər xoşagəlməz əməllər Avropada bir iş və məslək kimi qəbul edildiyi halda bu İslam qanunları ilə təqib edilən və cəzası olan haram əməllər sayılır. Bu günkü mövcud mədəni, əxlaqi “dəyərlər” Avropanın əhalisinin artımına da birbaşa mənfi təsir göstərməkdədir. Bir sözlə Avropa İttifaqı pisi və yaxşını eyni cür qəbul etmək prinsipini zorla müsəlman ölkələrinə tətbiq edə bilməz, bu ən azından özlərinin də razılaşdığı kimi demokratiyaya ziddir. Artıq illərlə mədəniyyətlərin bu cür şəraitdə qarşıdurma vəziyyəti İslam dünyasının oyanışına, İslam əxlaqını müdafiə edən, yüksək dəyərlərə bağlı olan siyasi və ictimai birliklərin yaranması prossesinə təkan verib. Bir sözlə əxlaq və mənəviyyat prinsiplərini müdafiə edən ictimai-siyasi təşkilatların formalaşması artıq zərurətə çevrilir.

-Təhsil müəssələrində şagirdlərə Mili dəyərlərin aşılanması üçün nə kimi təklifləriniz var? Yeni nəslin mənəviyatlı yetişməsı üçün yol xəritəsini necə görürsünüz?

– Sualınız olduqca vacib məsələlərin ana xəttini təşkil edən bir mövzuya, problemə toxunur. Dünya sionist-yevangelist qüvvələrinin İslam dininə və müsəlmanlara qarşı apardığı elan edilməmiş müharibənin ən birinci hədəfi İslam Əxlaqıdır. Hər hansı dini və ya inancı bir cəmiyyətdən yox etmək üçün o cəmiyyətin fərdlərinə yabançı mədəniyyətləri, vərdişləri, həyat tərzlərini aşılamaq lazım olur. Bunu dünya Globalçıları bütün müsəlman ölkələrində o cümlədən Azərbaycanda da KİV-nin, qərbyönümlü təhsilin və müsəlmanların hüquqlarını qısıtlamaqla həyata keçirirlər. Sovetlər dövründən bu günümüzə qədər gəlib çıxmış islam əxlaqına zidd olan vərdişlər və qeyri islami adətlər də o siyahıdandır. Bu gün Azərbaycanda tədris müəssisələrində uşaqlara verilən kitablarda İslam əxlaqına zidd olan və alt şüura təsir edən subniminal mesajlar gələcək nəslin əxlaqına öz təsirini göstərəcəkdir. Bilginizə onu da çatdırım ki, əhalisinin 94%-i müsəlman olan bir ölkənin təhsil müəssisələrində hələ də ateizmin bel sütunu olan darvin nəzəriyyəsi tədris edilir…
Bütün bu qeyri islami prosseslərə qarşı Azərbaycanda bütün təhsil müəssisələrində dini bilgilər bir fənn kimi aşağı siniflərdən başlayaraq tədris edilməlidir. Təhsil Nazirliyinin qarşısında Azərbaycanda bütün təhsil müəssisələrində darvinizmin tədrisinin ləğvi məsələsi qoyulmalıdır. Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində İslam dinini tədris edən və əsas xətti dövlətçilik, vətənpərvərlik və İslamı təəssübkeşlik olan mədrəsələr açılmalıdır ki, ölkədə elmin, iqtisadiyyatın, və islam mədəniyyətinin inkişafına xidmət edəcək yüksək mənəviyyata sahib gənclik yetişdirə bilsin. İnşaallah bu prossesin yaxın zamanlarda başlayacağı qaçınılmazdır.
Allah c.c bizləri bağışlanan qullarından etsin və bizləri Hz.Muhəmməd ﷺ‏-in əxlaqından ayırmasın, amin. Zəfər inananlarındır.
Va aleykum salam və rəhmətullahi və bərəktuh.

Bizimsesimiz.info

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir