Taleh Hüseynli, Doğru Yol Partiyası Qurultaya Hazırlıq üzrə təşkilat komitəsinin üzvü. [email protected]
Keçən ay Avstrya parlamentində “İctimai yerlərdə burka geyinmək və Qurani-Kərimi paylamağı” qadağan edən qanun səsverməyə çıxarıldı. Qanun layihəsi Avstrya Sosial-Demokrat Partiyası və Avstrya xalq Partiyasının üstün səs çoxluğu ilə qəbul olundu. Sözü gedən qanunu pozanlar 150 avro miqdarında cərimə olunacaqlar.
Avstryada bu qanun əleyhinə olanlar əsasən insan haqları müdafiəçiləri və kilsə təmsilçiləridirlər. Bundan başqa “Beynəlxalq Amnistiya Təşkilatı” da qəbul edilən qanunu düzgün hesab etmədiyini bildirdi.
Bildiyimiz kimi, son illər müsəlmanlar əleyhinə Avropada dövlətlər tərəfindən anti-islam təzyiqləri get-gedə güclənməkdədir.
Bütün bunları düzgün analiz etmək üçün yaxın tarixə qısa bir ekskursiya edəcəyik. 2-ci Dünya müharibəsindən sonra Avropanın keçmiş müstəmləkələri olan Pakistan, Malaziya, İndoneziya, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Nigeriya kimi əhalisi çox olan müsəlman ölkələr müstəqilliyinə qovuşdular. 18 aprel 1951-ci ildə Avropa Kömür və Polad Birliyinin yaradılması ilə yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyan Avropaya ucuz işçi qüvvəsi lazım idi. Bu baxımdan adı çəkilən müsəlman ölkələrindən Avropaya axın edən milyonlarla müsəlman işçi immiqrantlar zamanla yaşadıqları fərqli mədəniyəti olan ölkələrə adaptasiya olmağa başladılar. Bu qədər çox müsəlmanların köhnə qitədə yaşamasına baxmayaraq, Avropa əhalisinin demoqrafik dini quruluşunda sekulyar və liberal dəyərlərə sürətlə keçməkdə olan xristianlar hələ ki çoxluq təşkil edirdilər.
1 noyabr 1993-cü idə Maastixt sazişi ilə Avropa Birliyi təsis edildi (hazırda 30-a yaxın dövləti özündə birləşdirir). Avropa Birliyinin Konstitutsiyasının 2-ci maddəsində isə ittifaqın dəyərləri bu cür qeyd olunur : “Avropa Birliyi insan ləyaqətinə hörmət, azadlıq, demokratiya, bərabərlik, hüququn aliliyi və azlıqlara mənsub insanların haqqları da daxil olmaqla yanaşı insan haqlarına hörmət dəyərləri üzərində qurulmuşdur. Bu dəyərlər plüralizm, ayrı-seçkilik etməmək, tolerantlıq, ədalət, həmrəylik və qadın-kişi bərabərliyinin hakim olduğu bir cəmiyyətdə dövlətlər üçün ortaqdır.”
Amma demokratiya, bərabərlik, azlıqların hüquqlarına hörmət, toleranlıq və sair bu kimi yuxarıda adları çəkilən dəyərlərin icrasının ömrü köhnə qitədə anti-islam əhval-ruhiyyəsi baş qaldırana qədər davam etdi.
