İnsanlar arasında tez-tez “Diş həkimləri özü daha çox xəstəlik yayırlar” kimi iddialar səslənir. Həqiqətən də, diş müayinəsindən sonra qanla keçən-hepatitlər (xüsusən hepatit B, hebatit C), AİDS kimi qorxulu xəstəliklərə yoluxma halları mövcuddur.

Minval.info xəbər verir ki, bu gün fəaliyyət göstərən diş kabinetlərin çoxluğu və bəzilərində hökm sürən antigigiyena, antisanitariya, sterilizasiya problemi, onları birbaşa xəstəlik yuvasına çevirir.

Həkimin xəstənin ağız nahiyəsinə ilkin müayinəsi belə ehtiyatla, təmiz həyata keçirilməlidir. Ancaq biz daha çox həkimin öz sağlamlığını düşünərək əlcəkdən istifadə etməsinin şahidi oluruq, belə olmasaydı həkim bir neçə xəstənin müayinəsində eyni əlcəkdən istifadə etməzdi.

Həmçinin gigiyena məsələləri yalnız birdəfəlik tibbi vasitələrlə ( əlcək, şpris, ağız yaxalamaq üçün stəkan, müayinə güzgüsü, stomatoloji aparatın ucluqları kimi) yekunlaşmır, bundan başqa, hər stomatoloji kabinetdə avtoklav adlı xüsusi strerilizasiya aparatları qoyulmalıdır ki, burada da bir çox alətlər hər pasiyentə xidmətdən dərhal sonra 100% mikroblardan təmizlənməlidir. Hətta beynəlxalq standartlara əsasən, stomatoloji kabinetin döşəməsi də infeksiya, mikroblara, bakteriyalara dayanıqlı olan xüsusi linoliumla örtülməlidir.

Minval.info-a açıqlamasında stomotoloq Adil Vəliyev, protokol əsasında işləməyin önəmini vurğulayıb: “Sanitariya və gigiyena kimi məsələlər protokolda da qeyd edilir və ona uyğun fəaliyyət göstərilməlidir”

Həkim A. Vəliyev epidomologiya və sanitariya mərkəzlərinin yoxlamalarından da bəhs edib: “Belə deyə bilərəm ki, lazımi qurumlar yoxlamaları canla-başla həyata keçirmirlər, ona görə də özümüz müştəri məmnuniyyətini nəzərə alıb tədbirlər görürük. Düzdür, ayda bir dəfə yoxlanış məqsədilə gəlirlər, ancaq artıq bizdəki vəziyyətdən xəbərdar olduqları üçün tam dərinə getmirlər”.

Diş kabinetlərindəki sanitar vəziyyətlə bağlı Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, məsul şəxslər “tədbirdəyik” bəhanəsi ilə sorğumuzu cavablandırmaqdan yayındılar. Rayondakı bəzi stomotoloji kabinetlər isə, mərkəz işçilərinin ciddi yoxlanış həyata keçirmək əvəzinə, 10-20 manat almaqla kifayətləndiyini qeyd edirlər.

Belə olduqda hər şey həkimin öz vicdanına qalmalıdır? Həkimin vicdanını dərhal müəyyənləşdirmək mümkün olmadığı üçün, bu halda pasiyentlər diş həkimi seçərkən yüz ölçüb, bir biçməli, həkimin peşəkarlığı ilə yanaşı kabineti də diqqətlə gözdən keçirməlidirlər.

Stomotoloq da hazırda pasiyentlərin çox diqqətli olduğunu qeyd edir: “Bəzən müştərilər şübhə ilə yanaşır, biz onlara bütün lazımi proseslərin necə getdiyini göstəririk, alətlərin təmizliyi ilə tanışlıq onların bir nömrəli hüququdur”.

Diş ağrısından qurtulmaq istəyərkən xəstəlik tutmaq istəməyən pasiyentlər həkimin əllərinin təmizliyi dəqiqləşdirməlidir. Həmçinin, stomatoloqdan güzgü, əlcək, şpris, iri tibbi avadanlıqların ucluqları bir dəfəlik olmasını, istifadə olunacaq müalicə və ya diş çəkilməsində lazım olan kəlbətin, skalpel, elevator digər alətlərin təmizliyinə riayət olunmasını tələb etməlidir.

Bu hadisəyə nümunə olaraq xatırladaq – Hamının “Ələkbər əmi” kimi tanıdığı Ələkbər Hüseynov da oxşar hadisə nəticəsində dünyasını dəyişmişdi. Ailəsinin iddiasına görə, səfər öncəsi diş həkiminə gedən Ə.Hüseynov orada təmizlənməyən alət ucbatından hebatit C xəstəliyinə tutularaq, dünyasını dəyişib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 218. Maddəsində “Tibbi, kosmetoloji, bərbərxana xidmətləri zamanı qan və digər bioloji mayelərlə təmas nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirləri pozulmasına” dair cərimə tətbiq edilməsi nəzərdə tutulur. Qanunda  pozuntu zamanı fiziki şəxslərin 300 manat, vəzifəli şəxslərin 500-700 manat, hüquqi şəxslərin isə  2000-2500 manat arasında cərimə ödəməsi nəzərdə tutulub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here