Azərbaycanda TV-lərin reytinqi hərbi sirr kimi gizlədilir

Digər ölkələrdə tamaşaçılar televiziyaların, verilişlərin reytinqindən agah olur. Müxtəlif monitorinqlərlə televiziyaların reytinqləri müəyyənləşdirilir və nəticələr ictimailəşdirilir. Çox uzağa getməyək, elə qonşu Türkiyədə tamaşaçılar gündəlik reytinqləri izləyir və bu istiqamətdə fikirlərini ifadə edə bilirlər.
Azərbaycanda televiziyaların reytinqi niyə gizli saxlanılır?

Media eksperti Qulu Məhərrəmli Modern.az-a açıqlamasında bildirib ki, istənilən media qurumu reytinqləri öyrənə bilər:

“Reytinq əsasən televiziyaların populyarlığını, hər hansı verilişin baxımlılığını müəyyənləşdirmək üçün öyrənilir. Bizdə reytinqlər daxili bazar üçün hesablanır. Yəni televiziyalar reytinq şirkətləri ilə müqavilə bağlayır və onların istəyinə uyğun olaraq həftəlik, günlük reytinq cədvəli çıxarılır. Reytinqin tamaşaçıya birbaşa o mənada aidiyyatı var ki, tamaşaçı özü reytinqi müəyyənləşdirən mexanizmin əsas elementidir. Ona görə də reytinq haqqında ümumi məlumat verilə bilər. Azərbaycanda reytinqi öyrənən təxminən iki şirkət var. Onların tətbiq etdiyi mexanizm çox sadədir. Müəyyən adamların evlərində qurğular yerləşdirilir və onun vasitəsilə kimin hansı verilişə baxdığı qeydə alınır. İstənilən media qurumu bu məlumatları reytinq şirkətlərindən ala bilər.
Kriteriyalar nədir? Bu bir az mürəkkəbdir. Kriteriyaları müəyyənləşdirmək artıq sosioloji tədqiqatdır. Reytinq sosioloji tədqiqat üçün bir baza olur. Məncə Azərbaycan bunun daha populyar formaları var. Əslində Azərbaycanda televiziya proqramlarının baxımlılığını reytinq cədvəli olmadan da müəyyənləşdirmək olur.
Bütün televiziyalara reytinq nəticələri, gündəlik məlumatlar göndərilir. Sadəcə olaraq reytinq niyə mətbuata açıqlanmır, bunu müəyyənləşdirmək lazımdır. Mənə elə gəlir ki, reytinq gizli yox, açıq şəkildə aparılır”.

Teletənqidçi Zeynal Məmmədli düşünür ki, reytinqlər reklam fəaliyyətçisi, sahibkarlar üçün daha önəmlidir:

“Bu baxımdan onlar kanalların, verilişlərin reytinqlərini öyrənməkdə maraqlıdırlar. Reklam pullarının bölünməsi birbaşa reytinqlərlə tənzimlənir. Yəni reytinqlər əsasında sahibkarlar hansı televiziya ilə işləmək baxımından yekun qərarlarını verirlər. Amma Azərbaycanda reytinqlər sanki hərbi sirr kimi qorunur. Digər tərəfdən, bazarda monopoliya, inhisar mövcuddur. Bütün bunlar Azərbaycanda sərbəst bazarın olmadığının göstəricisidir. Belə olduğu halda reytinqlər də önəmli rol oynamır. Reytinqlərin açıqlanmaması, bazarda eyni metodologiya ilə reytinq ölçən şirkətlərin olması, ümumiyyətlə reytinq agentliklərinin olmaması vəziyyəti çox çətinləşdirir. Tamaşaçıların reytinqi bilib-bilməməsi önəm daşımır. Bunu reklam vermək istəyən sahibkarlar bilməlidir. Bu baxımdan vəziyyət arzuediləndən çox pisdir”.

Ekspert qeyd edib ki, cəmiyyətin yeganə problemi reytinq deyil:

“Həmçinin, bu gün Azərbaycan universitetlərində jurnalistika sahəsində təhsil alan gənclər televiziya menecmentini, ictimai münasibətləri öyrənirlər. Lakin reytinqlərin məlum olmadığı ölkədə onlar Azərbaycan bazarından necə agah ola bilərlər? Problem təkcə reytinqlə bağlı deyil. Azərbaycanda ümumiyyətlə açıqlanan sosioloji araşdırmalar da yoxdur. İnsanlar nəyə meyllidirlər, nəyin düzəldilməsini istəyirlər kimi məsələlərdən məlumatsızıq. Halbuki, Azərbaycan cəmiyyəti xırda cəmiyyətdir. Televiziyalar vətəndaşların nə istədiklərindən bixəbərdir. Buna görə də ayrı-ayrı rəylər olsa da, bütövlükdə cəmiyyətin rəyi formalaşa bilmir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.