Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatıb
Bizimsesimiz.info // Tbilisidə Türkiyə, Azərbaycan və Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü başa çatıb.
Oktyabrın 17-də Tbilisidə Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibayanın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.
Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq terror və təcavüzkar separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsirinin olduğunu vurğulayaraq, dövlətlərin təhlükəsizliyinə istiqamətli təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi dilə gətiriblər.
Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər.
Görüşün sonunda protokol imzalanıb.