Hollandiyada ədalət keşikçiləri həyəcan təbili çalır

Hollandiya Avropanın ən mədəni, demokratik və hüquqi qaydaların hökm sürdüyü ölkələrindən biri hesab olunur. Məhz bu səbəbdən narıncı məmləkət 3-cü ölkələrdən sığınacaq istəyən, o cümlədən, Azərbaycandan gedən insanların sevimli məkanlarından sayılır, lakin son məlumatlar “Zanbaqlar ölkəsi”ndə hər şeyin “güllü-bağçalı olmadığını” əks etdirir.Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Hollandiya polislər assosiasiyası ölkədə cinayətkarlığın artması və paralel kriminal iqtisadiyyatın güclənməsi barədə məruzə hazırlayıb. Hollandiya polisləri belə hesab edirlər ki, ölkə getdikcə cinayətkar qruplaşmaların “at oynatdığı” narkodövlətə çevrilir. Məruzə tam 400 polis arasında keçirilən sorğu və araşdırma nəticəsində hazırlanıb.

Assosiasiyanın məlumatına əsasən, ölkədə rəsmi olaraq cinayətlərin sayı ildə bir milyona qədər azalıb. Lakin bununla bərabər 3,5 milyon cinayət qeydiyyata salınmayıb. Məruzədə polislərin azlığından şikayət edilir və hökumətə daha 4 min asayiş keşikçisini işə götürmək təklif olunur.

“Polislər indiki sayları və əllərindəki resurslarla 10 cinayətkar qrupdan biri ilə bacara bilirlər. Hüquq mühafizə orqanları mehmanxana sahəsində, mənzil bazarlarında, turistik məkanlarda fəaliyyət göstərən xırda dillerlərin böyük sahibkarlara çevrildiklərini izləməklə kifayətlənməli olurlar”, – sənəddə deyilir.

Bu ilin fevralında isə Amsterdam meri polis və prokurorluqla birlikdə bəyanat yayaraq, şəhərdə mütəşəkkil cinayətkarlığın artdığını bildirib. Amsterdam şəhərinin polis şefi Peter Yan Albersberqin müasir gəncliyin cəmi 3 min avroya istənilən sifarişli qətli tötərmtəyə hazır olduğunu söyləməsi ayrıca maraqlıdır. Bundan başqa, ildən ilə yaşlanan Hollandiya əhalisində qocalara yönəlik qarət, dələduzluq, zor hərəkətləri tətbiq etmə kimi hüquq pozuntularının da sayı durmadan artır.

Zanbaqlar ölkəsi Avropada marixuananı ilk leqallaşdıran ölkə kimi tanınır. Lakin indi bu qərarın səhv olduğunu düşünənlərin sayı günü-gündən artmaqdadır. Onların firkincə, ölkə bunun sayəsində narkotik və qadın ticarətinin dünyadakı mərkəzinə çevrilib. “Europol”un məlumatına əsasən isə Avropada satılan kokainin (ildə 5,7 milyard avronu ötür-red.) təxminən yarısı Rotterdam limanından daxil olur. Müasir gəncliyin ən böyük bəlalarından sayılan ekstazinin əksər hissəsi də məhz Hollandiyada istehsal olunur.

Musavat.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here