Azərbaycanda lotereya bazarı BUMU… – Bir manata həyat dəyişə bilərmi?

Lotereya cəmi 1 manata. Maraqlısı budur ki hər gün minlərlə insan 1 manata həyatının dəyişəcəyini, daha çox gəlir əldə edəcəyini düşünür. Bunu qismət, şans, bəxt hər nəisə adlandırıb, hər gün cibində olan son manatını da lotoreya oynayanlar var. Bunun üçün çox uzağa deyil, elə “28 May” metrosunun yaxınlığına nəzər salmaq lazımdır. Hər gün minlərlərlə insan “bəlkə bu dəfə alındı” deyib, cibində olan zəhmətlə, əziyyətlə qazandığı pulu bu kağız parçasına verir. Qazananlar burada ən çox 100 manat qazandığını deyir, itirənlər isə, hər gün itirdikləri üçün bəlkə heç hesabını da aparmır…

 

Bir manata həyat dəyişə bilərmi?

Bəlkə də dəyişər. Ancaq bu gün, bu şəraitdə deyil. Bəlkə heç Azərbaycanda da deyil… Bu lotereyaların insanlarını həyatını dəyişməsi ilə bağlı reallıqlar qədim dövrlərdə qaldı. İndi qazanan da “yaxın” olur. Məsələn, aldığınız və keçirilməsini gözlədiyiniz lotoreyada cek-potu kim qazanır? Bunu heç düşündünüzmü? Araşdırdınızmı? Əlbəttə ki, bu kimin ağlına gəlir ki?

Hüquq ölkəsi olsaq da, əksəriyyətimiz müsəlmanıq. İnancımız İslama və Allahadır. Bəs dinimizin bu kimi oyunları haram hesab etdiyini bilirsinizmi? Dinimizə görə, pul ilə oynanılan istənilən oyun, hətta domino belə, qumar hesab edilir və haramdır. Əyləncə üçün oynadığınız oyunlar da qazanc məqsədi güdməməlidir.

İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kağızı pozmaqla qazanc gətirdiyi iddia edilən oyun da daxil olmaqla digər lotereyalar, eləcə də istənilən qumar alətləri haramdır. Hətta bunun böyük bir günah olması barədə Quran-i Kərimdə də qeyd edilib:

“İblisin bəndə üzərində hakimiyyətini təmin etməklə, Allahın qəzəbinə mübtəla olaraq, bəndənin üzünə cəhənnəm qapılarını açmış olur. Yəni Allah bu işi görənləri Şeytanın dostu adlandırır”.

İlahiyyatçının sözlərinə görə, imamlar da zamanında bu mövzuya toxunmuş, bu şeytani oyunlarla məşğul olanları “axmaq” və “ağılsız” adlandırmışdır. Çünki insanın ağlının göstəricisi onun halal zəhmətlə qazandığını şeytani oyunlara deyil, Allahı razı salan istiqamətlərə xərclənməsi ilə ölçülür. İnsanın qazancını xərclədiyi yerlərə baxaraq ağıllı və kamil olduğunu müəyyən etmək mümkündür.

“İmam Sadiq (ə) buyurur: qumar alətlərinə yaxınlaşaraq, şeytanı özünüzə hakim seçməyin. Bu iş, sizi Allahın mərhəmətindən uzaqlaşdıracaq və qəzəbinə düçar edəcək bir çirkin əməldir. İmam Rza (ə) buyurur: haram yollarla qazanc əldə edərək,özünüzün və ailənizin həyatini təhlükəyə atmayın. Çünki haram yolla qazanılan qazanc insanın özünə, ailəsinə böyük təhlükə yaradır. Allahın qəzəbini ev-əhlinə şamil edərək böyük bəla nazil edir. Məgər istərsinizmi özünüzə və ailənizə böyük bəlalar gəlsin? Bunun üçün də Allahın qəzəbini deyil də, mərhəmətini özünüzə və ailənizə bəxş edin”.

P.S. Müşahidələr göstərir ki, vətəndaşların cibinə mədəni şəkildə girən lotoreya oyunlarından qazananların sayı barmaqla sayılacaq qədərdir. İtirənlərin isə, saysız… Həm maddi, həm də mənəvi olaraq itirmək ağrıdıcı deyilmi? Bu dünyada pulunuzu itirirsiniz, Allah qarşısında günaha girmiş olursunuz. Deyirlər din ən güçlü siyasətdir. Dinlə bütün düşüncələrə qalib gəlmək mümkündür. Bəlkə bir düşünəsiniz?! Dəyərmi?

İlahin, Bizimyol.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir