Bizimsesimiz.info // Ötən il Azərbaycanın Gədəbəy rayonu ərazisində kəşf olunan “Uğur” qızıl yatağında hasilata başlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti məlumat yayıb. Qeyd olunub ki, “Uğur” yatağı artıq şirkətin ümumi hasilatına böyük qatqı verir.

Sentyabrın 1-10-da orta gündəlik qızıl hasilatının həcmi qızıl külçəsi formasında 212 unsiya təşkil edib ki, bu da əvvəlki səkkiz aydakı orta gündəlik hasilatdan 116% (iki dəfədən artıq) çoxdur. “Uğur” yatağının tam həcmdə hasilata cəlb edilməsi ilə orta gündəlik hasilatın daha da artması gözlənilir.

Qeyd edək ki, son qiymətləndirməyə əsasən, yataqda ümumi mineral ehtiyatlar 199 min unsiya qızıl və 1,049 milyon unsiya gümüşdən ibarətdir. 1 unsiya 31 qrama bərabərdir. Bu isə yataqda 6 tondan artıq qızıl ehtiyatının olması deməkdir.

“Uğur” yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.

Azərbaycanın ilik qızıl ixracı hazırda 2 tondan artıqdır. Bu ilin altı ayında Azərbaycandan İsveçrəyə 1 min 602,8 kiloqram – ötən ilin eyni dövründəkindən təxminən 600 kq çox qızıl göndərilib. Artıma səbəb bazara yeni iştirakçının – dövlətə məxsus “AzerGold” QSC-nin daxil olmasıdır.

Dövlət Statistika Komitəsinin gömrük orqanına istinadla yaydığı hesabata görə, ötən il Azərbaycan əsasən sikkə kəsilməsində istifadə olunan qızıl ixrac edirdisə, bu il satılan qızılın 355,3 kiloqramı bu məqsədlə istifadə oluna bilər. Yerdə qalan qızıl (1247,5 kq) emalın bütün mərhələlərini keçməyib.

Bu ilin birinci yarısında bağlanmış müqavilələrdən qızıl istehsalçıları 64 milyon 874 min dolları məbləğində gəlir götürüblər. Şirkətlərin qızıl satışından gəlirləri 2016-cı ilin altı ayına nəzərən 54 faiz artıb.

Qızılın qiymətinə gəlincə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,30 dollar artaraq 1 335,00 dollara, gümüş isə 0,04 dollar artaraq 17,93 dollara satılıb.

DSK-nın məlumatına görə, bu ilin birinci yarısında Azərbaycanda qızıl istehsalı 3,2 dəfə artaraq 3 min 124,8 kq olub. Onu da qeyd edək ki, Ümumdünya Qızıl Şurasının son hesabatlarında Azərbaycanın qızıl ehtiyatlarının ümumi həcminin 30,2 ton olduğu bildirilirdi.
Azərbaycan qızılı əsasən İsveçrəyə ixrac edilir və orada saflaşdırıldıqdan sonra Azərbaycanın mənfəət payı ölkəmizə göndərilir. Həmin külçələr isə Mərkəzi Bankda saxlanılır. Belə ki, bu il Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycanın mənfəət payı olan – 11 655,2 Troya unsiyası (362,6 kq) miqdarında növbəti partiya qızıl külçələri 27 iyul 2017-ci il tarixində Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.

Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycanın mənfəət payı olan – 49 158,6 Troya unsiyası (1 529,1 kq) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.

Ümumilikdə, bugünkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 60 813,8 Troya unsiyasına (1 891,7 kq) çatdırılıb. Onun bu günə bazar dəyəri 75,8 milyon dollar təşkil edir.

Xatırladaq ki, Azərbaycanda qızıl hasilatı 1997-ci ilin avqustunda Böyük Britaniyanın “Anglo Asian Mining Plc” şirkəti ilə Azərbaycan hökuməti arasında imzalanmış müqaviləyə əsasən baş tutub. Müqaviləyə görə, şirkət Azərbaycanın cənub-qərbindəki altı yataqda – Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir.

Azərbaycan hökuməti ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51 faiz, Böyük Britaniyanın “Anglo-Asian Mining plc” şirkətinin pay hissəsi isə 49 faizdir. İlk qızıl və gümüş 2009-cu ilin mayında “Gədəbəy” yatağından hasil edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here