2001-ci ildə ekiz qüllələrin partlayışını bəhanə edən ABŞ və onun müttəfiqləri olan Avropa dövlətləri Əfqanıstana, sonra İraqa soxuldular. Nəticədə bu 2 ölkədə bilərəkdən anarxiya və xaos yaradıldı. Tez-tez baş verən terror hadisələri nəticəsində hər gün yüzlərlə insan həyatını itirməyə başladı. Daha sonra süni Ərəb Baharı yaradaraq bir çox ərəb ölkələrini də xaosa sürükləmək istədilər. Və nəticədə Suriya kimi orta inişaf etmiş ərəb ölkəsi bir Cəhənnəmə çevrildi. Bütün bunlar Əfqanıstan, İraq, Suriyadan minlərlə qaçqının Avropaya gəlmələrinə şərait yaratdı. Bundan başqa Mərkəzi Afrika və Şimali Afrika ölkələrində qərb dövlətlərinin yaratdıqları süni dini münaqişələr, digər tərəfdən hər il Böyük Səhranın ərazisinin genişləməsiylə gətirdiyi dəhşətli quraqlıq və aclıq buradan da minlərlə müsəlmanın Avropaya Aralıq dənizi vasitəsilə köç etməsini stimullaşdırdı.
Bütün bu baş verənlərin fonunda Avropa demoqrafiyasında müsəlmanların lehinə dəyişiliklərin olması qaçınılmazdır. Nəzərə alsaq ki, artıq liberal dəyərlərə görə yaşayan Avropa əhalisi nəinki, doğuma maraq göstərmirlər. Hətta, valideyn olmaq instinktini ev heyvanları saxlamaqla “yola verməyə” çalışırlar. Müsəlmanlar isə əksinə, çoxuşaqlı olmağa üstünlük verirlər. Bunun da nəticəsində Avropada müsəlmanların sayının artıq 30 milyona çatması qitənin siyasi, ideoloji və mədəni baxımdan islamlaşmağa doğru getdiyini göstərir. Bu belə kifayət edir ki, yaxın 20 il ərzində Avropa qitəsində müsəlmanların real gücə çevrilmələri haqda təxmini də olsa təsəvvür oyansın.
Məhz bunu anlayan qərb liderləri mümkün qədər müsəlmanlara qarşı təzyiqlərə başlayıblar. Belə ki, Avropada, o cümlədən Avropa Birliyinə mənsub ölkələrdə müsəlmanların hüquq və azadlıqlarını müxtəlif formada məhdudlaşdıran qanunlar çıxartmağa başladılar. Bu qanunlar müsəlmanların geyimi, ibadətlərini sərbəst yerinə yetirmək, məscid tikintisi və sairlə bağlı müxtəlif qadağaları özündə ehtiva edir.
Hətta iş o yerə çatıb ki, müsəlmanlar qanunla təsbit olunmuş huquqlarını həyata keçirərkən, hökumət səviyyəsində bürokratik əngəllərlə qarşılaşırlar. Belə ki, 2014-cü ildə Almaniyanın Köln şəhərində yaşayan fələstinli İbrahim Əbu Naqi “Hər evə bir Qurani-Kərim girməli” adlı kompaniyaya start verərək Almaniya ərazisində 25 milyon Quran paylamağı qarşısına hədəf qoydu. 35 vilayətin hər birinə 300 min Qurani-Kərimin paylanması xəbərini eşidən Almaniya baş kansleri Angela Merkel dərhal hərəkətə keçərək bürokratik əngəllərlə buna mane olması dediklərimizə əyani sübutdur.
Bəli, mənzərə həqiqətən də acınacaqlıdır. Avropa liderləri Avropa Konstitutsiyasında qeyd olunan müsəlman azlıqların hüquqlarını çox kobud formada pozurlar. Halbuki, dünənə qədər bütün insanlara ədalətli və bərabər yanaşan qanunlarının ən demokratik qanunlar olması ilə öyünürdülər. Lakin, demoqrafiq vəziyyət təbii olaraq dəyişdiyi zaman isə AB-in əsas qanunvericilik norması olan Avropa Konstitutsiyasının yuxarıda bəhsi keçən prinsipial maddəsinə və ruhuna birbaşa zidd olan qanunlar çıxartmağa başladılar. Bununla da əslində sözdə demokrat, həqiqətdə isə anti-demokrat olduqlarını ortaya qoymuş oldular.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here