Azərbaycan idmançıları bu il 584 medal qazanıblar
Bizimsesimiz.info // Bu ilin 9 ayı ərzində ölkə idmançıları tərəfindən dünya, Avropa çempionatı və birinciliklər, o cümlədən kubok yarışlarında 193 qızıl, 186 gümüş və 205 bürünc olmaqla ümumilikdə 584 medal qazanılıb.
SalamNews xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmaya Məmmədova deyib.
Onun sözlərinə görə, bu müddət ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkədə 141 respublika yarışları təşkil edilib, 28 beynəlxalq yarış keçirilib, həmçinin 169 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub.
S.Məmmədova bildirib ki, son illər ərzində Azərbaycanda idmana diqqət, həmçinin idmanın bütün növlərinə maraq xeyli artıb. Çünki ölkəmizdə idmana, idmançılara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. İdmançılarımız beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edirlər.